news Image
2016.05.11
09:32
| A A A
Kür çayına Gürcüstanda yaranan böyük təhlükə
Ənvər Əliyev: “SES-lər Kür çayının su ehtiyatının azalmasına təsir edə bilər” İslam Mustafayev: “15 SES-in inşa edilməsi elə Gürcüstanın ekoloji mühitinə daha çox mənfi təsir göstərə bilər”

Gürcüstan hökuməti yaxın perspektivdə 50 yeni elektrik stansiyasının inşasına başlayacaq. Bunun ən azı  15 ədədi su elektrik stansiyasıdır ki, hamısının Kür çayının üzərində inşası nəzərdə tutulub. Artıq Azərbaycan ekoloqları bununla bağlı həyacan təbili çalırlar. Belə ki, qonşu ölkədə Kür çayının üzərində bu qədər SES-in inşa edilməsi Azərbaycana bu çay vasitəsilə gələn suyun həcminin azalmasına səbəb ola bilər. Bu da öz növbəsində ciddi fəsadlar deməkdir. 

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyevin sözlərinə görə, Kür çayı üzərində birdən-birə 15 su elektrik stansiyasının tikilməsi su rejiminin tənzimlənməsinə müsbət təsir edə bilər: "Amma bunun mənfi tərəfləri də var. SES-lər Kür çayının su ehtiyatının azalmasına təsir edə bilər. Yəni, anidən 15 SES-in tikilməsi düzgün olmazdı. Bununla bağlı beynəlxalq konvensiyalar mövcuddur. Bu iş həmin konvensiyalara  müvafiq şəkildə həll edilməlidir. Amma Gürcüstanda inşa ediləcək SES-lərin harada, necə tikilməsini də dəqiq bilmək lazımdır. Çünki, SES-lər tikilən zaman təbii şərait nəzərə alınır. Ona görə də əvvəlcədən konkret nəsə demək çətindir. 

Bütövlükdə müsbət tərəfi odur ki, suyun nizamlanması baş verəcək. Ancaq mənfi tərəfi Kür çayının su ehtiyatının azalmasıdır. Kür çayının ehtiyatı konkretdir. Kür bu cür vasitələrlə istifadə olunursa, bizə çatan suyun mqidarı azalacaq. Bu da öznəməxsus problemləri ortaya çıxaracaq".

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, kimya elmləri doktoru, professor İslam Mustafayev qeyd etdi ki, Azərbaycanda da 4 ədəd - Şəmkir, Yenikənd, Mingəçevir və  Varvara su elektrik stansiyaları var: "Ancaq bunların müsbət tərəfləri ilə yanaşı, Azərbaycana böyük ekoloji ziyanları olub. Məsələn, Ağdaş zonasında  Kür çayının aşağı axarlarında torpağın şoranlaşması, deqredasiyası meydana gəlib. Suda da bioloji resursların imkanları məhdudlaşıb. Amma buna baxmayaraq, su anbarları böyük ərazilərin suvarılmasına imkan yaradır. 

Bundan başqa Azərbaycanın enerji gücünün təxminən 16%-ə qədəri məhz SES-dən gəlir. İndi də Kürün yuxarı axarında yeni SES-lər yaranmağa başlayıb. Bu, bizim su anbarlarına gələn suyun daha yuxarıda nizamlanması deməkdir. Yəni, Gürcüstan hökuməti özünə lazım olduğu miqdarda su saxlayacaq. Bununla da bizim Kürün suyundan sərbəst istifadə imkanlarımız məhdudlaşacaq". 

Professor əlavə etdi ki, 15 SES-in inşa edilməsi elə Gürcüstanın ekoloji mühitinə daha çox mənfi təsir göstərə bilər: "Amma nəzərə alaq ki, Gürcüstanda Kür çayı dağlıq ərazilərdən keçir. Dağlıq ərazilərində də SES-in yaradılması o qədər də çətin deyil və ətraf mühitə ciddi ziyan vurmur. Yəni, miqdar cəhətdən bizə daxil olan suyun azalması kimi təhlükələr yaradır. Əgər 15 SES-dən söhbət gedirsə, bu məsələyə müdaxilə etmək lazım gələcək. Çünki, bizim suların 66%-dən çoxu xaricdə formalaşıb ölkəmizə daxil olur. Həmin resursların bir daha məhdudlaşdırılması iqtisadiyyatımıza ziyan vura bilər. Çünki, bizim kənd təsərrüfatı məhsullarımızın hamısı suvarılan torpaqdan yığılır. Əgər Kür üzərində qurulmuş anbarlarda su qıtlığı yaranarsa, aqrar sahədə ciddi problemlərə səbəb olacaq".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs