Əlaqə Arxiv
news Image
2016.05.06
17:50
| A A A
Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Mayın 6-da Baş Prokurorluqda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.


Baş Prokurorluğun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində müstəqil Azərbaycan Respublikasının memarı və yaradıcısı Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.


Mərasimdə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlıdır. Müstəqilliyimizin xilaskarı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək olan bir ömür yaşamış ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmış və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlamış, dövlətçiliyimiz üçün məhv olma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısına qoyaraq, radikal müxalifət və digər destruktiv qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırmış, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir.


Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycana xilasedici qayıdışı müstəqil tariximizin dönüş nöqtəsinə çevrilməklə, xalqın itirilmiş inamını özünə qaytarmış və gələcəyə olan ümidlərini artırmış, Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, qısa bir müddət ərzində dövlət və hakimiyyət böhranına, xaos və anarxiya şəraitinə son qoyulmuş, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilmişdir. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınmaqla əmin-amanlıq şəraiti formalaşdırılmış, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarlığın hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi neqativ təzahürlər aradan qaldırılmaqla kriminogen durum stabilləşdirilmişdir.


Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik yaradıldıqdan sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə miqyasında hərtərəfli iqtisadi islahatlara, bazar iqtisadiyyatına hərtərəfli keçidi şərtləndirən yeni iqtisadi siyasətin reallaşdırılmasına başlanılmışdır. Yeni neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsi olaraq, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və digər mühüm layihələrin reallaşdırılması təmin edilməklə, irimiqyaslı xarici investisiyaların respublikamıza axınına şərait yaradılmış, genişmiqyaslı özəlləşdirmə proqramının həyata keçirilməsi, uğurlu makroiqtisadi sabitləşmə siyasəti nəticəsində inflyasiyanın artım tendensiyasının qarşısı alınmış, Azərbaycanın dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyası, ən əsası əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.


Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-2003-cü illər ərzində Azərbaycan Respublikasında hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda mühüm addımlar atılmaqla, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparılmışdır. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə əsaslanan və memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməli qoyulmuşdur, hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi yaradılmaqla qanunvericilik, icra və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Çoxpartiyalılıq əsasında demokratik seçkilər keçirilməsi təcrübəsinin formalaşdırılması, söz və mətbuat azadlığı, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının maneəsiz fəaliyyəti üçün bütün imkanların yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar olmuşdur.


Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının müəllifi kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yeni inkişaf və təkmilləşmə dövrünün əsasını qoyan "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramının" əhəmiyyəti qeyd edildi.


Bildirildi ki, Dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü dövlətçilik siyasəti, ümummilli lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsini əbədiləşdirən möhtəşəm tədbirlər kimi, onun müəyyənləşdirdiyi strateji inkişaf kursunun reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Belə ki, bütövlükdə Azərbaycanın və ayrı-ayrılıqda hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, sivil dövlət və vətəndaş cəmiyyəti formalaşdırılması yolunda irəliyə doğru inamlı addımlar atılmış, yüksək iqtisadi inkişaf göstəricilərinə nail olan ölkəmizin dünya dövlətləri birliyinə inteqrasiyası prosesləri sürətlənmiş, milli maraqlarımıza uyğun olan möhtəşəm iqtisadi layihələrin reallaşdırılması təmin edilmişdir. Son illər ərzində ciddi və yüksələn xətlə inkişafa nail olan Azərbaycan Respublikasında bu müsbət tendensiyalar 2016-cı ildə də eyni intensivliklə davam etməkdədir.


Xüsusi vurğulandı ki, Silahlı Qüvvələrin formalaşdırılması, ordumuzun ən müasir hərbi texnika ilə təchiz olunması, qürur duyduğumuz Azərbaycan Ordusunun qazandığı nailiyyətlər də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlarındandır. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən hərbi islahatların aparılmasına göstərilən gündəlik diqqət və qayğı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh danışıqları ilə həll edilməsi yolunda böyük səbr və təmkinlə həyata keçirilən tədbirlərin erməni təcavüzkarlarının məkrli niyyəti üzündən baş tutmayacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı erməni işğalçılarından təmizləyə biləcəyinə xalqın inamını daha da artırır.


Çıxışının sonunda Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etmişdir ki, sivil və demokratik məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasına görə ulu öndər Heydər Əliyevin şəxsiyyətinə borclu olan Azərbaycan Prokurorluğunun kollektivi onun ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.


Mərasimin yekununda ümummilli liderin xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış "Vətənə, xalqa həsr edilən ömür" adlı film nümayiş etdirilmişdir.

Sizin Reklam Yeriniz