Əlaqə Arxiv
news Image
2016.05.13
17:23
| A A A
Cəbhə bölgəsindəki əmlaklar sənədləşdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi cəbhə bölgələrindəki daşınmaz əmlakların kütləvi sənədləşdirilməsinə başlayıb. Movqe.az xəbər verir ki, ölkədə daşınmaz əmlakların qeydiyyata alınması və leqal əmlak dövriyyəsinə qoşulmasına imkan verən ən mühüm layihə olan "Kütləvi çıxarış" kampaniyası mayın 13-də Tərtər rayonunda keçirilib. Komitə əməkdaşları tərəfindən keçirilən kampaniyada cəbhə bölgəsinin 200-ə yaxın sakininə bilavasitə öz ünvanlarında mobil ofislər vasitəsi ilə rahat şəkildə mülkiyyət sənədləri təqdim edilib. Rayon sakinlərinə həyətyani evləri, torpaq sahələrinə dair ilkin çıxarış sənədləri təqdim olunub. Eyni zamanda, sakinlərin əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, orderlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəzlənib. Kampaniya çərçivəsində sakinlərə pulsuz hüquqi yardım xidmətləri də göstərilib. Komitənin hüquqşünasları onlara evlər, mənzillər, torpaqlara çıxarış və texniki pasport alınması, bunun üçün lazım olan ilkin sənədlər barədə ətraflı məlumat veriblər. Eləcə də çatışmayan sənədlərin əldə olunması, uyğunsuzluqların aradan qaldırılması, dövlət rüsumu və xidmət haqları ilə bağlı izah və istiqamət də verilib. Qeyd edək ki, "Kütləvi çıxarış" kampaniyası komitə tərəfindən reallaşdırılan mühüm sosial layihədir. Bu kampaniya çərçivəsində ölkə vətəndaşlarına öz əmlaklarını yerindəcə qeydiyyatdan keçirməyə şərait yaradılır. Belə bir kampaniyanın məhz cəbhə bölgəsində təşkil olunmasında məqsəd Tərtər rayon sakinlərinə daşınmaz əmlakın qeydiyyatı xidmətlərini rahat çatdırmaqla yanaşı, həm də bölgə əhalisinin mülkiyyət hüquqlarını təmin etməkdir. Komitənin bu addımı mürəkkəb şəraitdə yaşayan və tez-tez düşmən tərəfin atəşlərinə məruz qalan cəbhə bölgəsi sakinlərinə dövlət qayğısının göstəricisidir. Kampaniya sosial layihə olduğu üçün əlavə ödəniş tələb olunmur. Mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. "Kütləvi çıxarış" kampaniyasının digər mühüm üstünlüyü xidmətlərin əhaliyə bilavasitə yerlərdə və ünvanlarda "bir pəncərə" prinsipi əsasında təqdim edilməsi, rahatlıq və operativliyin təmin olunması və bu sahədə vətəndaş məmnunluğunun artırılmasıdır.

Sizin Reklam Yeriniz