Əlaqə Arxiv
news Image
2015.10.29
08:00
| A A A
Azərbaycanda yeni tikinti bumu başlanır
İpoteka kreditləri ilə bağlı dəyişiklik mənzil sahibi olanların sayını artıracaq

Daşınmaz əmlak bazarında müəyyən müddətdir ki, müşahidə olunan durğunluq artıq sona çatmaq üzrədir. Dövlətin bu sahəyə yönələn vəsaiti ipoteka kreditləri vasitəsilə artırmaq üçün atdığı addımlar daşınmaz əmlak bazarında gələn ildən başlayaraq nəzərəçarpacaq dərəcədə canlanma yaradacaq. İpoteka kreditləşməsi ilə bağlı isə tamam yeni mərhələ başlanır.

Qeyd edək ki, "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında

Prezident İlham Əliyev müvafiq Fərman verib. Fərman ipoteka bazarında mühüm yeniliklərə, daah çox insanın mənzil sahibi olmasına gətirib çıxaracaq. Burada qeyd olunur ki, əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur. Son illər bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində mənzilə ehtiyacı olan əhali qruplarının ipoteka kreditlərinə çıxışının artması təmin edilib, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib. Lakin sözügedən sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir. Bunun üçün Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti yaradılır.

Fərmanda diqqəti çəkən "orta bazar qiyməti" anlayışıdır. Burada qeyd edilir ki, yaradılan Cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilir. Bu, olduqca mühüm məqam sayılır. Ekspertlər qeyd edirlər ki, vaxtilə maksimal 50 min manat müəyyən edilmiş ipoteka məbləği bu gün mənzil qiymətləri ilə uyğun gəlmir. Normal sahəsi olan mənzilin qiyməti 75-80 min manatdan yuxarıdır. Gözlənilir ki, yeni ipoteka şərtlərində maksimal məbləğ 2 dəfə atırılaraq 50 min manatdan 100 min manata qaldırılacaqdır. Lakin ehtimal olunur ki, "mənzillərə tələb artıb" adı ilə evlərin qiymətləri süni şəkildə artırılacaq və bir müddət sonra da 100 min manata mənzil almaq mümkün olmaya bilər. Məhz bu məqam hökumətin də diqqətindən qaçmayıb. Bu ehtimal əsas götürülərək "orta bazar qiyməti" üsulu tətbiq ediləcək. Yəni, hökumət orta bazar qiymətinin müəyyən edilməsi qaydasını təsdiq edəcək. Həmin qaydaya əsasən, hər bir şəhər və rayon zonalara bölünəcək və hər bir zonanın orta qiyməti müəyyən ediləcək. "Orta bazar qiyməti" süni qiymət artımının qarşısının alınması baxımından doğru tətbiq hesab edilə bilər. Çünki tikinti şirkətlərinin sahibləri mənzilləri satmaq üçün qiymətin "orta bazar qiyməti"aşağı olmasına çalışacaqlar və beləliklə, qiymətləri "tələb var" adı altında qaldıra bilməyəcəklər.

Fərmanda digər diqqəti çəkən bir yenilik, ipoteka kreditinin çoxmənzilli binalardakı yalnız təmir edilmiş mənzillərə görə verilməsidir. Eyni zamanda çomənzilli bina Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş olmalıdır, yəni qanunsuz tikinti olmamalıdır. Bu isə yeni mənzillərin tikintisini stimullaşdıracaq. "Marja"nın məlumatına görə, ipoteka kreditini fərdi evlərin alınması üçün də götürmək olacaqdır. Bir şərtlə ki, həmin ev məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış ev olsun. Yəni, evin düzgün sənədləri olmalıdır.

Bir çoxlarını yeni ipoteka şərtlərinin necə olacağı da maraqlandırır. Fərman ilə Nazirlər Kabinetinə, "Azərbaycan İpoteka Fondu" nun vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etmək tapşırılıb. Qeyd edək ki, artıq bu qaydaların hazır olduğu hökumət tərəfindən bəyan edilib. Həm maksimal illik faiz dərəcəsinin, ilkin ödənişin aşağı salınacağı və maksimal məbləğin 2 dəfə artırılacağı gözlənilir. Dövlət büdcəsindən ipotekaya ayrılan məbləğin isə ən azından 200 milyon manatdakə artırılması istisna olunmur. Artıq bununla bağıl Mərkəzi Bank rəhbərliyi tərəfindən də müvafiq məlumatlar səslənib. Bütün bunlar isə gələn ildən etibarən Azərbaycanda tikinti bumunun yenidən başlayağanı da deməyə əsas verir.



Sizin Reklam Yeriniz