Əlaqə Arxiv
news Image
2015.10.29
12:03
| A A A
Türkiyədən Azərbaycana deportasiya edilən fahişə qadınlardan QİÇS təhlükəsi-ARAŞDIRMA
Mehriban Zeynalova: "“Əgər həmin qadınlar insan alveri qurbanıdırsa, Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən qeydiyyata alınır və nəzarətdə saxlanılır” Afət Nəzərli: "Ölkəyə deportasiya olunan qadınlarda QİÇS-in aşkarlandığı onların deportasiya sənədində göstərilmir"

Bu günlərdə Türkiyədə fahişəliklə məşğul olan Azərbaycan vətəndaşları deportasiya edilib. Onlardan birində QİÇS virusu aşkarlanıb. Qeyd edək ki, Türkiyədə Azərbaycan vətəndaşları olan qadınların fahişəliklə məşğul olmasına dair dəfələrlə faktlar aşkarlanıb. Həmin qadınlar Azərbaycana deportasiya ediliblər.  Amma ölümcül virus daşıyıcıları olan qadınların Azərbaycana deportasiya edildikdən sonra o virusu yayıb-yaymadıqları, həmin qadınların aidiyyatı səhiyyə qurumları tərəfindən nəzarətə götürülüb-götrülməməsi qaranlıq qalır. Movqe.az Türkiyədə və başqa ölkələrdə fahişəliklə məşğul olarkən polisə yaxalanan həmin qadınların Azərbayacana deportasiyasından sonra onların QİÇS, hepatit B,C kimi xəstəlikləri ölkəmizdə yaymaq təhlükəsinin nə dərəcədə real olduğunu araşdırıb. 

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova Movqe.az-a açıqlamasında bildirib ki, başqa ölkələrdə fahişəliklə məşğul olduğu üçün ölkəmizə deportasiya olunan azərbaycanlı qadınların heç də hamısı nəzarətdə saxlanılmır: "Əgər həmin qadınlar insan alveri qurbanıdırsa, Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən qeydiyyata alınır və nəzarətdə saxlanılır".

M. Zeynalova deyib ki, eyni zamanda həmin qadınlar insan alveri qurbanı olduqlarından onlara tibbi xidmət paketi tətbiq edilir: "O qadınlar müvafiq tibb müəssisələrində qeydiyyata götürülür, yoluxucu xəstəlik daşıyıcıları olduqları təqdirdə, müyinə və müalicəyə cəlb edilərək nəzarətdə saxlanılırlar". 

M. Zeynalovanın sözlərinə görə, bu halda həmin qadınlara QİÇS xəstəsi olduğunu bilə-bilə bu virusu başqasına keçirtməyin məsuliyyəti izzah edilir: "Başa salınır ki, "Cinayət Məcəlləsinin 140-cı maddəsində insan immunçatışmazlığı virusu ilə yoluxdurma barədə hüquqi məsuliyyət nəzərdə tutulub. Qanunun 140.1.-də göstərilib ki, bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 140.2-bənddə bildirilir ki, insan immunçatışmazlığı virusu ilə yoluxmasını bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması— iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 140.3. bəndə görə, bu məcəllənin 140.2-ci maddəsində nəzərdə tutulmuş əməllər nəticəsində iki və ya daha çox şəxsi və ya yetkinlik yaşına çatmayanı insan immunçatışmazlığı virusu ilə yoluxdurma—beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Xaricdə fahişəliklə məşğul olduğu üçün Azərbaycana deportasiya edilən qadınlar QİÇS virusu daşıyıcısı olsa belə insan alveri qurbanı olmadığı, yüngül həyat tərzi keçirdiyi halda isə onların xəstəliyi öz ölkəsində yaymasına nəzarət olunmur. Movqe.az-a açıqlamasında Respublika QİCS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli deyib ki, ölkəyə deportasiya olunan qadınlarda QİÇS-in aşkarlandığı onların deportasiya sənədində göstərilmir. Buna görə də, həmin qadınlarda ölümcül virusun olduğu barədə Respublika QİCS-lə Mübarizə Mərkəzinə məlumat verilmir: "Həmin qadınlar özləri könüllü şəkildə bizə müraciət edib təkrar müayinədən keçməli, qeydiyyata düşməlidirlər".

Hüquqşunas Müzəffər Baxışov Movqe.az-ın əməkdaşı ilə söhbətində deyib ki, QİÇS təhlükəli xəstəlik olduğundan, beynəlxalq normalara görə, hansısa ölkədə əcnəbi vətəndaşda bu virus aşkarlanarsa, dərhal həmin şəxsin vətəndaşı olduğu ölkənin səhiyyə qurumlarına məlumat verilməlidir: "Beynəlxalq tələblərə görə, ölkələr öz qanunvericiliyini beynəlxalq normalara uyğunlaşdırmalıdır. Türkiyədə bu məsələnin necə tənzimləndiyi, qanunvericilikdə qeyd olunub-olunmadığını bilmirəm. Əslində tələblərə görə, hansısa şəxsdə QİÇS aşkarlanıbsa həmin şəxs deportasiya edildikdə, onun sənədində bu barədə qeyd aparılmalıdır. Azərbaycanda isə hüquq-mühafizə orqanları bu qeydi görüb aidiyyatı səhiyyə ocaqlarını məlumatlandırmalıdırlar".

Dövlət Miqrasiya İdarəsinin mətbuat xidməti ilə isə əlaqə yaratmaq cəhdlərimiz uğursuz oldu. Miqrasiya üzrə ekspert Azər Allahverənov isə deyir ki, beynəlxalq tələblərə görə, hansısa ölkənin ərazsində qanunsuz yaşayan miqrantda belə təhlükəli xəstəlik aşkarlanarsa, ona tibbi kart açılır: "Məsələn, Almaniyadan deportasiya edilən şəxslərin deporasiya sənədi ilə yanaşı tibbi kartı olur. Həmin kartda hansısa xəstəlik aşkarlanıbsa, bu barədə tibbi kartda qeydlər aparılır. Rusiyadan deportasiya edilənlərin sənədlərinə isə sadəcə qırmızı möhür vurulur. Türkiyədə indiyədək qanunsuz yaşayan və deportasiya edilən xarici ölkə vətəndaşlarının müxtəlif xəstəliklərə görə, tibbi müayinədən keçirilməsi və bu barədə məlumatların hazırlanmasına rast gəlməmişəm. Bununla belə deportasiya edilən şəxsə QİÇS xəstəsi olduğu barədə məlumat verilirsə, o öz ölkəsinə gəldikdən sonra aidiyyatı tibb müəssisəsində qeydiyyata düşməli, eyni zamanda bu təhlükəli virusu başqası ilə cinsi əlaqədə olaraq bilə-bilə keçirərsə bunun hüqiqi məsuliyyətini dərk etməlidir.  Bu cür hal Türkiyədən deportasiya edilən Azərbaycan vətəndaşlarında aşkarlanıbsa, Türkiyə tərəfi bu barədə Azərbaycanın səhiyyə orqnlarına məlumatlandırmalıdır. Azərbaycanda miqrantlarda hansısa dəri zöhrəvi xəstəlik aşkarlandığı təqdirdə, Ramanada yerləşən Dəri Zöhrəvi  xəstəxanasına göndərilir, orada müayinə və müalicəsi aparılır. Bildiyim qədər Azərbaycandan deportasiya edilənlərin də deportasiya sənədlərində xəstəlikləri qeyd olunmur".

Beləcə apardığımız kiçik araşdırma sonucunda bəlli oldu ki, xaricdə fahişəliklə məşğul olduğundan ölkəmizə deportasiya edilən Azərbaycan vətəndaşı olan qadınların QİÇS və hepatit kimi ölümcül virusları ölkəmizdə yaymaq təhlükəsi var. 

Xatırladaq ki, ANS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qaraman rayonu ərazisində ürk polisi əməkdaşlarına əcnəbi qadınları pul qarşılığında cinsi istismara məruz qalması barədə şikayət daxil olub. Dərhal əməliyyat aparan polis əməkdaşları 4 nəfər təşkilatçı olmaq şərtilə 7 qadını saxlayıblar. Onlardan biri əcnəbi olub. Saxlananlardan 3 Azərbaycan vətəndaşı qadını ölkədən çıxarılıb, digərləri isə həbs ediliblər. Ölkədən çıxarılan azərbaycanlılar - 34 yaşlı H.M, 43 yaşlı A.S və 36 yaşlı A.B-dır. Tibbi müayinədən keçirilən qadınlardan 43 yaşlı A.S.-da "frengi" adında cinsi yolla keçən xəstəlik aşkarlanıb. Bundan əvvəl də bu ilin yanvar ayında Türkiyədə fahişəliklə məşğul olan qadınlar saxlanılıb. Vanda keçirilən əməliyyat zamanı fahişəliklə məşğul olan 15 nəfər, onları bu işə məcbur edən 14 nəfər saxlanılıb. 

7 ünvana eyni zamanda edilən basqın zamanı saxlanılan 15 nəfərdən 8-i Rusiya, biri Gürcüstan, biri isə Azərbaycan vətəndaşları olublar.  Qadınları istismar edənlər arasında da azərbaycanlı olub. Səhiyyə ocağına aparılan qadınlar yoxlamadan keçirilib. Yoxlama zamanı Azərbaycan vətəndaşı qadının QİÇS virusu daşıdığı ortaya çıxıb. Onun daha öncə Türkiyədən deportasiya edildiyi, lakin qanunsuz yollarla yenidən ölkəyə giriş etdiyi bəlli olub. 


Sizin Reklam Yeriniz