news Image
2016.05.17
12:34
| A A A
Bakıda qanunsuz sərnişindaşıma faktına göz yumulur
Sərnişindaşıma üçün lisenziyası olmayan, heç bir texniki standartlara cavab verməyən mikroavtobusların hərəkətinə xitam verilmir

Sərnişindaşıma sektorunda son bir neçə ayda davamlı islahatlar aparılmasına baxmayaraq, bu sahədə olan qanunsuz sərnişindaşıma problemini bugünədək həll etmək mümkün olmayıb. Movqe.az xəbər verir ki, hələ də, aidiyyatı qurumlar Sumqayıtdan Bakıya və əks istiqamətə mikroavtobuslarla qanunsuz sərnişindaşınmasına göz yumurlar. Qeyd edək ki, Sumqayıtdan paytaxta sərnişindaşıyan avtobusların şəhərə buraxılmamasından, son dayanacağının Bakı Beynəlxalq Avtovağzal olmasından sonra birbaşa Sumqayıtdan Bakıya sərnişindaşıyan mikroavtobuslara tələbat daha da artıb. Bir neçə avtobus dəyişmək əziyyətindən qurtarmaq istəyən sərnişinlər Sumqayıtdan Bakıya birbaşa hərəkət edən mikroavtobuslardan yararlanmağa üstünlük verirlər. İllərdir ki, sözügedən mikroavtobusların qanunsuz fəaliyyət göstərdiyi bildirilsə də, heç bir qurum bu qanunsuz xəttin yığışdırılmasına nail ola bilmir. Yaxud da olmaq istəmir... Hətta qanunsuz fəaliyyət göstərərək Sumqayıt-Bakı istiqamətində sərnişindaşıyan mikroavtobuslar bir neçə dəfə qəza törətsə belə... Görünən mənzərə isə ondan ibarətdir ki, qanunsuz fəaliyyət göstərildiyi Nəqliyyat Nazirliyi tərəfindən də təsdiqlənsə də, bu mikroavtobusların fəaliyyətinə son qoyulmur. Səhər saatlarından etibarən Sumqayıtdan Bakıya birbaşa sərnişindaşıyan avtobusların artıq Bakıda son dayanacaq məntəqəsi də bəllidir. Bu mikroavtobusların sərnişinləri illərdir ki, metronun 20 yanvar ərazisindən bir qədər aralıda sözügedən mikroavtobusları gözləyərək oradan birbaşa Sumqayıta yollanırlar. Qanunsuz adlandırılan bu sərnişindaşıma marşurutunun hərəkətinə isə hər gün Nəqliyyat Nazirliyinin və digər aidiyyatı qurumların əməkdaşları şahidlik edir. Amma nədənsə sərnişindaşıma üçün lisenziyası olmayan, heç bir texniki standartlara cavab verməyən mikroavtobusların hərəkətinə xitam verilmir. Məsələ ilə bağlı Movqe.az-ın sualını cavablandıran  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı təmsil etdiyi qurumun həmin qanunsuz xəttin fəaliyyətini dayandırmaq səlahiyyətinin olmadığını söyləyir. Onun sözlərinə görə, artıq xeyli müddətdir ki, sərnişindaşıma ilə bağlı lisenziyaların verilməsi qurumun səlahiyyətinə daxil deyil: "Siz bu məsələni doğru vurğulayırsız. Qəzalı vəziyyətdə olan mikroavtobuslar qanunsuz şəkildə Sumqayıtdan Bakıya birbaşa sərnişin daşıyır. Amma məlumdur ki, Bakı-Sumqayıt avtobuslarının son dayanacağı Bakı Beynəlxalq Avtovağzalıdır. Sizin vurğuladığınız mikroavtobuslar qanunsuz fəaliyyət göstərir. Həmin mikroavtobuslar sərnişin daşımaq üçün texniki tələblərə cavab vermir. Amma bu mikroavtobusların fəaliyyətinə nəzarət bizim qurumun deyil, yol polisinin səlahiyyətindədir".

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə əraziyə təhkim edilmiş yol polisi əməkdaşlarının sərnişindaşımada lisenziyasız fəaliyyət göstərmə faktları aşkarladıqca tədbir gördüyünü söylədi: "Yol polisi əməkdaşları qanunsuz sərnişindaşıma ilə bağlı mübarizə tədbirlərini gücləndiriblər. Bu məsələ ilə əlaqədar da, ərazi üzrə fəaliyyət göstərən yol polisi əməkdaşlarına müvafiq tapşırıqlar veriləcək".

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs