news Image
2016.05.19
10:10
| A A A
Radikalizmlə ən təsirli mübarizə ancaq Qurandır

Bu gün bir çox din xadimi radikal dini qrupların din adından törətdiyi cinayətləri qətiyyətlə pisləyir və dində bu cür insanlığa zidd davranışların olmadığını deyirlər. Lakin həmin din xadimlərinə din əxlaqını, halal və haramları, qısası, İslamı öyrənmək üçün müraciət etdikdə məzhəb imamlarının və ya müctəhidlərin fətvalarından ibarət şəriət kitablarını tövsiyə edirlər. Ziddiyyət də elə buradan başlayır. Çünki radikal qrupların din adı altında amansızlıqla yerinə yetirdikləri cəza fətvalarının elə həmin şəriət kitablarında olduğunu görürük.Bu ziddiyətin hansı səbəbdən ortaya çıxdığı isə bu din xadimləri tərəfindən izah edilmir.Bəs nə üçün bu cür dəhşətli cəzalar Quranda olmadığı halda fiqh kitablarının, demək olar ki, hamısında var? Halbuki İslamı bu kitablar olmadan öyrənməyin qeyri-mümkün olduğu iddia edilir.

Peyğəmbərimizin (səv) vəfatından sonra İslama əlavə edilmiş bu cür fətvalar Quranda əsla təsdiqini tapmır. Çünki Quran Allah tərəfindən qorunmaqdadır. Bu səbəbdən xurafatçı zehniyyət öz qaranlıq düşüncələrini müsəlmanlara qəbul etdirmək üçün Peyğəmbərimizin (səv) adından istifadə etməyə başlamışdır. Belə ki, ilk olaraq Quranın hər şeyi açıqlamadığını iddia etmiş, daha sonra isə bu "boşluğun"doldurulması üçün Peyğəmbərimizin (səv) adından çox sayda hökmlər uydurmuşlar. Hətta həddi aşaraq bir çox hökmün Peyğəmbər tərəfindən deyilsə də, əslində, Allahın hökmü olduğu iddia etmişlər. Bu xürafələri qəbul etməyənlərin  Peyğəmbəri inkar etdiyi fikrini təlqin edərək müsəlmanların böyük əksəriyyətini inanmağa məcbur etmişlər. Bu məntiqlə müsəlmanları aldatmaq istəyənlər haqqında Allah bir ayədə belə buyurur:

"Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: "Bu, Allah qatındandır!"– deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar."(Ali İmran surəsi,78)

Quranda olmadığı halda bütün fiqh kitablarında mövcud olan cəza fətvalarının, əslində,şəfqət dolu Peyğəmbərimizlə (səv) heç bir əlaqəsi yoxdur. Rəsulullah bütün məsələlərdə Qurana tabe olmuş və heç bir şəkildə ona vəhy ediləndən kənara çıxmamışdır. 

"Sənə nazil edilən vəhylərə tabe ol və Allah Öz hökmünü verənə qədər səbir et. O, hökmranların ən yaxşısıdır."(Yunis surəsi, 109)

Allah Quranda Peyğəmbərimizə (səv) dini yaşamaq üçün ehtiyac duyulan bütün məlumatları vəhy etmişdir. 

"Biz Bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik. İnsan isə ən çox mübahisə edəndir." (Kəhf surəsi, 54)

Allah bütün müsəlmanların ancaq Qurana tabe olmasını, Qurandakı hökmlərdən başqa hökm axtarmamalarını bir ayədə belə əmr edir:

"Onlar cahiliyyə hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim¬ ola bilər?"(Maidə surəsi, 50)

Gördüyümüz kimi, Allah Peyğəmbərimizə (səv)ancaq Qurana tabe olmasını əmr edən bir çox ayə endirmişdir. Təkcə Qurana tabe olmağın Peyğəmbəri (səv) qəbul etməmək mənasına gəldiyini demək isə qeyri-səmimi izahdır. Bu cür izahlarla insanları Peyğəmbərimiz(səv) adından uydurulmuş, şiddətə təşviq edən yanlış məlumatlara yönləndirmək heç bir müsəlman tərəfindən qəbul edilməməlidir. 

Əlbəttə ki, Peyğəmbərimizin (səv)çoxlu gözəl sözləri, öyüd və tövsiyələri vardır. Hər bir müsəlman bütün bu gözəl söz və tövsiyələrə dəqiqliklə əməl etməlidir.Lakin bununla yanaşı yuxarıda da qeyd etdiyimiz kimi, Peyğəmbərimizin (səv) adından uydurulmuş çox sayda yanlış məlumatlar da vardır. Məlumatların Rəsulullaha aid olub olmamasını öyrənmək üçün ən doğru yol Quranla uyğunluğunu yoxlamaqdır. Çünki Peyğəmbərimizin (səv) Qurana müxalif sözü ola bilməz. 

Bu məsələdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Şiddətə təşviq edən, Quranda olmayan hökmlərin fiqh kitablarında fətvalar şəklində yer almasını heç bir din xadimi qəbul etməməlidir. Heç bir məzhəb imamı və ya müctəhidin fətvası Allahın sözündən üstün deyil. Onların doğruluğunu müdafiə etmək üçün Quranı yetərli görməmək Allahın razı qalmadığı bir davranışdır. Allah dini yaşamaq üçün Quranın yetərli olduğunu bildirir:

"Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adam¬¬lar üçün mərhəmət və ibrət vardır." (Ənkəbut surəsi,51)


Mübarək Peyğəmbərimizin (səv) Qiyamət günü ümmətindən edəcəyi yeganə şikayəti də məhz Quranın tərk edilməsi ilə bağlıdır.


"Peyğəmbər: "Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!"– deyəcək." (Furqan surəsi, 25)


Quranın dini yaşamaq üçün yetərli görülməsi Peyğəmbərimiz tərəfindən də müsəlmanlara tövsiyə edilmişdir.


"İnsanlara nə olub ki , Allahın Kitabında olmayan şərtlər qoşurlar? Haqqın Kitabında olmayan şərt,  yüz də olsa batildir. Allahın hökmü ardınca gedilməyə daha layiq, şərti isə daha möhkəmdir..."( Hz. Aişə (r.ə) / Ramuz əl-Ehadis Cild1, səhifə 82 , no.11 )


Nəticə etibarilə, radikal dini qruplara qarşı ən təsirli mübarizə Quranın tək rəhbər qəbul edilməsi ilə mümkündür. Belə olduqda əsilsiz və müsəlmanları şiddətə, nifrətə və kinə yönləndirən səhv məlumatları  insanlara İslam adı altında təqdim edilməyəcək. Eyni zamanda müsəlmanlar arasındakı ayrılıq və ixtilaflar da sona çatacaq. Çünki müsəlmanlar arasındakı bütün ayrılıqların səbəbi Qurandan kənar bir-birinə zidd məlumatların dini qaynaqlarda yer almasıdır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs