news Image
2012.11.20
14:02
| A A A
Azərbaycana 0 kilometrajlı adı ilə işlənilmiş avtomobillər gətirilir?

Azərbaycana gətirilən xarici avtomaşınlarla bağlı daha bir müzakirə mövzusu ortaya çıxıb. Xüsusilə yeni avtomobillərlə bağlı. Bəzi mütəxəssislər ölkəyə gətirilən yeni maşınların yeni, yəni işlənmiş olmadıqlarına tam əmin deyil. Onlar ölkəyə idxal olunan yeni avtomobillərin nəzarət üçün xüsusi texnologiyalardan istifadə edilməklə, həyata keçirilməsini vacib hesab edir.

Azərbaycana gətirilən 0 kilometrajli avtomobillərin yoxlanması texniki vasitələrlə deyil, yalnız ötəri baxışla həyata keçirilir. Bu, ölkəyə yeni adı ilə gətirilən avtomobillərin bazara daxil olmasına imkan yarada bilər. Bu məsələ Türkiyəyə il ərzində 5 000 belə tipli avtomobilin idxal olunmasından sonra ölkəmizdə də aktuallaşıb. Azərbaycana isə avtomobillər ya iri avtokonsernlərin rəsmi nümayəndəliyi, ya da ayrı-ayrı şəxlər tərəfindən gətirilir. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı ölkədə bu sahədə heç bir araşdırma aparılmadığından 0 kilometrajlı avtomobillərin əslində köhnə olub-olmaması ilə bağlı fakt olmadığını bildirir. Lakin bu cür avtomobillərin satışda olması istisna deyil. 

Avtomobil satışı ilə məşğul şəxslər isə xaricdən gətirdikləri avtomobillərin yeniliyinə tam əmin olduqlarını bildirir.

Avtomobilin köhnə olmasını adi göz yoxlaması ilə müəyyən etmək mümkün deyil. Bunu yalnız xüsusi kompüter texnologiyaları ilə aşkarlamaq mümkündür. 

Ölkəyə idxal olunan yeni avtomobillərə nəzarət üçün ekspertlər xüsusi texnologiyalardan istifadə edilməklə həyata keçirilməsini vacib hesab edir. 

Qeyd edək ki, 2012-ci ilin 8 ayında ölkəyə ümumilikdə 48 min avtomobil gətirilib.