Əlaqə Arxiv
news Image
2016.05.04
22:00
| A A A
Xəstəni həkimə gətirən səbəb

Xəstələr həkimə müraciət etməzdən öncə özlərində müşahidə etdikləri qeyri-adi hallar haqqında düşünmə, başqalarından fikir öyrənmə, hal-hazırkı vəziyyətlərini özlərinin əvvəlki halları və ya onlarla eyni sosial qrupda olan həmyaşıdları ilə müqayisə etmə, artıq nəsə etmək lazım gəldiyini fikirləşmə və həkimə müraciət etməyə qərar vermə kimi müəyyən mərhələlərdən keçirlər. Bəs xəstələrin həkimə müraciət etmə səbəbləri hansılardır? Xəstələr həkimdən nələr gözləyirlər?


Bəlkə bu suallar adi görünə bilər və qeyd edilən hər iki sualın "sağalma" kimi yalnız bir sadə cavabı olduğunu düşünmək də olar. Lakin gəlin məsələni daha geniş müstəvidə analiz edək və xəstəni həkimə gətirən səbəbləri (xəstələrin ehtiyaclarını) birlikdə araşdıraq.


Xəstəlik və sağlamlıq anlayışı


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "sağlamlıq" anlayışını aşağıdakı kimi qeyd edir: "Sağlamlıq - fiziki, əqli və sosial rifahın bütöv bir şəkildə mövcud olması, xəstəliklərin və narahatlığın insan bədənindən uzaq olmasıdır". Lakin praktik tibbi fəaliyyətlə məşğul olan həkimlər çox gözəl bilirlər ki, istənilən şəxsdə ÜST-nin sağlamlıq haqqında təyin etdiyi parametrlər tam şəkildə və eyni zamanda mövcud olmasına nadir hallarda rast gəlinir. Ümumiyyətlə, praktik təbabətlə məşğul olan həkimlər "mütləq sağlam" diaqnozu, demək olar ki, heç bir zaman işlətmirlər. Sonuncunun yerinə "praktik sağlam" diaqnozundan daha çox istifadə olunur. Həkimə müraciət etmiş şəxslərdən anamnestik sorğu (müayinə olunan tərəfindən qeyd edilən tarixçə) və əvvəlcədən müəyyən protokollar əsasında təyin olunmuş "müayinə paketi" çərçivəsində müayinə apararaq (son zamanlar dilimizə də sirayət etmiş və xarici ədəbiyyatda "chek up" adlanan müayinə) hər hansı kənaraçıxma aşkar olunmazsa, "praktik sağlam" diaqnozu qoyulur.


Nəticə etibarilə bu gün həkimlərimiz tərəfindən qoyulan "praktik sağlam" diaqnozu "check up" müayinəsi zamanı patologiyanın (xəstəliyin) aşkar olunmaması və eyni zamanda insanın öz sağlamlığı haqqında heç bir şikayətinin olmaması anlamına gəlir. "Check up" zamanı patologiya aşkar olunmadıqda, lakin hər hansı tibbi şikayətin mövcud olması halı insanın "praktik sağlam" olmadığı anlamına gəlir. Qeyd edilən tibbi şikayət əsasında daha dərin və spesifik müayinə aparılmalı, diaqnoz qoyulmalı və müalicə tədbirləri haqqında düşünülməlidir. Sonuncu halda müayinə və müalicə kompleksi ÜST tərəfindən verilən sağlamlığın tərifində qeyd olunmuş "narahatlıqların insan bədənindən uzaq olması" meyarının təmin olunması əsasında aparılmalıdır.


Müalicə metodları


Öz daxili fizioloji resursları ilə yaranmış narahatlığın-xəstəliyin öhdəsindən gələ bilməyəcəyini anladıqdan sonra insan nəsə etmək lazım gəldiyini, müalicə olunmalı olduğunu qəbul edir. Bununla yanaşı, xəstə narahatlığını analiz etməyə çalışır, onda baş verən bu narahatlıq halının səbəblərini və yaranmış vəziyyətdən çıxış yolu haqqında əvvəlki təcrübəsi haqqında düşünür. Bu mərhələdə öz biliklər "arxivində" uyğun məlumat tapmadıqda başqasının məsləhətinə ehtiyacı olduğuna qərar verir. Adətən, xəstələr ilk olaraq, əlaltı tibbi kitablardan, internet resurslarından, yaxın insanlardan, hətta tanış terapevtdən şifahi məlumat əldə etməyə çalışırlar.


Qeyd etmək yerinə düşər ki, bütün xəstələr (təcili reanimasion tədbirlərə ehtiyac yaranma hallarından başqa hallarda) qanunvericiliklə əsaslandırılmış seçim hüququna malikdirlər. Xəstələr istədikləri halda həkimə, bitkilərlə müalicə edən fitoterapevtə, sınıqçıya, falçıya, ekstrasensə və ya istərlərsə qonşuluqda yaşayan və hər bir işdən eyni dərəcədə başı çıxan "Sona xala"ya müraciət edə bilərlər.


Lakin bu zaman tibb təhsili almış, müvafiq tibbi təcrübəyə və qabiliyyətlərə malik ixtisaslı həkim və ya həkimlər qrupu müalicə apararsa, professional, digər bütün hallarda hətta nəticə uğurlu alınsa belə qeyri-professional müalicə alınmış olacaqdır. Professional müalicə zamanı müasir laborator və instrumental diaqnostika üsullarından istifadə olunur və effektivlik haqqında beynəlxalq hesabatlarda nisbətən dəqiq statistik məlumatlar vardır. Qeyri-professional müalicənin effektivliyi haqqında beynəlxalq təcrübədə heç bir statistikaya rast gəlinmir və aparılan müalicələrin nəticəsinin arzuolunan olacağı haqqında zəmanət kifayət qədər zəifdir.


Qeyd etdiyimiz kimi, xəstələr onlarda yaranmış narahatlıq halının aradan qalxması üçün professional və qeyri-professional metodlara müraciət etməkdə sərbəstdirlər. Hər iki müalicə metodunda müalicə prosesinin əsas məqsədi diaqnozun maksimal dərəcədə dəqiq qoyulması, xəstəliyin yaranma səbəblərinin və bu xəstəliyin aradan qaldırılmasında orqanizmin fizioloji resurslarının vəziyyətinin təyinindən ibarət olması vacibdir.


Müalicə prosesində seçim faktoru - "Xəstə məmnuniyyəti"


Yuxarıda qeyd etdiyimiz kimi, müalicə metodunun (professional-peşəkar və ya qeyri professional-qeyri-peşəkar metodlardan biri və ya hər ikisi eyni zamanda) seçilməsi xəstələrin müstəsna hüququdur. Lakin bu həyati əhəmiyyətli seçimi edərkən xəstələr niyə məhz bu və ya digər metoda üstünlük verirlər?


Sonuncu sualın cavabını vermək üçün elm adamları saysız-hesabsız sınaqlar, eksperimentlər və elmi işlər hazırlamışlar. Bu prosesi anlamaq həm tibbi, həm də biznes maraqları baxımından olduqca vacibdir.


Aparılan bir çox sorğu və analizlər bu qənaətə gəlməyə əsas vermişdir ki, insanlar öz həyatlarında seçim edərkən ilk öncə öz hissi yaddaşlarına müraciət edirlər. Eyni seçimi daha öncə ediblərmi? Yaddaşlarında bu seçimlə bağlı hansı hisslər qalıb? Məmnunluq, yoxsa ikrah hissi? Məmnunluq hissi yadda qalıbsa, orta hesabla təkrar eyni məmnunluğu yaşama həvəsi seçim faktoru kimi əsas rol oynayacaqdır.


Məmnuniyyət sözünün altında isə bir çox mənalar birləşir. Məsələn: ehtiyac, istək və ya həvəsin təmin olunması, itmiş və ya zədələnmiş, nəyinsə bərpa olunması və s. Diyet saxlamadan yemək ehtiyacımızın təmini zamanı, uşaqların oyuncaqla oynama istəyinin təmini zamanı keçirmiş sevinc və rahatlıq hissidir məmnuniyyət. İtmiş sağlamlığımızın bərpa olması, sağlamlıq problemləri səbəbindən çox sevdiyimiz məşğuliyyətdən qalmayacağımıza olan əminliyimizdir məmnuniyyət.


Göründüyü kimi, məmnunluq hissi öz növbəsində istək, ehtiyac və gözləntiyə bağlı bir hissdir. Başqa sözlə, xəstələr müalicə metodunu seçərkən öncədən təyin etdikləri istək, ehtiyac və ya arzuya çatarlarsa, bu onlarda məmnuniyyət hissi yaradacaqdır. Məmnuniyyət hissi isə növbəti müalicə metodunun seçilməsində əsas faktor kimi ön plana çıxacaqdır.


Xəstələri məmnun etməyin yolu hər zaman mövcuddur


Xəstəni çöpcüyə, falçıya və ya sınıqçıya deyil, məhz həkimə gətirən səbəb xəstələrin onları narahat edən problemlərin həll olunduqdan sonra yaşamaq istədikləri məmnunluq hissidir. Bəzən insan səhhətində elə problem yaranır ki, onu aradan qaldırmaqda müasir təbabət aciz qalır. Amma bu halda da xəstələri məmnun etməyin yolu hər zaman mövcuddur.


zaman.az

Sizin Reklam Yeriniz