Əlaqə Arxiv
news Image
2012.11.20
13:31
| A A A
Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrin sayı azalıb

"Bu ilin 10 ayı ərzində istehsalatda baş verən bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli azalıb.

Belə ki, bu il istehsalatda 170 hadisə baş verib, keçən il isə belə halların sayı 217 olub". Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev deyib.

Onun sözlərinə görə, bədbəxt hadisələr nəticəsində bu il dünyasını dəyişənlərin də sayı azalıb. Keçən il həlak olanların sayı 83 nəfər idisə, bu il onların sayı 66 nəfər olub: "Əlbəttə, bununla biz özümüzü tərifləmək istəmirik. Ən azı kiçik bir zərərçəkməyə görə də biz məsuliyyət daşıyırıq. Lakin işçilərin təhlükəsizliyinin təminatına Dövlət Əmək Müfəttişliyi Xidməti yox, işəgötürənlər cavabdehdir".

R.Tağıyev qeyd edib ki, bədbəxt hadisələrin daha çox harada qeydə alınmasını demək çətindir. Onun sözlərinə görə, bu il baş verən bədbəxt hadisələrin 65-i tikinti sektorunda olub. Dünyasını dəyişən 66 nəfərdən 32-si tikinti sektorunda çalışan şəxslər olub: "Bunlar da əsasən yüksəklikdən yıxılma nəticəsində olub. Bunun da əsas səbəbi tikintidə işləyənlərin fərdi mühafizə vasitələri ilə təmin olunmaması, müvafiq təhlükəsizliyi yaradan çəpərləmə işinin tam olaraq yerinə yetirilməməsidir. Bu problemlər cəmiyyət yaranandan var. İnsanın cavabdeh olduğu sahəyə məsuliyyətlə yanaşması lazımdır. Düşünürəm ki, təhlükəsizlik normalarına dəqiq əməl olunsa, heç bir bədbəxt hadisə baş verməz".

Sizin Reklam Yeriniz