Əlaqə Arxiv
news Image
2012.11.15
11:26
| A A A
Sosial evlər mənzil probleminə son qoya bilər
Ruslan Atakişiyev: “Bazar iqtisadiyyatı şəraitində yaşasaq da həssas qruplara yönəlik hansısa sosial fəaliyyətimiz mentalitet və mənəvi dəyərlər baxımından mühüm bir məsələdir” Rövşən Talıbzadə: “Sosial kirayə bütün detalları ilə Mənzil Məcəlləsində əks olunub”

Xəbər verildiyi kimi, Milli Məclisdə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı vətəndaşların mənzillə təmin olunması üçün sosial evlərin tikilməsini təklif edib.

Deputat həmçinin, sosial evlərin tikilməsi üçün dövlət şirkətinin də yaradılması təklifini də irəli sürüb. M. Qurbanının sözlərinə görə, dövlət büdcəsindən ayrılan vəsait hesabına şirkətin tikdiyi evlər vətəndaşlara uzun müddətə aşağı qiymətlərlə icarəyə verilə bilər. Deputat həmçinin qeyd edib ki, ölkədəki mənzil məsələsinin həll olunmasına dövlət büdcəsi imkan verir və gələcəkdə bu təklif müzakirəyə çıxarılmaldır. Xatırladaq ki, hazırda ölkəmizdə aztəminatlı ailələrin evlə təmin olunması məqsədi ilə artıq 6 ildir ki, ipoteka krediti həyata keçirilməkdədir. Ekspertlər də millət vəkili tərəfindən irəli sürülən fikri təqdirəlayiq hesab edirlər.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyevin sözlərinə görə, sosial evlərin əhaliyə uzun müddətli kirayə verilməsi və bir müddətdən sonra isə həmin evlərin alan şəxsin mülkiyyətinə keçməsi bir sıra təbəqə üçün əlverişli olar: "Bunlar internat məktəblərini bitirən, valideyn himayəsindən məhrum olmuş, əlillər, şəhid və başçısını itirmiş ailələr üçün faydalı lahiyə sayılır. Yəni, əhalinin həssas qruplarını bu yollarla himayə etmək daha münasibdir. Əslində, bazar iqtisadiyyatı şəraitində yaşasaq da həssas qruplara yönəlik hansısa sosial fəaliyyətimiz mentalitet və mənəvi dəyərlər baxımından mühüm bir məsələdir. Həm də bu gün Azərbaycanın gəlirlərinin inkişaf etdiyi baxımından belə bir dəstəyi göstərmək mühümdür. Amma həssas qruplara ünvanlanmış evlərin tikilib verilməsi zamanı dürüstlüyün saxlanılması məsələsi vacibdir. Yəni, şəffaflıq, seçim meyarlarının düzgünlüyü, cəmiyyətə açıqlıq, etibarlıq, hesabatlılıq məsələləri sona qədər qorunmalıdır. Ona görə də bu məsələlərin yaxşı şəkildə işlənilməsinə ehtiyac var ki, imkanı olanlar həmin evlərə sahib çıxa bilməsinlər. Digər tərəfdən isə həmin evlər uzun müddət kirayə verildiyinə görə, müəyyən vaxtdan sonra manatın yolverilən dəyərdən düşməsinin tənzimlənməsi məsələsi də var. Bu isə sadə indeksləşdirmə yolu ilə həyata keçirilə bilər. Nəticədə də müəyyən olunmuş vəsait illər öncədən mənzilin qiyməti kimi müəyyənləşdirilə bilər. Həmin vəsait də müqavilə bağlanan zaman əvvəlcədən göstərilə bilər".

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin üzvü Rövşən Talıbzadə isə bildirdi ki, bunun şərtləri ipotekanın şərtlərindən xeyli yumşaqdır: "Həmçinin bu, bütün detalları ilə Mənzil Məcəlləsində əks olunub. Məcəlləyə əsasən, sosial kirayə aztəminatlı ailələr üçün nəzərdə tutulub. Bu məqsədlə vətəndaşların aztəminatlı hesab edilib - edilməməsi üçün ailə üzvlərinin adambaşına düşən gəlirlərinin miqdarını və ailə üzvlərinin mülkiyyətində olan vergiyə cəlb olunan əmlakının dəyərini bələdiyyə orqanları müəyyənləşdirir. Məcəlləyə əsasən, yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar, eləcə də, ailədə adambaşına düşən yaşayış sahəsi uçot normasından azdırsa, həmin ailələr sosial kirayəyə ehtiyacı olanlar hesab edilir".

