Əlaqə Arxiv
news Image
2016.05.16
14:30
| A A A
ADNSU ilə “Halliburton” şirkəti arasında Memorandum imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Halliburton şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Rendi Qilqristlə (Randy Gilchrist) görüşüb. Qonaqları ADNSU-da salamlayan rektor Mustafa Babanlı təhsil müəssisi haqda məlumat verərək hazırda universitetdə 27 ixtisas üzrə təqribən 9 min tələbənin təhsil aldığını, o cümlədən ali məktəbdə 15 ixtisas üzrə rus dilində, 14 ixtisas üzrə isə ingilis dilində təhsil verildiyini bildirib. Professor Mustafa Babanlı ADNSU-nun nəzdində yaradılan Fransa Azərbaycan Universiteti haqda məlumat verərək burada tədrisin ingilis dilində aparıldığını qeyd edib.

Tədrisin və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığını söyləyən rektor hazırda sayı 57 təşkil edən texniki-texnoloji ixtisasın sayının 30-dək məhdudlaşdırılmasının nəzərdə tutulduğunu söyləyib. "Hər bir ixtisasın özünün pasportunun hazırlanması nəzərdə tutulur və buna uyğun fənlərin sayı, dərs saatı hazırlanacaq", - deyə Mustafa Babanlı bildirib. O, eyniz zamanda tələbələrə paralel olaraq 2 ixtisas ala bilmələri üçün şərait yaradıldığını söyləyib. 

ABŞ-ın Corciya, Polşanın Poznan, Türkiyənin Orta Doğu Texnik Universitetləri və digər xarici ali məktəblərlə əməkdaşlıq barədə məlumat verən rektor Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrin təhsil almaq istədikləri bir ali məktəb olduğunu qeyd edib. Ötən il universitetə daxil olan 1977 nəfərdən 117 nəfərinin 600-dən yüksək, o cümlədən 28 nəfərinin 650 baldan yüksək bal topladıqlarını qeyd edən rektor universitetə orta giriş balının 436 bal olduğunu və bu göstəriciyə görə Azərbaycan ali məktəbləri arasında ADNSU-nun ön yerlədə getdiyini vurğulayıb.

Rektor Mustafa Babanlı hazırda ADNSU qarşısında duran başlıca vəzifənin bazarda tələbat olan kvalifikasiyada kadrların hazırlanması olduğunu və bu səbəbdən Halliburton kimi şirkətlərlə əməkdaşlığın, tələbələrin təcrübə proqramlarında iştirakının mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. "Biz əgər sizin üçün tələbə hazırlayırıqsa, sizin ehtiyaclarınızı bilməliyik ki, tələbələrə məhz tələbat olan ixtisaslar üzrə təhsil və bilik verək", - deyə professor Mustafa Babanlı qeyd edib və bunun üçün tələbələrin təcrübə keçmə imkanlarının genişləndirilməsi üçün səy göstərildiyini bildirib.

Halliburton şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Rendi Qilqrist Azərbaycanda 4 ildir işlədiyini, indiyədək Avfrikanın 6 ölkəsində və Almaniyada çalışdığını, lakin ən çox bəyəndiyi ölkənin Azərbaycan olduğunu söyləyib. Azərbaycanda işlədiyim müddət ərzində məqsədim biznesin yaxşılaşdırılması, yerli əməkdaşlara, o cümlədən partnoylarımızın əməkdaşlarına yeni texnologiya sarıdan biliklərinin artırılması olub. Ötən həftə ADNSU-da geologiya sahəsində təlimin keçirildiyini xatırladan Rendi Qilqrist universitet tələbələrinin bilik səviyyəsinin yüksək olduğunu məmnunluqla qeyd edib.

Təhsilə xüsusi önəm verdiyini qeyd edən Rendi Qilqrist Halliburtonun Azərbaycan nümayəndəliyinin müxtəlif şöbələrdə çalışan əməkdaşlarının ADNSU tələbələri ilə biliklərini paylaşmağa hazır olduğunu vurğulayıb. O eyni zamanda şirkət daxilində də əməkdaşların özlərinin təhsil səviyyəsini yüksəltməsini dəstəklədiyini qeyd edib.

ADNSU və Halliburton şirkəti arasında əməkdaşlığın dərinləşdirilməsi barədə yekdil rəy ortaya qoyan görüş iştirakçıları mayın sonu, iyunun əvvəllərində görüşərək gələcək əməkdaşlığın detallarını müəyyənləşdirməyi qərara alıblar. Görüşün sonunda ADNSU rektoru, professor Mustafa Babanlı və Halliburton şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Rendi Qilqrist birgə elmi işlərin aparılmasını, tələbələrin Halliburton şirktində təcrübə keçməsini nəzərdə tutan əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

ADNSU Mətbuat Xidməti

Sizin Reklam Yeriniz