news Image
2015.11.01
13:22
| A A A
Beynəlxalq müşahidəçilər seçkilərin gedişindən razıdırlar

Azərbaycanda parlament seçkiləri seçicilərin fəallığı şəraitində davam edir.

Movqe.az Secki-2015.az saytına istinadən məlumat verir ki, bunu 19 saylı Nərimanov birinci seçki dairəsinin bir neçə seçki məntəqələrində olan beynəlxalq müşahidəçilər - Mərkəzi Asiya Sakit Okean Demokratlar İnternasionalının (CAPDİ) müşahidə missiyasının üzvləri Ervin Aksa və Yasril Ananta Baharuddin qeyd edib və seçkilərin gedişindən razı olduqlarını bildiblər.

E.Aksa deyib ki, səs verənlər məntəqələri razılıq hissi ilə tərk edirlər: "Bunun başlıca səbəbi seçkilərin şəffaf və demokratik keçməsidir. Biz insanların seçki məntəqələrinə gələrək sərbəst şəkildə öz iradələrini ifadə etdiklərinin şahidi olduq. Vətəndaşlar səsvermə hüquqlarından istifadə edərək istədiyi namizədi dəstəkləmək üçün məntəqələrə gəlirdilər".

Y.Ananta Baharuddin isə qeyd edib ki, baş çəkdiyimiz məntəqələrdə seçki prosesi beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilir: "Həmin məntəqələrdə nizam-intizam hökm sürürdü. Heç bir mübahisənin, xoşagəlməz halın şahidi olmadıq".

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.