Əlaqə Arxiv
news Image
2016.05.18
21:00
| A A A
Adınız düşdü qara siyahıya - Bir də bank nə vaxt kredit verər?

Bu gün adları bankların qara siyahısına, yəni Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) düşən şəxslər kredit götürə bilmirlər. Bu da insanlarda belə bir sual formalaşdırır:


Adı qara siyahıya düşən şəxslər növbəti dəfə nə vaxt kredit götürə bilərlər?


Məsələni iqtisadçı və hüquqşunas ekspertlərimiz ilə araşdırdıq.


Mərkəzləşdirilmiş Kredit Reyestri nədir?

Movqe.az  bildirir ki, iqtisadçı Samir Əliyev dedi ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə Mərkəzi Bank tərəfindən yaradılıb:


"Burada kredit götürən şəxslərin kredit tarixçəsi,  yəni kreditin ödənilmə vaxtı, davamiyyət, ümumiyyətlə bu tipli məlumatlar öz əksini tapır. İndi həmin Reyestr Maliyyə Bazarlarına Nəzarət Palatasının ixtiyarındadır.


Burada mahiyyət nədir?


Mahiyyət ondan ibarətdir ki, banka müraciət olunan zaman  onlar  sizin məlumatları Kredit Reyestrinə göndərir və oradan sizin haqqınızda məlumat alır.


Çox vaxt banklar kredit verməzdən öncə müştəridən başqa bankda kredit borcunun olub-olmadığını soruşanda,  "Yox" cavabı alır. Amma bütün bankların məlumatları, hətta kredit uçotlarının məlumatları belə Kredit Reyestrinə getdiyindən, müştəri bankı aldada bilmir. Bank da müraciət edərək, sizin haqqınızda məlumatları alır, sizin hansı bankda, nə qədər kredit borcunuzun olduğunuzu, davamiyyətinizin necə olduğunu öyrənir.


Burada təkcə sizin nə dərəcədə etibarlı müştəri olduğunuzdan söhbət getmir. Həm də sizin ödəmə qabiliyyətinizi qiymətləndirmək üçün onu yoxlayır. Ola bilsin, siz çox etibarlı müştərisiniz, amma sizin aylıq kredit ödənişiniz elə həddədir ki, ikinci bir banka müraciət etsəniz, ödəmə qabiliyyətiniz aşağı düşə bilər. Məhz bu tipli hallar üçün istifadə olunur".


Qara siyahıda qalma müddəti nə qədərdir?


Samir Əliyev bildirdi ki, əvvəl bu, müddətsiz idisə, indi 3 il vaxt qoyulub. Yəni, 3 ildən sonra sizin kredit tarixçəniz artıq yenilənir. Bu, o deməkdir ki, əgər mənfi kredit tarixçəniz varsa, yaxın 3 il ərzində digər bir bankdan kredit götürə bilməyəcəksiniz".


İqtisadçı eyni zamanda əlavə etdi ki, bir çox ölkələrdə bu funksiyanı Kredit büroları həyata keçirir:


"Kredit büroları müstəqil, özəl bir qurum olur. Orada sizin sırf bank ödənişləriniz yox, bütün ödəmə qabiliyyətiniz haqqında məlumat (işıq, qaz, cərimələr və s.) öz əksini tapır. Azərbaycanda düşünürəm ki, belə Kredit bürolarının yaradılmasına ehtiyac var".


Vəkillər kollegiyasının üzvü, vəkil Asif Abdullayev məsələnin hüquqi tərəfləri haqqında məlumat verdi:


"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Kreditlərin Verilməsi qaydaları 2008-ci ildə təsdiq edilmişdir. Həmin qaydalara əsasən, hər bir bank fəaliyyətinin xüsusiyyətinə və həcminə uyğun olaraq kreditlərin verilməsi üzrə strategiya, habelə kredit riskinin idarə edilməsi, o cümlədən riskin müəyyən edilməsi, qiymətləndirilməsi və nəzarətin həyata keçirilməsi üzrə bankdaxili qaydalar işləyib hazırlayır.


Göründüyü kimi, kreditin ayrılması və risklərin qiymətləndirilməsi bankdaxili qaydalarla müəyyən edilir"./milli.az/

Sizin Reklam Yeriniz