news Image
2012.11.15
11:58
| A A A
Şimali Qafqazın iş adamları bizneslərini Azərbaycana köçürürlər

Rusiyanın ən gərgin bölgələrindən olan Şimali Qafqazdakı siyasi çalxalanmalar, terror aktları iqtisadi proseslərə də mənfi təsirini göstərir. Münaqişəli bölgənin iqtisadi infrastrukturu iflic vəziyyətində olduğundan buradakı iş adamları öz bizneslərini qorumaq və gəlirlərini artırmaq üçün başqa ərazilərə üz tutmalı olurlar.

Bu fonda  Şimali Qafqazda yaşayan bir sıra iş adamalarının biznes əlaqələrini Azərbaycanla qurmasına dair məlumatlar yayılmaqdadır. Bu müxtəlif səviyyələrdə olur. Ticarətlə məşğul olanlar satdıqları malların böyük əksəriyyətini Bakıdakı "Binə" və "Sədərək" ticarət mərkəzlərindən alırlar. Daha böyük biznesə sahib olanların bir qismi isə ümumiyyətlə, fəaliyyətlərini Azərbaycana köçürmək istiqamətində ciddi addımlar atırlar.   Azərbaycanda siyasi sabitlik, kriminogen durumun nəzarət altında olması, iş adamlarının, investorların hüquqlarının yüksək səviyyədə müdafiə olunması buradakı biznes mühitini daha cəlbedici edir. Şimali Qafqaz xalqlarının biznesmen nümayəndələrini Azərbaycana cəlb edən məhz ölkədə sağlam investisiya mühitinin olmasıdır və dini yaxınlıqdır. Qeyd olunanlar ilk növbədə Dağıstandan olan iş adamlarına aiddir.

Qeyd edək ki, Rusiya Federasiyasının Şimali Qafqaz regionu ilə Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirmək üçün bir neçə dəfə hökumətlərarası müzakirələr aparılıb. Bir neçə il öncə Mahaçqalada Rusiya-Azərbaycan biznes forumunun keçirilməsi bunun bariz nümunəsi idi. Dağstan, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Çeçenistan, İnquşetiya və s. bölgələrdən olan iş adamlarının bir hissəsinin Azərbaycanda biznesə malik olmaq niyyətləri isə heç kimə sirr deyil.

Ekspertlər hesab edir ki, Rusiya bazarlarına daxil olmaq, biznesini inkişaf etdirmək olduqca çətindir. Həm də ona görə ki, Şimali Qafqazdan olan iş adamları hökumətin bürokratik əngəllərilə üzləşirlər, onlara qarşı ögey və bir qədər də qorxulu münasibət mövcuddur.

İqtisadçı ekspert Zöhrab İsmayıl hesab edir ki, əgər Azərbaycanda daha sağlam investisiya mühiti yaradılsa, təkcə Şimali Qafqaz deyil, Rusiyanın bütün məntəqələrindən sahibkarlar ölkəmizə axışar: "İndiki halda düşünürəm ki, Şimali Qafqazda yaşayan xalqlar daha çox ərazi yaxınlığını nəzərə alaraq Azərbaycana üz tuturlar. Onların ölkəmizdə iri biznes layihələrində iştirakının şahidi olmamışam. Amma Şimali Qafqazda Azərbaycanın iş adamlarının müxtəlif biznes obyektlərinin olması barədə məlumatlıyam. Şimali Qafqazın ayrı-ayrı bölgələrində tikinti, mədən sənayesi, kənd təsərrüfatı sektorlarına investisiya yatıran azərbaycanlılar mövcuddur. Şimali Qafqaz sakinləri ölkəmizə geyim, qab-qacaq almaq üçün gəlirlər. Həmin məhsulların bir çoxu Türkiyə və İrandan gətirilir".

Ekspert hesab edir ki, Azərbaycanda investisiya mühitini cəlbedici edən şərtlər sırasında milli valyutanın dayanıqlığı, siyasi sabitliyin olması başlıca rol oynayır: "Sahibkarlığın inkişafı sahəsində atılan addımlar müəyyən qədər öz bəhrəsini verməkdədir. Amma bu sahədə islahatları daha da dərinləşdirmək lazımdır. Konkret bir neçə xarici investorlar var ki, onlar əvvəlki illərdə öz fəaliyyətlərini dayandırıblar. Onların açıqlamaları bəzən digər xarici investorları qorxudur. Lakin sərbəst şəkildə Azərbaycanda biznes uğuru əldə edənlərin sayı kifayət qədərdir. Şimali Qafqazın binesmenləri də Azərbaycanda invesitisiya yatıra bilərlər".