Rövşən Talıbzadə qeyd etdi ki, vətəndaşlar sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi almaq üçün yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmalıdırlar: "Əgər vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq üçün bir neçə əsası varsa, o bu əsaslardan ya biri üzrə, ya da bütün əsaslar üzrə uçota alına bilər. Vətəndaşların sosial kirayə üçün uçota alınması ilə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə məşğul olur. Bunun üçün uçota durmaq istəyənlər həmin orqanlara ərizə və uçota durmaq hüququnu təsdiq edən sənədlərlə müraciət etməlidirlər. Ərizəni alan orqan vətəndaşın uçota alınması və ya ondan imtina barədə qərarını ərizənin qəbulundan keçən 30 gün ərzində qəbul etməli və 3 gün ərzində bu qərar barədə ərizəçiyə məlumat verməlidir. Uçota almaqdan o halda imtina oluna bilər ki, ərizəçi lazımi sənədləri təqdim etməsin, ya da təqdim edilən sənədlər onun uçota durmaq hüququnu təsdiqləməsin. İstənilən halda vətəndaşın bu qərardan məhkəməyə şikayət etmək hüququ var.

Məcəllədə sosial kirayə almaq üçün yaşayış şəraitini qəsdən pisləşdirmənin də qarşısını almaq üçün mexanizmlər nəzərdə tutulub. Belə ki, kimsə uçota durmaq üçün yaşayış şəraitini qəsdən pisləşdirərsə, o ən tezi 5 ildən sonra uçota götürülə bilər".

Ekspert onu da bildirdi ki, sosial kirayədə qalan kirayəçilərin yaşayış sahəsinə ailələrini (həyat yoldaşı, uşaqları və valideynlərini) və digər şəxsləri köçürtmək, yaşayış sahəsini ikinci əldən kirayəyə vermək, yaşayış sahəsində müvəqqəti sakinlərin yaşamasına icazə vermək, yaşayış sahəsini dəyişdirmək və ya başqası ilə əvəz etmək və s. hüquqları var: "Bir şərtlə ki, köçürülmə nəticəsində burada adambaşına düşən yaşayış sahəsi normadan az olmasın. Kirayəçilər sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrini dəyişdirə bilər. Belə yaşayış sahələri ölkənin həm eyni, həm də ayrı-ayrı yaşayış məntəqələrində yaşayan vətəndaşlar arasında dəyişdirilə bilər.

Sosial kirayəçilərin ən maraqlı hüquqlarından biri ona sosial kirayəyə verilən yaşayış sahəsini başqasına (ikinci əldən kirayə) kirayəyə verə bilməsidir. Məcəlləyə əsasən kirayəçi onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və kirayəyə verənin yazılı razılıqları ilə yaşadığı yaşayış sahəsinin bir hissəsini, müvəqqəti başqa yerə getdikdə isə bütün yaşayış sahəsini ikinci əldən kirayəyə verə bilər. Bir şərtlə ki, bu müqavilə nəticəsində adambaşına düşən yaşayış sahəsi normadan az olmasın. Bu zaman ikinci əldən kirayə şərtləri, kirayə haqqı və onun ödənilməsi forması tərəflər arasında razılşama ilə müəyyən edilir. Bundan başqa məcəlləyə əsasən sosial kirayəçi və yaxud onunla birlikdə yaşayan ailə üzvləri kirayəyə verəni qabaqcadan xəbərdar etməklə sosial kirayədə yaşadıqları mənzildə müvəqqəti sakinlər qismində digər vətəndaşların yaşamasına da icazə verə bilərlər. Müvəqqəti sakinlərin yaşayış sahəsində yaşadıqları müddət ardıcıl olaraq altı aydan artıq ola bilməz. Kirayəyə verən tərəf müvəqqəti sakinlərin yaşamasını o halda qadağan edə bilər ki, onlar köçəndən sonra mənzildə adambaşına düşən yaşayış sahəsi normadan az olsun".

Sizin Reklam Yeriniz