Əlaqə Arxiv
news Image
2016.05.23
11:40
| A A A
ADNSU tələbəsi sayt yaradıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) III kurs tələbəsi Elmin İsgəndərzadə maraqlı, gənclərin, əsasən tələbələrin yararlanacağı bir sayt yaradıb. O, saytı yaratmaq fikrini ilk olaraq rektorun müşaviri Rusif Hüseynovla bölüşüb. Daha sonra yaxın dostları ilə müzakirələr aparıb. Nəhayətdə, sayt artıq fəaliyyətdədir və qısa zaman kəsiyində xeyli baxış qazanıb.

Elminin sayt yaratmaq ideyası onun tələbəlik həyatında mütəmadi qarşılaşdığı durumla əlaqədar olub. Deyir ki, evdən-evə kirayə köçərkən əvvəlki kurslarda aldığı kitabların çoxluğu onu uzun müddət "bunları necə lazımlı edim" sualı qarşısında qoyub. Elə sayt yaratmaq ideyası da bu suala cavab axtararkən yaranıb: "Fikirləşdim ki, bu kitabları satıb pula çevirsəm daha məqsədyönlü olar. Yəni həm kitablara xərclədiyim pulların bir hissəsini qaytarmış olaram, həm başqaları da kitablardan yararlanar, həm də bu yükü özümlə daşımaram. Sayt yartmaq ideyama başqa səbəblər də var idi. Məsələn, keçən yay 1 aydan çox vakansiyalar saytlarında vaxtım itib, bir tələbə olaraq mənə uyğun vakansiyaların həddindən artıq az olduğunu gördüm. Üstəlik, tələbə oğlanlar üçün kirayə ev tapmaq nisbətən çətindir. Düşündüm ki, tələbələrin qarşılaşdığı bu kimi halları aradan qaldırmaq üçün niyə də bir sayt yaratmayım? Həm özüm faydalanaram, həm də tələbə dostlar".

Elmin bu saytı hələ ki, ali təhsil müəssələrinin tələbələri üçün nəzərdə tutduğunu deyir: "Müəssisə məhdudiyyəti yoxdur. Sadəcə, hansısa təhsil müəssəsinə aid dərs kitabını satışa qoyduqda, müəssəni qeyd etmək lazımdır ki, axtaran tələbələr üçün asan olsun - onlar filterdə öz müəssələrini seçib axtarış nəticələrini dəqiqləşdirsinlər".

Elmin deyir ki, saytın yaradılmasında ADNSU dəstək göstərdiyinə, həm də özü burada tələbə olduğu üçün universitetlə bağlı məlumatları da yeni yaratdığı sayta yerləşdirir. Eyni zamanda ADNSU-nun saytının və rəsmi "Facebook" səhifəsinin eventini, universitetin loqosunu yaratdığı telebe.site/az/ saytında görünən yerdə yerləşdirib.

Qeyd edək ki, tələbəmizin saytında xəbərlər iki dildə dərc olunur. Elmin bu saytın uğurlu gələcəyinə çox inandığını və təhsilini başa vurduqdan sonra da saytla məşğul olmaq, onu inkişaf etdirmək fikrində olduğunu deyib. Sayta əməkdaşların cəlb edilməsinə gəlincə, Elmin daim ona dəstək olan qrup yoldaşlarının könüllü olaraq kömək göstərdiklərini vurğulayaraq, gələcəkdə sayt gəlir gətirdiyi halda məhz onlarla birgə çalışacağının mümkünlüyünü bildirib.

Rektor, professor Mustafa Babanlının qısa müddət ərzində ADNSU-da yeniliklər etdiyindən də danışan tələbəmiz, məhz bu yeniliklər sayəsində tələbələrə imkanların yaradıldığını vurğulayaraq, sayt ideyasını həyata keçirmək üçün bu yeniliklərdən impuls aldığını bildirib.

Sizin Reklam Yeriniz