Əlaqə Arxiv
news Image
2016.05.13
14:46
| A A A
Deputatlar özəl qəbiristanlıqların olmasından narazıdır-Açıqlama

Ölən insan haqq dünyasına qovuşar-qovuşmaz yaxınları onun necə dəfn edilməsi, ehsan süfrəsinin açılması və nəhayət məzar daşının hazırlanması ilə bağlı müzakirələrə başlayırlar. Bəlkədə Azərbaycan yeganə ölkədir ki, bizdə insanlar yaxınlarını əbədi itirərkən bu acını düz-əmməlli yaşamamış, başları dəfn qayğılarına qarışır. Əsas müzakirə olunan məsələlərdən biri də məzar daşının hazırlanmasıdır. Məzar yerinin seçilməsi, baş daşının qiymətli olması və sair məqamlar qəbiristanlıqlarda fərqli mənzərə yaratdığından, bir müddət öncə, məzarlıqlar və məzar daşları ilə bağlı layihə hazırlanaraq Nazirlər kabinetinə təqdim olundu. Qeyd edək ki, bu sənəddə əks olunan bir məsələ də dövlət və bələdiyyə qəbiristanlıqları ilə yanaşı özəl qəbiristanlıqların olması ilə bağlıdır. Belə ki, sənədə görə, dövlət və bələdiyyə qəbiristanlıqlarında qəbirüstü daşlar standart olsun, yəni qəbirlərin ölçüsü də, qəbirüstü daşlar da eyni ölçüdə, sıraları da eyni qaydada olsun. Ancaq kim dünyadan köçmüş yaxınının xatirəsini öz istədiyi şəkildə əbədiləşdirmək istəyirsə, onlar özəl qəbiristanlıqlarda istədiyi daşdan, istədiyi formada abidə qoya bilərlər. Hələki o layihədən səs-soraq olmasa da, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri belə bu sənəddə əks olunacaq bəzi məqamlarla razı olmadıqlarını söyləyirlər. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Fazil Mustafa Movqe.az-a açıqlamasında özəl qəbiristanlıqların yaradılmasını düzgün fikir hesab etmədiyini söyləyib: "Dünyadan köçən insanı, məzarlıqda da seçmək düzgün deyil. Bu təbəqələşməyə gətirib çıxardacaq. Belə çıxır ki, kimin imkanı varsa bir qəbiristanlıqda, imkansızlar isə digər qəbiristanlıqda dəfn ediləcək. Yəni ayrıseçkilik olacaq. Bu, gərəksiz bir işdir. Dünyasını dəyişən insana isə heç bir xeyiri yoxdur. Ona görə də düşünürəm ki, imkanlı şəxslərin də dünyasını dəyişən yaxınları üçün sadə məzar daşı hazırlatmasını aşılamaq lazımdır".

İctimai birliklər və dini qurumlar komitəsinin digər üzvü Nizami Cəfərov da məzarlıqların seçilməsinin əleyhinə olduğunu söylədi: "Dünyasını dəyişən insan ehtiramla dəfn edilməlidir. Ölünün dəbdəbəli yerdə dəfn olunması, üzərinə bahalı məzar daşı qoyulması onu hörmətə mindirmir. Nə də ona olan hörməti, ehtiramı artırmır. Belə çıxır ki, dünən cəmiyyət üçün ziyanlı olan biri öldükdən sonra pulu var deyə daha dəbdəbəli şəkildə dəfn edilib üzərində heykəli ucaldılmalıdır? Yaddan çıxartmaq lazım deyil ki, bu cəmiyyət hər kəsin ölüsünü də, dirisini də çox yaxşı qiymətləndirir. Cəmiyyətimiz kimi necə dəfn etməyi, kimə hörmət-etiram göstərməyi özü müəyyənləşdirir. Bunun üçün cəmiyyətimizin öz meyyarları var. Bu cəmiyyət üçün misilsiz faydaları olanlar üçün fəxri xiyabanlar var. Həmin şəxslər orada dəfn olunurlar. Əlavə olaraq varlılar üçün bir qəbiristanlıq yaratmağa nə ehtiyac var?". 

Millət vəkili deyir ki, əksinə, imkanlı şəxsləri də dəbdəbədən uzaq, sadə xalqın içərisində dəfn etmək lazımdır ki, bu örnək olsun: "İmkanlı şəxslərin məzarı üzərinə bahalı baş daşı hazırlatmaq lazım deyil. Qəbiristanlıqda seçilmək sağlam düşüncə deyil mənim fikrimcə. İmkanlı şəxslər yaxınlarının məzar daşına xərclədiyi pulu savab əməllərə xərcləsələr həm özlərinə xeyiri olar həm də dünyadan köçən yaxınlarına".

Elə ilahiyyatçı alimlər də özəl qəbiristanlıqların yaradılmasının əleyhinədirlər. İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov deyir ki, yas mərasimlərinin keçirilməsinin Azərbaycanda daha çox adət-ənənələrlə əlaqəsi var: "Yas mərasimləri bizim ölkədə demək olar ki, 70 faiz adət-ənənələrə uyğun keçirilir. 30 faizi islama aiddir. İslamda əsas olan qəbirin sadə olmasıdır. İslama görə, ölən insanın dəfn edilməsi dinə uyğun həyata keçrilməlidir. Dinimizdə israf olan hər bir şey günah sayılır. Ölünün üzərinə dəbdəbəli məzar daşı qoymaq israf işdir. İsraf olan əməlin isə dinimiz əleyhinədir".

E. Mahmudovun sözlərinə görə, özəl qəbiristanlıqların yaradılması dəbdəbəli məzar daşı qoyanların sayını daha da artıracaq: "Dini nöqteyi nəzərdən məzar daşı sadə olmalıdır. Özəl qəbiristanlıqlar yaradılsa bu dəbdəbəli məzarların daha çox qoyulmasına şərait yaradacaq. Mənim fikrimcə, bu cür qəbiristanlıqların yaradılmasındansa, sadə məzar daşlarının qoyulması daha çox təbliğ olunmalıdır. Əslində insanlar bahalı məzar daşlarına çəkdikləri xərci daha savab əməllər üçün xərcləyərlərsə bunun  ölən şəxs üçün fəziləti var".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirdilər ki, məzarlıqlarla bağlı sənəd Nazirlər Kabinetinə göndərilib: "Qərar layihəsinə müəyyən təkliflər və düzəlişlər var. Hazırda bunun üzərində iş davam edir. Yeni təkliflərə baxılacaq və qərar qəbul edildikdən sonra Azərbaycanda qəbiristanlıqlarda vahid sistem təşəkkül tapacaq və dəbdəbədən kənar məzarlıqlar olacaq". 


Sizin Reklam Yeriniz