Əlaqə Arxiv
news Image
2015.10.28
13:46
| A A A
Narkoman qadınların müalicədən yayınmasının dəhşətli-SƏBƏBİ
Leyla Yolçiyeva: "Narkomanların sayı 28 655 nəfər göstərilsə də, qeyri-rəsmi statistikaya görə, 300 minə yaxındır" Musa Quliyev: "Bu bəlaya düçar olan hər insan onu ölümə sürükləyən bu bəladan qurtara bilmir"

Narkomaniya "ağ ölüm" saylılsa da, bu bəlaya düçar olanlardan çox az qismi onun pəncəsindən xilas olmağı bacarır. Bu səbəbdən də, narkomanlar arasında müalicəyə könüllü müraciət edənlərdən ancaq iradəsi möhkəm olanlar özlərini bu bəladan uzaqlaşdıra bilirlər. 2014-cü ilin statistik məlumatlarına görə, Azərbaycanda qeydiyyatda olan  28 655 nəfər narkomandan 23042 dispanser, 56142 isə profilaktik qeydiyyata alınıb. Səhiyyə Nazirliyinin məlumatına görə, Ədliyyə Nazirliyi tərəfindən 9 ay ərzində Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1882 nəfər göndərilib. Onlardan 1069 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib. Amma ölkədə narkomanların sayı və dispanser şəraitdə müalicə alanların statistikası heç də reallığı əks etdirmir. 


Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi rəhbərinin müavini Leyla Yolçiyeva Movqe.az-a açıqlamasında bildirib ki, rəsmi məlumatlara görə, hazırda ölkədə narkomanların sayı 28 655 nəfər göstərilsə də, qeyri-rəsmi statistikaya görə, 300 minə yaxındır: "Narkomanların sayı rəsmi statistikada göstəriləndən 5 dəfə çoxdur. Çünki, Azərbaycanda da, dünyanın əksər ölkələrində olduğu kimi, bu bəlaya düçar olanlar,  rəsmi qeydiyyata düşməkdən çəkinirlər. Məlumatlara görə, hazırda ölkəmizdə  666 narkoman anonim müalicə alır. Narkomanların anonim müalicə almasına səbəb adlarının gizli saxlanılması, yaxınlarının, qohumlarının onların narkoman olduğundan xəbər tutmaması ilə bağlıdır. Amma bu rəqəm də real rəqəm deyil. Ölkədə anonim müalicə alan narkomanların sayı 666-dan daha çoxdur. Bəzi narkomanlar özəl müəssisələrdə narkoloqlara müraciət edərək gizli müalicə alır".

L. Yolçiyeva deyir ki, ümumiyyətlə narkomanlar arasında könüllü müalicəyə müraciət edənlərin sayı elə də ürəkaçan deyil: "BMT-nin məlumatına görə, dünyada narkomaniyadan əziyyət çəkən hər 5 qadından biri, hər 6 kişidən biri müalicəyə könüllü müraciət edir".

Həmsöhbətimiz deyir ki, ümumiyyətlə narkomanların müalicə olunması bir sıra amillərlə bağlıdır. Onun sözlərinə görə, narkomaniyaya düçar olan qadınlar kişilərlə müqayisədə könüllü müalicəyə daha az müraciət edir: "Buna səbəb həmin qadınların çoxunun yüngül həyat tərzi sürməsi, narkomaniyadan xilas olmaq istəyinin olmamasıdır. Kişi narkomanlar arasında isə narkomaniyadan xilas olmağa səy göstərənlər daha çoxudur. Amma onların da heç də hamısı "ağ ölüm"ün pəncəsindən xilas ola bilmir. Bunun üçün güclü iradə mühüm iradə rol oynayır".

L. Yolçiyeva bildirir ki, müalicə prosesində narkomanın istifadə etdiyi narkotik maddənin növünün də rolu az deyil: " Dünya əhalisinin 247 milyon nəfəri narkotik maddə istifadəçisidir. Onlardan 146 milyonu daha ucuz olan çətənədən istifadə edirlər".

 L. Yolçiyeva bu gün narkotik maddə istifadəçilərinin islah müəssisələrinə göndərilməsinin də doğru olmadığı fikrindədir. Həmsöhbətimiz deyir ki, narkoman əvvəlcə narkoloji dispanserdə müalicə almalı, sağaldıqdan sonra həbsxanaya göndərilməlidir: "Narkomanların cinayət məsuliyyətinə cəlb olunaraq həbsxanaya göndərilməsi də düzgün deyil. Hər kəs başa düşməlidir ki, xəstənin yeri həbsxana yox, müalicə mərkəzidir. Ona görə də, narkomanlara qarşı alternativ cəzalar müəyyən olunmalıdır. Bunun üçün prsessual məcəlləyə və Cinayət Məcəlləsinə dəyişikliklər edilməlidir. Narkotik maddədən asılı şəxslər İslah Əmək Müəssisəsinə yox, müalicəyə cəlb olunmalıdır. Narkoistifadəçilər üçün Rablitasiya Mərkəzi yaradılmalı, onlar müalicə edildikdən sonra cəmiyyətə qaytarılmalıdır".

Millət vəkili Musa Quliyev isə narkomanların müalicə prosesinin heç də asan olmadığını söyləyir. Millət vəkili deyir ki, bu bəlaya düçar olan hər insan onu ölümə sürükləyən bu bəladan qurtara bilmir: "Bu gün Narkoloji Dispanserdə qeydiyyatda olan narkomanların müalicəsi aparılır. Amma narkomanların arasında elələri də var ki, özündə narkotik maddədən xilas olmaq gücünü tapa bilmir. Belələri müalicə üçün könüllü müraciət etmirlər". 

O ki, qaldı narkoman cinayətkarların həbsxanaya salınmasına, M. Quliyev deyir ki, hüquq-mühafizə orqanları qanunvericiliyə uyğun davranaraq cinayət törətmiş şəxs barəsində cinayət işi açır, məhkəmə qərarı əsasında cəzaçəkmə müəssisəsinə göndərirlər: "Cəzaçəkmə müəssisələrində narkomanlar müalicəyə cəlb olunur".  


Sizin Reklam Yeriniz