Əlaqə Arxiv
news Image
2016.05.05
15:49
| A A A
Bu qadın oğlanları ilə birgə bütün qəsəbəni aldadıb - Böyük dələduzluq

Gəncə şəhərində bir qrup insanı aldadaraq pullarını mənimsəyən qadının hazırda harada olduğu bilinmir.

Daxil olan şikayətlərə görə, Aygün Əlizadə adlı bir qadın yanvar ayından etibarən Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan sakinlərə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) işlədiyini deyərək müxtəlif məbləğlərdə pullarını mənimsəyib. Gəncə şəhər sakini Ulduz Novruzova deyir ki, Aygünə 3000 manat verib ki, onun üçün pensiya düzəltsin. Amma pulu götürəndən sonra Aygündən heç bir xəbər ala bilməyib.

"Mən onunla tanış olanda mənə "sabez"də işlədiyini dedi. Bir neçə dəfə bizə gəlib getdi. Çox səmimi qadına oxşayırdı. Biz bacı kimi idik. Mən nə bilim ki, o, məni aldadacaq. Mənə dedi ki, bir az pul düzəlt, ver mənə, sənə pensiya düzəldim, kasıb adamsan. Bir gün də gəldi, ağladı ki, oğlu əməliyyat olunmalıdır. Mən də bacımdan borc götürüb ona 3000 manat verdim. Dedi, borcu yaxın vaxtlarda qaytaracaq və o puldan götürüb pensiya düzəldəcək", - deyə şikayətçi bildirdi.Digər sakin Gülsənəm Kərimova isə Aygün Əlizadəyə 200 manat verdiyini iddia edir. Onun sözlərinə görə, Aygün özünü DSMF nümayəndəsi kimi təqdim edib və ona sosial yardım düzəldəcəyinə söz verib. "Mənə dedi ki, hər uşağa görə bir il ayda 100 manat alacam. Mənim də iki uşağım var. Fikirləşdim, ayda iki yüz manat az deyil. Mən xəstə adamam, imkanımız aşağıdır. O, məndən 200 manat istədi ki, özü bütün məsələləri həll edəcək. Amma sonra öyrəndim ki, məni də, ətraf qonşuları da aldadıb", - deyə Gülsənəm Kərimova qeyd etdi.

Məhsəti qəsəbəsində yaşayan İsmayılova Günel də Aygün Əlizadəyə sosial yardıma görə 300 manat verdiyini dedi. Araşdırmalarımızdan sonra bəlli oldu ki, Aygün Əlizadə adlı dələduz bu işi tək başına deyil, oğlanları ilə birgə həyata keçiribmiş. O, Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan çox sakini "səmimi" sözləri ilə aldadaraq onlardan 200, 300, 500..., hətta 5000 manata kimi pul mənimsəyib. Həmin xanımla əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab vermədi.

Sakinlər həmin qadınla bağlı Gəncə şəhər Kəpəz rayon şöbəsinə şikayət etdiklərini, hətta onun və oğlanlarının şəkillərini təqdim etdiklərini bildirdilər.

Gəncə şəhər Kəpəz rayon şöbəsindən dələduzluqla bağlı fakt təsdiqləndi və hazırda həmin qadınla bağlı axtarışların getdiyi bildirildi. "Bəli, bizə Aygün Əlizadə ilə bağlı şikayətlər daxil olub. Hələ ki, qadını saxlamaq mümkün olmasa da onun Şəmkir rayon sakini olduğu və bir müddət öncə Gəncə şəhərinə gələrək Məhsəti qəsəbəsində müxtəlif evlərdə kirayə qaldığı öyrənilib. Hazırda qadının axtarışı davam edir", - deyə polis şöbəsindən bildirdilər. 


Sizin Reklam Yeriniz