Əlaqə Arxiv
news Image
2012.11.21
11:15
| A A A
Ət yenə baha satılır

Vahid Məhərrəmov: "Heyvandarlıqda yem kimi istifadə edilən həm otun, həm də qüvvəli yemin - arpa, buğda, qarğıdalının qiyməti  qalxıb"

Zöhrab İsmayıl: "Ət və ət məhsullarının istehsalı özəl sektor tərəfindən həyata keçirildiyindən qiymətlərin baha olmasının qarşısını almaq çətin məsələdir"


Araşdırmalar göstərir ki, MDB məkanında ət və ət məhsullarının qiymətinin kifayət qədər yüksək olduğu ölkələrdən biri də Azərbaycandır. Belə ki, bu gün paytaxt bazarlarında 1 kq mal əti 8-9, həmin çəkidə olan qoyun əti isə 10-11 manat arasında dəyişir. Bu qiymətləri bəzi mağazalarda isə daha baha görmək mümkündür. 

Onu da xatırladaq ki, hazırda ölkəmizdə kifayət qədər yerli istehsalla yanaşı Hindistan, Braziliya, Argentina və bir sıra digər ölkələrdən də ət gətirilməkdədir. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, bizdə son vaxtlar statistikada daxili istehsalın artımı göstərilir: "Amma bununla yanaşı həm də idxal artır. Qiymətlərin yüksək olmasına əsas səbəb, son zamanlar daxili istehsalda heyvandarlıqda yem kimi istifadə edilən həm otun, həm də qüvvəli yemin - arpa, buğda, qarğıdalının qiymətinin qalxmasıdır. Biz həm də ət idxal edirik. Kəsim üçün gətirilən iri buynuzlu mal - qara daha çox Gürcüstandan olur. Elə keçən il kəsim üçün idxal olunan mal - qaranın sayı 10 min başı keçmişdi. Həmçinin idxal olunan hər bir iri buynuzlu mal - qaraya gömrük məntəqəsində 15 faiz rüsum tətbiq edilir. Həmin rüsum da təqribən 200 ABŞ dolları həcmində vəsait deməkdir. Bu daxili sitehsalı müdafiə etmək üçün aparılan siyasətdir. Lakin ölkə  daxilində o qədər də rəqabət yoxdur. İdxal olunan ət məhsulları da rəqbətə imkan yaratmalıdır. Amma bunu edə bilmir. Çünki, idxal olunan bir baş mal - qaraya 15 faiz rüsum tətbiq olunur. Bunu da çəkiyə böləndə daşıma xərci ilə bərabər 1.5 manat hər bir malın çəkisinə dəyər gətirir. Belə olan halda ətin qiymətini daxili bazarda ucuzlaşdırmaq mümkün deyil".

Ekspert bildirir ki, bu sahəni inkişaf etdirmək üçün möhkəm yem bazası yaratmaq lazımdır: "Bundan başqa bizdə istifadə olunan yemin keyfiyyətini yüksəltməliyik. Çalışmaq lazımdır ki, idxal rüsumları da endirilsin ki, bu sahədə idxal sərbəst olsun. Bundan başqa rəqabət mühitini artırmaq lazımdır. Çünki, bu gün biz 1 kq diri çəkini 4- 5 günə alırıq, halbuki digər ölkələrdə həmin diri çəkini bir gündə alırlar. Bundan başqa südlük istiqamətdə müəyyən cəhdlər olsa da, bizdə ətlik istiqamətində cins mal - qara yox səviyyəsindədir. Belə olanda da biz ət məhsullarına olan tələbatımızı kifayət qədər ödəyə bilmirik. Yəni, fiziki durumunu təmin etmək üçün hər bir insana 84 kq norma olduğu halda, biz 30 kq-a çatdırmışıq. Bu da minimum norma deməkdir".

İqtisadçı ekspert Zöhrab İsmayılovun sözlərinə görə, qiymətlərin baha olmasının qarşısını almaq çətin məsələdir: "Çünki, ət və ət məhsullarının istehsalı özəl sektor tərəfindən həyata keçirilir. Ona görə də burada hansısa bir qiymət tənzimlənməsindən söhbət gedə bilməz. Qiymətlərin aşağı salınmasını ancaq iqtisadi üsullarla etmək mümkündür. Ölkəyə idxal zamanı idxalçıların sayının çoxlamasına və əlavə xərclərin olmamasına imkan yaratmaq lazımdır. Düzdür, bizim kifayət qədər ət istehsalımız var və ildən-ilə də artır. Ancaq əti əvəzləyən məhsulların - toyuq, balıq və digərlərinin həm idxallarında, həm də istehsalatında problemlər olur. Bunun da qarşısın almaq üçün rəqabət mühitini artırmaq lazımdır. Digər tərəfdən də süni istehlak və israfla da bağlı təbliğat aparmaq olar".  

Ekspert bildirir ki, bahalığa səbəb birincisi odur ki, biz bir xalq olaraq ət məhsulundan geniş istifadə edirik: "İkinci tərəfdən də bizdə toy və yas mərasimlərində böyük həcmdə ət və ət məhsulları həm istehlak, həm də israf olunur. Bu da süni olaraq istehlakı artıran amillərdəndir". 


Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz