Elnur Aslanov: “Bu, cəfəngiyatdır”
"İnternetə nəzarətlə bağlı hər hansı bir addımın atılması heç vaxt
səmərə verməyəcək" "Azərbaycanda internetdən azad istifadənin
şərtləri təmin edilib, vətəndaşların fəaliyyət imkanları
genişlənib. Bu gün əhalinin 65 faizi internetdən istifadə edir, 1
milyondan artıq insan "Facebook" istifadəçisidir, digər sosial
platformaların istifadəçilərinin sayı isə günbəgün artır". APA-nın
məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının siyasi
təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov
deyib. Onun sözlərinə görə, ölkədə və mobil operatorlarda
internetdən istifadə qiymətləri kifayət qədər aşağıdır: "Bu
göstəricilər Azərbaycan dövlətinin liberal mahiyyətini göstərməklə
yanaşı, əhalinin internetə çıxışının təmin edilməsinin, onların
məhdudiyyətsiz internet imkanlarından azad şəkildə istifadə
etməsinin bariz nümunəsidir. İnternet sahəsində azadlıq və
şəffaflıq Azərbaycan Respublikasının qanunvericiliyinə və insan
hüquqları sahəsində üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə
uyğun olaraq təmin edilir. İnternetdə aparılan fikir mübadiləsi,
məlumatların paylaşması vətəndaşların ifadə azadlığından daha geniş
müstəvidə istifadə etməsi anlamına gəlir. Bunların hamısını acıq və
şəffaf şəkildə həyata keçirilir". Elnur Aslanov qeyd edib ki,
BMT-nin təşkil etdiyi İnternet İdarəçilik Forumunun Bakıda
keçirilməsi isə Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi
nailiyyətlərin beynəlxalq tərəfdaşlarla paylaşmasına imkan verir:
"Eyni zamanda belə Forumlar vasitəsilə biz yeni ideyalar,
mexanizmlər, e-demokratiyanın Azərbaycanda təkmilləşdirilməsi
yollarını müzakirə edirik. Belə olan halda Azərbaycanda internetə
dövlət nəzarətinin mövcudluğunu iddia etmək boş cəfəngiyatdan başqa
bir şey deyil. Kiminsə fikir və mülahizələri onun subyektiv
düşüncəsidir və qərəzli mövqedən qaynaqlanır, Azərbaycanın imicinə
zərbə vurmaq məqsədi daşıyır. Bu əlbəttə çox təəssüfləndirici
haldır. Azərbaycanın üzləşdiyi problemləri gündəmə gətirmək
əvəzinə, yalan və təhrif edilmiş məlumatların yayılmasına rəvac
vermək heç bir məntiqə sığmır. Hər şeydən öncə bilmək lazımdır ki,
internetə nəzarətlə bağlı hər hansı bir addımın atılması heç vaxt
səmərə verməyəcək. Yeni texnologiyaların inkişafı məhdudiyyətləri
aşmağa imkan verir". PA rəsmisi bildirib ki, Azərbaycanın xarici
siyasətinin prioritetlərindən biri Avropa institutlarına
inteqrasiyadır: "Bu inteqrasiya daha geniş xarakter daşıyır və
Azərbaycan vətəndaşlarının hərtərəfli inkişafının təmin edilməsini,
onların Avropa ölkələrinin vətəndaşları kimi bütün imkanlarından
istifadə etmək bacarığına malik olmasını şərtləndirir. İnkişaf
anlayışı ilk növbədə insanın imkanları ilə ölçülür. Bunu nəzərə
alaraq dövlət insan kapitalının inkişaf etdirilməsini əsas strateji
məqsəd kimi təyin edib. Bu isə insanların texnoloji tərəqqinin
bütün nailiyyətlərini tam mənimsəməsini şərtləndirir. Azərbaycan
insan kapitalının formalaşması çərçivəsində vətəndaşların
məhdudiyyətsiz internetdən istifadəsini təmin edir və edəcək. Bu
cənab prezidentin müəyyənləşdirdiyi prioritet istiqamətdir və
Azərbaycanın gələcək inkişafının təməlidir".