news Image
2016.05.18
09:30
| A A A
İstehsalatdan ayrı düşən elm
Nadir İsrafilov: “Bizim alimlərin hansısa istehsal sahəsində öz təcrübəsini tətbiq etmək imkanları azdır” Nabatəli Qulamoğlu: “Bu gün dünyada elmi tərəqqi prosesi o qədər sürətlidir ki, ona çatmağın özü problemdir”

Araşdırmalar göstərir ki, əksər hallarda azərbaycanlı alimlərin bir çox ideyaları kağız üzərində qalır. Hansı ki, bunun da bir günahını müəssisə və digər sahibkarlıq subyektlərində axtarmağa dəyər. Belə ki, işin asanına qaçan istehsalat sahələri hazır məhsul almağa üstünlük verirlər. Bu fonda da alimlərin ideyaları yerli istehsalda istifadə olunmur. İstehsalat sahələrinə haqq qazandıranlar da var, problemin həllini elmlə istehsalatın qarşılıqlı əlaqəsində axtaranlar da.

Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov da hazırda vəziyyətin belə olduğunu təsdiqləyir: "Sovet dövründə elmlə istehsal sahəsinin qarşılıqlı əlaqəsinə böyük diqqət yetirilirdi. Hətta ayrı-ayrı ali, orta məktəblər müəyyən iri, orta zavodlarla hamilik edirdilər. Şagird və tələbələr həmin zavodlara, zavod nümyəndələri isə təhsil ocaqlarına gedirdilər.

İndi isə elmin istehsalatla əlaqəsi aşağı düşüb. Məsələn, bizim alimlərin hansısa istehsal sahəsində öz təcrübəsini tətbiq etmək imkanları azdır. Burada daha çox korporativ maraqlar önə çəkilir. Ona görə də bu kimi məsələlərin həllinə mütləq dövlət səviyyəsində önəm verilməlidir. Düzdür, bəzi univeritetlərin özləri bu işə cəhd göstərirlər. Bunun da bəzisi baş tutur, bəzisi yox. Yəni, belə göstəricilər bizdə barmaqla sayılan qədərdir. İldən-ilə universitetlərin reytinqləri açıqlanır. Bizim də adətən 3 universitetin adı bəzən həmin siyahıya düşür.

Reytinqdə meyar yalnız bilik səviyyəsi götürülmür. Eyni zamanda göstəricilərdən biri də ali məktəbin istehsalatla əlaqəsidir. Bizdə isə bu sahə ən çox "axsayan" sahələrdən biridir. Elmlə praktika vəhdət təşkil etmirsə, onda nə elm inkişaf edəcək, nə də praktiki olaraq nəsə əldə ediləcək. Ona görə də elmin istehsalatla əlaqələndirilməsi ilə bağlı dövlət səviyyəsində müəyyən proqram hazırlanmalıdır. Bu proqram çərçivəsində müəyyən məsələlər aydın şəkildə göstərilməlidir. Orada müəyyən tələblər qoyulmalıdır. Əks təqdirdə, problemlər qalmaqda davam edəcək".

Təhsil üzrə digər ekspert Nabatəli Qulamoğlu isə emal sahələrinə haqq qazandırdı: "Əslində, bizdə elə də normal ixtiralar yoxdur. Əgər doğrudan da Azərbaycanda dünyanın tərəqqisindən geri qalmayan ixtiralar olsa idi, bunlar mütləq özlərinə yer tapa bilərdirlər. Bunun üçün ölkəmizdə stimul da zəifdir. Yəni, ziyalılar yeniliklər etmək üçün can atmırlar. Elm adamları stimul ala bilmirlər.

Ola bilsin ki, gələcəkdə cəmiyyətdə buna ehtiyac duyularsa, elmi ixtiralar da arta bilər. Ancaq bu gün dünyada elmi tərəqqi prosesi o qədər sürətlidir ki, ona çatmağın özü problemdir. Yəni, bəzən elə olur ki, biz bu il kəşf etdiyimizi bir neçə il əvvəl başqa ölkələr kəşf ediblər. Ona görə də ilk növbədə dünyanın elmi tərəqqisinə çatmalıyıq. Yəni, hazırda emal müəssisələrinə haq qazandırmaq mümkündür. Əgər elm adamlarının hansısa mütərəqqi ixtiraları varsa, ortaya qoysunlar. Əgər emal müəssisələri yerli ixtiralar əsasında mal istehsal etsələr, əlbəttə ki, bundan yararlanacaqlar. Görünür, onlara sərf edən xarici, hazır ixtiralar əsasında məhsul istehsal etməkdir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs