news Image
2016.05.04
17:55
| A A A
BANM-in vasitəçiliyi ilə yaradılan əlaqələr gələcəkdə üçtərəfli əməkdaşlığa zəmin yaradır

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Hoçstetler və Abu Dabi Neft İnstitutunun xarici əlaqələr və əməkdaşlıq üzrə direktoru İbrahim Əl Həcri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ilə görüşdülər.


Komitə sədri İsa Həbibbəyli qonaqları salamlayaraq Azərbaycan ilə BƏƏ arasında təhsil, iqtisadiyyat və digər sahələrdəki əməkdaşlıqdan danışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasındakı əlaqələrin genişlənməsinə xüsusi diqqət ayırdığını vurğulayan İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış Bakı Ali Neft Məktəbində qısa zaman ərzində böyük işlər görüldüyünü nəzərə çatdırdı. O, bu ali təhsil müəssisəsində neft-qaz, kimya və avtomatika sahəsində yüksək səviyyəli mütəxəssislərin cəmləndiyini vurğulayaraq iki ali təhsil ocağı arasındakı əməkdaşlığın faydalı olacağını bildirdi. İsa Həbibbəyli həmçinin AMEA-nın nəzdində neft-kimya, kibernetika, idarəetmə sistemləri sahəsində bir çox elmi-tədqiqat müəssisələrinin fəaliyyət göstərdiklərini və BANM-in vasitəçiliyi ilə yaradılan bu əməkdaşlığın gələcəkdə üçtərəfli əməkdaşlığa zəmin yarada biləcəyini dedi.


BANM-in rektoru Elmar Qasımov Abu Dabi Neft İnstitutu və BANM-in yaradılmasında oxşar məqsəd və hədəflərin qarşıya qoyulduğunu deyərək, hər iki ali təhsil müəssisəsinin öz ölkələri üçün uğurlu sosial layihə olduğunu bildirdi.


Abu-Dabi Neft İnstitutunun rektoru görüşdən məmnunluq ifadə edərək təşəkkür etdi. Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq ölkəmizdə yüksək


qonaqpərvərlik və isti münasibəti dərindən hiss etdiyni vurğuladı. O, BANM ilə əldə olunmuş razılaşma əsasında tələbə-müəllim mübadiləsinin gələcəkdə elmi-tədqiqat sahəsində inkişaf edəcəyinə əminliyini ifadə etdi.


Görüşdə, həmçinin təhsil əlaqələrinin inkişafı və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olundu.


Xatırladaq ki, Bakı Ali Neft Məktəbi və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Memorandumda iki ali təhsil müəssisəsi arasında mühəndislik ixtisasları üzrə tələbə və akademik heyətin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, elmi işlərin, akademik nəşrlərin, təlim materiallarının və məlumatların mübadiləsi, birgə tədqiqatların aparılması, həmçinin seminar, konfrans və təlimlərin təşkilində qarşılıqlı dəstəyin göstərilməsi, xüsusi inkişaf sahələrində təlim layihələri çərçivəsində əməkdaşlıq və digər sahələr üzrə əməkdaşlıq məsələləri əks olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs