news Image
2016.05.11
18:00
| A A A
Çingiz Abdullayev ADNSU tələbələri ilə görüşdü

Bu gün (mayın 11-i) Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) professor-müəllim heyəti və tələbələrin dünya şöhrətli yazıçı Çingiz Abdullayevlə görüşü keçirilib. Öncə aprel ayının əvvəllərində düşmən təxribatına layiqli cavab verərkən şəhadət qazanan şəhidlərimizin ruhi 1 dəqiqəlik sükutla yad edilib.

Yazıçını salamlayan rektor Mustafa Babanlı Çingiz Abdullayev yaradıcılığının dünyanın hüdudlarını aşaraq müxtəlif dillərdə tərcümə olunduğunu, onun əsərlərinin sevilə-sevilə oxunduğunu qeyd edib və bir azərbaycanlı olaraq bundan fəxarət hissi keçirdiyini qeyd edib. Rektor Ç.Abdullayevin həm də "Neftçi" futbol klubunun prezidenti kimi bu sahədə də uğurlara imza atacağına inandığını və "Neftçi" komandasının azarkeşlərini yenidən sevindirəcəyi ilə bağlı arzularını dilə gətirib. Ç.Abdullayev klubun fəaliyəti, bu istiqamətdə görülən işlərlə yanaşı böyük azarkeş ordusu olan bu komandanın uğursuzluğuna təəssüflənsə də, uğurlu gələcəyinə ümidlər bəslədiyini vurğulayıb.

ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutan görüşdə gənc oxucular yazıçının həyat fəlsəfəsi, düşüncələri ilə yaxından tanış olmaq imkanı qazanıblar. Yazıçının yaratdığı obrazları xarakterizə edən gənclər bir çox hallarda onu romanların qəhrəmanları ilə müqayisə ediblər. Tələbələr Çingiz Abdullayev yaradıcılığının hansı ideyanın üzərində dayandığını, uğurlara nail olmaq üçün insanın hansı keyfiyyətlərə malik olması ilə bağlı düşüncələrini dinləyiblər. Ç.Abdullayev hər bir uğurun önündə təhsilin dayandığını, gələcəyimizin məhz ondan asılı olduğunu diqqətə çatdırıb. Bildirib ki, təhsilli insanlarsız heç bir şeyə nail olunmayacaq. Ç.Abdullayev məhz böyük müharibələrin kəmiyyətlə üstün olan insan toplumu ilə deyil, ağıllı, savadlı, az, lakin keyfiyyətli insan toplumu ilə qələbə çalmasının dəfələrlə sübut olunduğunu deyib. O, bu mənda ölkə daxilində kitab mağazalarının sayının artırılmasını, insanların, gənclərin oxumağa daha çox həvəs göstərməsini vacib element kimi önə çəkib və gəncləri kitab oxumağa dəvət edib. Böyük ədibləri, klassikləri qeyd edən yaşıçı hər bir kitabda böyük bir hikmətin olmasına, onların yalnız insanları öyrətmək üçün yaranmasına diqqət çəkib. Bu mənda o, yazıçını həm də bir müəllim obrazında tərənnüm edib və müəllimlərin tələbəyə verdiyi bilgilərin əhəmiyyəti barədə danışıb.

Tələbələrin çoxsaylı suallarını cavablandıran Ç.Abdullayev öz əsərlərində görmək istədiyi, axtardığı ədaləti, mübrizliyi gənclərdə görmək istədiyini və məhz böyük uğurların əsasında insanın daim öz üzərində çalışmalı olduğunu deyib. Yazıçı ona ünvanlanan suallara cavab olaraq yazdığı əsərlərin hər birini öz övladı qədər sevdiyini, hər birinin reallığa əsasən qələmə alındığını və məhz yazdığı əsərləri ilə xoşbəxt olduğunu, yazdıqca yaşadığını dilə gətirib. O, hesab edir ki, yaxşı kitb məhz insanlara kömək etmək üçün yaranır. Yazıçı deyir ki, onun yaradıcılığında insan psixologiyasının, düşüncəsinin, onun bu həyatda nə istəməsi ideyası dayanır. Onun fəlsəfəsində yazıçı heç vaxt hiss etmədiyi hissi qələmə almağı bacarandır. Ç.Abdullayev hiss etmədiklərini qələmə almaqla da öz oxucusunu təəccübləndirməyi bacarır və buna görə də dünya dillərində tərçümə olunmaqla sevilir və seçilir.

Görüş Ç.Abdullayevin müəllifi olduğu kitabların imzalanması mərasimi ilə sona çatıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs