Əlaqə Arxiv
news Image
2016.05.10
18:20
| A A A
Bir sıra ərəbdilli xəbər portallarında ulu öndər Heydər Əliyev haqqında məqalələr dərc olunub

Mayın 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dövlət İnformasiya Agentliyinin rəsmi internet səhifəsində, eləcə də Bəhreyn Krallığının dövlət xəbərlər portalında və Fələstinin xəbərlər portalında "Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin doğum gününü təntənəli qeyd edir" sərlövhəli məqalələr dərc olunub.


Azərbaycanın BƏƏ-dəki səfirliyindən Movqe.az-a verilən məlumata görə, məqalələrdə Heydər Əliyevin həm sovet dönəmində hakimiyyətə gəlişinin, həm də müstəqilliyin ilk illərində öz xalqının təkidi ilə hakimiyyətə qayıdışının ölkəni xaosdan qurtardığı, məhz həmin səbəbə görə də bu dahi şəxsiyyətin xalqın ümummilli lideri və ulu öndərinə çevrildiyi oxucuların diqqətinə çatdırılıb.


Ümummilli liderin bu dünyanı tərk etməsinə baxmayaraq, Azərbaycan xalqının onun xatirəsini əziz tutduğu vurğulanaraq, hər ilin 10 may tarixində Ulu Öndərin doğum gününün təntənəli şəkildə qeyd olunduğu önə çəkilib.


Sonra Naxçıvan Muxtar Respublikasında dünyaya göz açmış Heydər Əliyevin həyatı və SSRİ dövründəki peşəkar fəaliyyətinə, müstəqilliyimızin ilk və ağır illərinə toxunulub. Vurğulanıb ki, SSRİ dövründə zəngin və mərkəzdən dotasiya almayan iki respublikadan biri olmuş Azərbaycan müstəqilliyinin ilk illərində son dərəcə mürəkkəb və gələcəyi qaranlıq ictimai-siyasi və iqtisadi vəziyyətlə üzləşib. Məhz Ümummilli Liderin vətənpərvərliyi, xalqa hədsiz sədaqəti, habelə zəngin təcrübəsi sayəsində ölkəmiz demokratiya yoluna qədəm qoyaraq, siyasi, ictimai və iqtisadi islahatlar vasitəsilə parlaq gələcəyə qovuşub, qlobal əhəmiyyətə malik enerji və nəqliyyat layihələrinin icra olunduğu məkana çevrilib.


Ordu quruculuğuna gəlincə, məqalələrdə həqiqi Ali Baş Komandan keyfiyyətlərini də özündə ehtiva edən məhz Ulu Öndərin pərakəndə olan milli ordunun vahid mərkəzdə cəmləşdirməyi bacardığı vurğulanıb.


Azərbaycanın xarici siyasi kursu ilə bağlı bölümdə oxucuların nəzərinə çatdırılıb ki, məhz Heydər Əliyev ölkəmizin Avro-Atlantik məkana inteqrasiya kursunun, o cümlədən Qərblə əlaqələrin, İslam və ərəb dünyası ilə isə tarixi əlaqələrin milli maraqlarımız prizmasından yenidən təşkilinin memarıdır. Bu xüsusda, BƏƏ-nin Dövlət İnformasiya Agentliyinin məlumatında, həmçinin Heydər Əliyevin 1994-cü ildə o vaxtkı İslam Konfransı Təşkilatının Kasablanka Zirvə toplantısı çərçivəsində Ərəb Əmirliklərinin qurucusu mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanla görüşünün AR-BƏƏ əlaqələrinin inkişaf istiqamətlərini müəyyən etdiyi və bu əlaqələrin bu gün Prezident İlham Əliyev və Prezident Şeyx Xəlifə bin Zayed Əl Nəhyan tərəfindən uğurla davam etdirildiyi xüsusilə qeyd edilib.


Daha sonra məqalələrdə Heydər Əliyevin cızdığı müdrik kurs üzərində sabit dayanan müasir Azərbaycanda bu gün misli görünməmiş dinamik inkişafın baş verdiyi, Prezident İlham Əliyevin hikmətlə davam etdirdiyi həmin kurs sayəsində ölkəmizin regional liderə və beynəlxalq əlaqələrdə etibarlı tərəfdaşa çevrildiyi qabardılıb, məhz Ümummilli Liderin, həmçinin müəyyənləşdirdiyi enerji və nəqliyyat strategiyasının TAP kimi yeni qlobal enerji layihəsini, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizini və "Böyük İpək Yolu" layihəsini gündəmə gətirdiyinə diqqət çəkilib.


Ölkəmizdə mədəniyyət və idmana dövlət qayğısının təhlili əsnasında məlumat verilib ki, respublikamız "Avroviziya", İlk Avropa Oyunları kimi mötəbər beynəlxalq yarışlara ev sahibliyi edib və cari ilin iyun ayında Formula 1 Qran-Prisinə, 2017-cü ildə isə möhtəşəm İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.


Məqalələrin yekununda xüsusilə qeyd edilib ki, Heydər Əliyevin vəfatından 13 il keçməsinə baxmayaraq, onun yaradıcı ideyaları öz bəhrəsini verməkdədir. Paralel olaraq, Heydər Əliyevin irsini yetişən nəsillərə çatdırmaqla yanaşı, humanitar, mədəniyyət və təhsil sahələrində layihələrin icrası vasitəsilə Heydər Əliyev şəxsiyyətinin həm ölkənin daxilində, həm də dünya miqyasında daha geniş tanıdılması işində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu uğurla fəaliyyət göstərir.

Sizin Reklam Yeriniz