Əlaqə Arxiv
news Image
2016.05.11
14:45
| A A A
"Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" məqaləsi Küveytin aparıcı nəşrində işıqlandırılıb

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu kütləsinə malik "Əl-Nahar" qəzetinin 11 may 2016-cı il tarixli buraxılışında "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" başlığında geniş məqalə nəşr edilmişdir.


Movqe.az Azərbaycanın Küveytdəki səfirliyinə istinadən xəbər verir ki, məqalədə ulu öndərin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri, SSRİ dağıldıqdan sonra Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxardaraq regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələr sırasına daxil etməsi, Azərbaycanda demokratik islahatları həyata keçirərək xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən bəhs edilmişdir.


Məqalədə həmçinin, ölkəmizin sosial - iqtisadi inkişafında Heydər Əliyev mühüm rolu vurğulanmaqla yanaşı, Sovet İttifaqı Siyasi bürosunda yeganə müsəlman lider olan ulu öndərin Ərəb və İslam dünyasının dostu kimi, Ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə oxuculara ətraflı məlumat verilmişdir.


Məqalədə, Heydər Əliyevin 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyi qeyd olunmuşdur.


Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurduğu, ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verdiyi bildirilmişdir.


Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyinin böhran və məhv olmaq təhlükəsi qarşısında qaldığı, ölkənin vətəndaş müharibəsi və parçalanma həddinə gətirildiyi, belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladığı vurğulanmışdır.


Məqalədə həmçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi, öncə Ermənistan və Azərbaycan arasında gedən müharibənin dayandırılması məqsədilə atəşkəsin əldə olunması üçün müvafiq razılaşmanın əldə olunduğu, sonra isə qısa bir zamanda ölkədə iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin öz əksini tapdığı vurğulanmışdır.


Göstərilənlərlə yanaşı məqalədə Azərbaycanda iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin Heydər Əliyevin adıyla bağlı olduğu, ümummilli liderin SSRİ rəhbərliyində yüksək vəzifədə çalışdığı ərəfədə, həmçinin istər Sovet Azərbaycanına, eləcə də müstəqil Azərbaycana rəhbərlik etdiyi uzun müddətdə hər zaman öz ana vətəninin və xalqının ən ağır günlərində onun yanında olduğu vurğulanmışdır.


Bu gün Azərbaycanın Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında öz inkişaf dinamikasında heç bir zaman əldə etmədiyi yüksəlişlərlə irəlilədiyi qeyd olunmuş, Respublikamızın İlham Əliyevin uzaqgörən və müdrik xarici siyasəti nəticəsində iqtisadi və demokratik islahatlar sahəsində regionun lider ölkəsinə çevrildiyi və ölkəmizin bu gün regionun bir çox məsələlərində həlledici rol oynadığı, öz uğurlarının və sərvətlərinin bəhrəsini regionda əməkdaşlıq etdiyi ölkələrlə də paylaşdığı oxucuların diqqətinə çatdırılmışdır.

Sizin Reklam Yeriniz