Əlaqə Arxiv
news Image
2016.05.11
09:22
| A A A
Sığorta üzünə həsrət qalan evlər

İnsanların maddi vəziyyəti yüksəldikcə onların malik olduqları əmlakın növü və çeşidi də artır. Təbii ki, əmlakın hər hansı növünü əldə etmək nə qədər asandırsa, onu təbii hadisələrdən və baş verə biləcək mümkün fəlakətlərdən qorumaq bir o qədər çətindir. Bunun isə ən etibarlı yolu sığortadan keçir. Mütəxəssislərin fikrincə, sığortanın gücü əhalinin neçə faizinin bu işə cəlb olunmasından və ümumi daxili məhsulda adambaşına düşən sığorta həcminin miqdarı ilə ölçülür. Sığorta bazarının dünyada geniş yayılmış növlərindən biri əmlak sığortasıdır. Bu növ sığortanın vacibliyi həm onun insanın mülkiyyətçilik marağına cavab verməsi, həm də asan həyata keçirilməsidir. Digər tərəfdən əmlakın hər hansı gözlənilməz təsirə məruz qalması da qaçılmazdır. Ancaq ölkəmizdə bu mühüm və daim mübahisə doğuran sahənin inkişafı dövrün tələblərinə cavab vermir. Təbiətdə gedən kataklizmlər – zəlzələlər, sel və daşqınlar insanların əzab-əziyyətlə tikib başa çatdırdığı evlərinə sanki qənim kəsilib. İstər həyət evləri, istərsə də çoxmənzilli binalarda özəlləşdirilmiş mənzil sahibləri mülklərini sığortalamaqdan yan keçirlər. Amma hadisə baş verəndən sonra sığorta barədə danışmaq isə "daldan atılan daş effekti" verir. Əmlakın sığortalanması dedikdə özəl sektora aid əmlakın sığortalanması da mühüm əhəmiyyətə malikdir. Bu tip əmlakın dəyəri daha yüksəkdir və onların mümkün risklərdən qorunması daha böyük aktuallıq kəsb edir. Belə ki, hazırda Azərbaycanda ümumi daxili məhsulun 80%-i özəl sektorda istehsal olunur və bu sektora məxsus əmlakın sığortalanması daha vacibdir. 

Müstəqillik illərinə qədər özəl mülkiyyətə yalnız xüsusi həyət evləri aid edilirdi. O dövrdə yaşamış yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, əmlakın sığortalanması elliklə həyata keçirilirdi. Yəni, insanlar sığortanın əhəmiyyətini və vacibliyini hərtərəfli dərk edirdilər. Lakin indi vəziyyət əvvəlki səviyyədə deyil. İnsanlar hadisə baş verəndən sonra ayılır və vəziyyətdən çıxış yolunu əsasən dövlətin köməyində axtarırlar.  Görünür, bu sahədə maarifləndirmə işinin təşkili günün tələblərinə cavab vermir. Postsovet məkanında əmlakın icbari sığortalanmasını ilk həyata keçirənlərdən biri Azəbaycan olomuşdur. Ölkəmizdə əmlakın icbari sığortası təkcə təbiət və texnogen kataklizmlərə deyil, həm də məişət hallarına şamil edilir. Bu, məsələn, qısaqapanma, yanğın, məişət qazının partlaması, su kəmərləri və kanalizasiya xətlərinin inkişafı və s. də aiddir. Çox təəssüf ki, vətəndaşlarımız bu mühüm sosial vasitədən istifadə etməyə tələsmirlər. Halbuki, hazırda bizdə sığorta şirkətləri tərəfindən kifayət qədər maraqlı təkliflər qüvvədədir. Məsələn, Bakı şəhərində qiyməti 100 min manat olan əmlakın könüllü sığortalanması orta hesabla 300-600 manata başa gəlir. İcbari sığortada isə cəmi 50 manat ödəməklə əmlakı bütün il boyu əsas risqlərdən 25 min manat həcmində sığortalamaq mümkündür. Gəlin etiraf edək ki, ayda 4,17 manat ödəməklə potensial olaraq 25000 manata sahib olmaq hər cür təbii yaxud bədbəxt hadisə qarşılığında sərfəli bağlaşmadır.Özəl mülkiyyətin əsrlər boyu mövcud olduğu Qərb ölkələrində sığorta problemi demək olar ki, aradan qalxıb. İnsanlar özləri əmlakın bu yolla qorunması üsuluna meyil göstərirlər. Təsəvvür edin ki, Fransada icbari sığorta haqda ilk qanun 10 may 1851-ci ildə qüvvəyə minib. Təbii ki, ötən müddətdə əhali əmlakın qorunması kimi bu üsulun bütün çalarlarına vaqif olub. Təcrübə onu məcbur edib ki, əmlakını sığortalasın. Bizim ölkədə isə ötən illər ərzində elliklə olmasa da müvafiq qanunun müəyyən təsiri olub və on minlərlə insan sığorta müqaviləsi imzalayıb. Hər bir halda iş gedir və ümid edək ki, gələcəkdə vətəndaşlarımızın qarşılaşdığı problemlərin həllində əsaslı rol oynayan əmlak sığortasının tətbiqində geniş resurslar işə salınacaqdır. Bu məsələnin həllində maarifləndirməni gücləndirməyə, görünür, ehtiyac böyükdür.






Sizin Reklam Yeriniz