news Image
2016.05.07
22:30
| A A A
DİN-də Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Bu gün Daxili İşlər Nazirliyində (DİN) Ümummilli Lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.


DİN-in Mətbuat xidmətinədn Movqe.az-a  verilən məlumatda bildirilir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri giriş sözü ilə açaraq Ulu Öndərin bütövlükdə Yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri olduğunu xatırladıb.


Onun təklifi ilə mərasim iştirakçıları ulu öndərin və suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Sonra nazir Ramil Usubov Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin xilaskarı, dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat yolu, milli dövlətçilik strategiyası, daxili işlər orqanlarına diqqət və qayğısı, həmçinin onun rəhbərliyi ilə aparılan islahatlar barədə geniş məruzə ilə çıxış edib.


Məruzəçi deyib ki, 1969-cu ildə Heydər Əliyev respublikaya rəhbər seçiləndə Azərbaycan keçmiş ittifaqda əksər göstəricilərə görə sonuncu yerlərdən birini tuturdu. Məhz onun rəhbərliyi dövründə ölkəmiz ən inkişaf etmiş respublikalardan birinə çevrildi. Həmin dövrün məlum çətinliklərinə, maneələrə və sovet ideologiyasının təzyiqlərinə baxmayaraq, o, xalqımıza öz milli ruhunu qaytardı, onu tərəqqi və inkişaf yoluna çıxardı.


Bu dahi şəxsiyyətin daha bir uzaqgörən siyasəti Dağlıq Qarabağda Azərbaycan üsul-idarəsinin möhkəmləndirilməsi oldu. Həmin illərdə vilayətdəki azərbaycanlıların say tərkibi təqribən iki dəfə artdı, bölgədə sosial-iqtisadi sahədə böyük uğurlar əldə edildi, mühüm infrastrukturlar yaradıldı. Məhz ulu öndərin şəxsi nəzarəti, vəziyyətə birbaşa müdaxiləsi, apardığı siyasət sayəsində o illərdə erməni millətçiləri bir dəfə də olsun torpaq iddiasını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər.


Yalnız 1987-ci ildə Heydər Əliyevin yüksək vəzifələrdən uzaqlaşdırılması ilə separatçı qüvvələr hərəkətə keçdi. Ermənipərəst Qorbaçovun və əlaltılarının 1990-cı ilin yanvarında ölkəmizdə qırğın törətdikləri faciəli günlərdə də Heydər Əliyev öz xalqı ilə bir yerdə idi.


Məhz onun haqq səsi xalqın qəzəbini və nifrətini dünyaya çatdırdı, bədnam sovet rəhbərliyinin məkrli və ikiüzlü siyasətini ifşa etdi.


Nazir bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycandakı xaotik vəziyyətdən, hakimiyyətdəkilərin səriştəsizliyindən istifadə edən Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları işğal etdi, yüz minlərlə insanı öz ata-baba yurdlarından didərgin saldı. Belə bir çətin şəraitdə xalqımız yeganə çıxış yolunu öz müqəddəratının, gələcək taleyinin həllini iradəsinə, idarəçilik və təşkilatçılıq bacarığına, Vətənə bağlılığına dərindən bələd olduğu Heydər Əliyevdə görərək onu təkidlə respublika rəhbərliyinə dəvət etdi.


Qeyd olunub ki, Milli Liderimizin gördüyü qətiyyətli tədbirlər nəticəsində cəmiyyət həyatının bütün sahələrində ciddi dönüşə nail olundu, o cümlədən cinayətkarlıqla mübarizənin gücləndirilməsi, hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə kriminogen durumun nəzarətə alınması sahəsində qəbul etdiyi qərarlarla hərc-mərcliyə, özbaşınalığa son qoyuldu. Hüquq-mühafizə orqanlarının fəaliyyətini xalqa və dövlətə xidmət üçün səfərbər edən ümummilli lider nəticədə bu mühüm, vacib sahədə də qarşıya qoyduğu məqsədə çatdı. Daxili işlər orqanları və onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar öz Prezidentinin inamını doğrultdu və ölkədə uğurla həyata keçirilən quruculuq işlərinin və demokratik islahatların təhlükəsizliyinin təminatçılarından biri oldu.


Ulu Öndərin ali diqqət və qayğısı sayəsində Nazirlik sistemində struktur islahatları həyata keçirildi, DİO-nun fəaliyyətini tənzimləyən, maddi-texniki bazasının və şəxsi heyətin sosial şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmiş onlarca fərman və sərəncam imzalandı.


Nazir Ramil Usubov tədbir iştirakçılarının nəzərinə bir diqqətəlayiq məqamı da çatdırıb ki, ümummilli Lider Heydər Əliyev həm də ölkəmizdə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu prinsiplərinə əsaslanan yeni ideologiyanın banisidir. Hələ 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında etdiyi proqram xarakterli geniş nitqində Milli Lider dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin edilməsi, onların Azərbaycan dövləti ilə əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, dilimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında öz dəyərli fikirlərini bildirib, dünyadakı bütün soydaşlarımızı dövlətçiliyimiz və azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməyə çağırıb.


Nazir xüsusilə vurğulayıb ki, Heydər Əliyev fenomeninin nəhəngliyi onun təkcə dövrünün qayğı və problemləri ilə yaşamaması, həm də zamanı qabaqlayaraq çox-çox irəlini görməsi, gələcəkdə ölkəni uğurla idarə edə biləcək lider yetişdirməsindədir. Dahi şəxsiyyətin müəyyən etdiyi siyasi kursu xalqımız tam dəstəkləyərək onun davam etdirilməsini Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi, bütün fəaliyyətini Azərbaycan dövlətinin strateji maraqlarının aliliyinə və işıqlı gələcəyinə həsr edən möhtərəm İlham Əliyevə etibar edib. Zati-alilərinin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində böyük uğurlar əldə edilib, xalqımız və dövlətimiz üçün, sözün əsl mənasında, taleyüklü sayılan, həyat əhəmiyyətli layihələr reallaşıb.


Çıxışının sonunda daxili işlər naziri bu dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətinin dönə-dönə öyrəniləcəyini, onun hər anının, hər səhifəsinin müasirlərimizə, gələcək nəsillərə örnək, əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağını qeyd edib və bildirib ki, ən böyük qazancımız ümummilli Liderin siyasi irsinin, idarəçilik fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsidir.


Təntənəli mərasimin sonunda tədbir iştirakçıları Ulu Öndərin mənalı ömür yolundan və möhtəşəm fəaliyyətindən bəhs edən, Azərbaycan Dövlət Televiziyasının istehsalı olan "Vətənə, xalqa həsr edilən ömür" adlı sənədli filmə baxıblar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs