Əlaqə Arxiv
news Image
2015.10.27
10:02
| A A A
26 heyvanda quduzluq xəstəliyinin daşıyıcı aşkarlanıb

Son vaxtlar canavarların insanların şəxsi təsərrüfatına ziyan vurması, həyatlarına təhlükə yaratması hallarına tez-tez rast gəlinir.  Bu yaxınlarda belə bir hadisə Saatlı rayonunun Əbilkənd kəndində qeydə alındı. Gecə saatlarında  kənd  sakini Mehman Orucovun  fərdi təsərrüfatına bir neçə canavar soxularaq 24 baş qoyun-quzunu parçalayaraq öldürüb, 5-ni yaralayıb, 6-sını isə aparıb.Ağsu rayonunda isə canavar insanlara hücum edib. Yırtıcı heyvanların basqını dağ kəndlərində yaşayan, insanların həm həyatını, həm də fərdi təsərrüfatlarını təhlükə altında qoyur. Dağlıq kəndlərdə yaşayan insanlar yırtıcı heyvanların quduz olması ilə bağlı narahatçılıq keçirdirlər. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin Movqe.az-a verdiyi məlumata görə, müraciət olduqda vəhşi heyvanlardan quduzluğa qarşı nümunələr götürülərək yoxlanılır: "Bu ilin 9 ayı ərzində respublika üzrə vəhşi heyvanlardan  34 nümunə götürülüb. 34 nümunədən 26-da quduzluq xəstəliyinin daşıyıcı aşkarlanıb". 

Y. Xanvəli bildirib ki, 251 min sahibli heyvan quduzluğa qarşı vaksinasiya edilib. Y. Xanvəli bildirib ki, bu ilin mart-aprel aylarında meşə və meşəətrafı ərazilərdə vəhşi heyvanların oral yolla vaksinasiyası aparılıb. Hazırda quduzluqla bağlı ölkədə vəziyyət sabitdir. 

O ki, qaldı insanlara və onların fərdi təsərrüfatına hücum edən yırtıcıların, canavarların ovlanmasına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyir ki, Azərbaycanda vəhşi heyvanların ov edilməsi qanunvericiliklə tənzimlənir: "Ov etmək istəyənlər, ov mövsümündə rayon  ekologiya idarələrinə müraciət edərək lisenziya alırlar. Amma ümumiyyətlə canavar və çaqqalların ovlanması qanunla qadağandır. Canavarların ovlanmasına o halda icazə verilir ki, insana hücum çəkib təsərrüfata ziyan vursun. Əgər belə hallar varsa, nazirliyin yerli ekologiya idarələrinə müraciət edilməlidir. Həmin idarələr tərəfindən həvəskar ovçular qrupu yaradılaraq canavarın ovlanması göstərişi verilir. Həmin heyvanın quduz olub-olmamasını müəyyən etmək üçün qrupa rayondan baytar həkim də daxil edilir".

İ. İbrahimova deyir ki, canavarlar təbiətin sanitarı sayılır. Ona görə də, mövcud şəraitdə ancaq çıxış yolu nazirliyin yerli ekologiya idarələrinə müraciətlərin edilməsindədir. Əgər təhlükə varsa, həmin idarələr tərəfindən həvəskar ovçular qrupu yaradılaraq canavarın ovlanması göstərişi verilir. 


Sizin Reklam Yeriniz