Əlaqə Arxiv
news Image
2012.11.15
11:45
| A A A
Azərbaycanın Tədqiqat Nüvə Reaktorundan hələ bir xəbər yoxdur

Azərbaycanda nüvə reaktorunun tikintisi hələ ötən əsrin 80-ci illərindən planlaşdırılsa da, bunun reallaşması hələ də mümkün olmayıb. Bakının yaxınlığındakı Nəvahi qəsəbəsində inşası nəzərdə tutulan reaktorun inşasına dair plan 1986-cı ildə Çernobılda baş verən qəzadan sonra təxirə salınmışdı. 

Müstəqillik əldə etdikdən sonra ölkədə Tədqiqat Nüvə Reaktorunun tikintisi gündəmə gəldi. Bununla bağlı Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) müraciət də etmişdi. MAQATE-nin nümayəndələri Radiasiya Problemləri İnstitutunun müraciətinə cavab olaraq bildiriblər ki, reaktorun tikintisi üçün öncə layihə hazırlanmalıdır və daha sonra işin mümkünlüyü araşdırıla bilər. 

Radiasiya İnstitutunun direktoru Adil Qəribov daha əvvəl mediaya bildirib ki, Tədqiqat Nüvə Reaktoru elmi xarakter daşıyır: "Bu sahə üzrə ixtisaslaşmış kadrlarımız var. Daha sonra bizim Nüvə Reaktorundan enerji almağı düşünürük. Neft tükənəndən sonra Azərbaycan ciddi enerji problemi ilə üzləşə bilər. Həmçinin Atom Elektrik Stansiyasından alınmış enerji neft-qazdan alınmış elektrik enerjisindən haradasa 10-15 faiz ucuzdur. Düşünürəm ki, ölkədə 30 MVt gücündə nüvə reaktoru tikilməlidir".

Ekspertlər hesab edir ki, Azərbaycanda nüvə reaktorunun tikintisi tezləşdirilməlidir. "Ekoenergetika" Akademiyasının prezidenti Fəqan Əliyevin sözlərinə görə, hökumət hələ ki, nüvə reaktorunun tikintisilə bağlı mövqeyini açıqlamayıb: "Ermənistan 1000 MVT-luq AES inşa etmək istəyir, biz isə hələ təcrübə xarakterli reaktorun tikintisinə başlamamışıq.  Məndə olan məlumatlara görə, nüvə reaktorunun tikintisilə bağlı aidiyyatı beynəlxalq qurumlarla danışıqlar aparılır. Amma danışıqların gedişi açıqlanmır. Ola bilsin ki, Ermənistanın bu prosesə müdaxiləsinin qarşısını almaq üçün təfərrüatlar ictimaiyyətə açıqlanmır. Çünki Ermənistan tərəfi hesab edir ki, Azərbaycanın nüvə sənayesi sahəsində təcrübəsi olmadığı üçün bu ölkəyə belə reaktor tikmək üçün icazə vermək olmaz. Mən isə düşünürəm ki, rektor tikilə bilər, sonradan isə bunun əsasında AES yaradılması məqbul deyil, bizim AES-ə ehtiyacımız yoxdur. Ermənistanın AES-i də sökülməlidir. Həmin stansiyasının istismar müddəti bitib. Onlar ləğv olunmalıdır. Bu gün bütün dünya nüvə sənayesini ləğv etmək barədə düşünür. Yaponiya kimi elmin son dərəcədə inkişaf etdiyi ölkədə AES-də sızmalar oldu. Ermənistan kimi ölkələr bu kimi mürəkkəb sənayeni idarəetmək gücündə deyillər. Yaxşı olardı ki, biz alternativ enerji mənbələri olan günəş və külək stansiyaları barədə düşünək. Vaxt gələcək AES-lər lazımsız stansiya olaraq qalacaq".    

Bütün bunlarla yanaşı, F.Əliyev düşünür ki, MAQATE Azərbaycanda Tədqiqat Nüvə Reaktorunun tikintisində maraqlıdır: "Azərbaycan bu təşkilatla yaxından əməkdaşlıq edir. Amma bölgəmiz həddindən artıq mürəkkəbdir. Bir tərəfdən İran nüvə sənayesini inkişaf etdirir  və beynəlxalq təzyiqlərlə üzləşir, digər tərəfdən Ermənistanın AES-nin bağlanması məsələsi var. Azərbaycanda həm də Rusiya RLS-nin bağlanmasının tərəfdarları olanlar kifayət qədərdir. Çünki RLS-də özlüyündə nüvə sənayesinə aiddir".

Sizin Reklam Yeriniz