Əlaqə Arxiv
news Image
2016.05.24
16:42
| A A A
Mənim tanıdığım Binəli Yıldırım…
Və ya iki il əvvəl onunla müsahibəm niyə baş tutmadı?

Təkcə Türkiyə yox, həm də minilliyin dörddən biri qədər- 250 ilə yaxın quruluş tarixi olan İstanbul Texniki Universiteti (İTU) bu dəfə Binəli Yıldırımın adı ilə gündəmə gəldi. İTU-nun tarixən məşhur məzunları Türkiyədə və dünyada çox əhəmiyyətli müvəffəqiyyətlərə imza atanlar olmuşlar. Bu məşhurlar sırasında Nəcməddin Ərbakanın, Turqut Özalın və Süleyman Dəmirəlin adları ön sırada gəlməkdədir. Sonralar Özal Türkiyə Respublikasının 8- ci, Dəmirəl isə 9- cu prezidenti oldular. İndi də bütün dünya Türkiyənin mayın 22-də etdiyi seçimdən, Hakim Ədalət və İnkişaf Partiyasının bazar günü keçirilən növbədənkənar qurultayında ölkənin ikinci şəxsi və partiyanın sədri seçilən İTU-nun başqa bir məzunundan - Binəli Yıldırımdan danışır …


Zahirən sərt, daxilən səmimi, sadə bir xalq adamı


Bu tarixi günlərdə mənimsə yadıma Binəli Yıldırımla təsadüfdən, ya qismətdən ortaya çıxan bir görüş düşdü. Əslində, bu görüş həmişə yadımda olub, sadəcə… 2014-cü il 30 mart bələdiyyə seçkilərində İzmir Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olan B.Yıldırımın Türkiyədə, o cümlədən İzmirdə olduğum müddətdə, demək olar ki, bütün görüşlərini izləməyə çalışmışam. Bölgənin hər bir meydan və küçələrini, az qala, addım-addım gəzən, İzmirin məşhur Cumhuriyyət, Gündoğdu, Konak meydanlarında, Bornova, Kamalpaşa, Karşıyaka, Balçova, Konak, Torbalı, Berqama, Menenen kimi onlarca ilçələrində seçiciləri ilə böyük bir məhəbbət və vurğunluqla görüşən Binəli bəyin yorğunluq bilməyən proqramına heyranlığımı da gizlədə bilməmişəm.


Düzü, o günlər mənə əsl seçki izdihamının nə olduğunu yaşatdığı kimi, adamların seçkilərə necə bir ruh yüksəkliyi ilə qatıldığını görməyə də ciddi bir marağım yaranmışdı. Baş nazir Ərdoğanın İzmir səfərində söylədiyi "İzmir AKP-yə möhtac, İzmir Binali Yıldırıma möhtac" təqdimatı da, əslində, bu mübarizədə yanan ocağa atılan benzin kimiydi.


Maraqlıdır ki, Binəli bəy bu mübarızəsini son ana kimi apardı. Böyük İzmirə gətirəcəyi yüzlərlə layihələrdən, açılacaq iş yerlərindən danışmaqdan nəinki doymayan, əksinə, güc-qüvvət alan bir insanın dəyanəti adamı heyran etdiyi qədər də qürurlandırırdı. İsti olmayan yağışlı havanın və Egey dənizinin axşam rüzgarının söyuğundan qorunmaq üçün kürəyinə və çiyinlərinə atılmış olduğu dama-dama şal onun mübariz görkəmini tamamlamaqda idi. Səsi bir az batsa belə, yorğunluğunu büruzə vermədən mübarizəsini davam etdirirdi. Belə tədbirlərin birində ona qələbə arzulamışdım. Mən onda zahirən çox sərt və ciddi görünən Binəli Yıldırımın çox səmimi, sadə bir xalq adamı olduğunu da görmüşdüm. İzmir Böyükşəhər Bələdiyyəsinin sədri kimi ondan intervü alacağıma da razılaşmışdıq, hətta görüş üşün birbaşa əlaqə telefonu da vermişdi. Sadəcə o vaxtlar Binəli bəyin qazana bilmədiyi seçki məni bir jurnalist kimi onunla növbəti görüş fikirimdən daşındırdı.


Amma o gərgin mübarizədən sonra Binəli bəy CHP-nin "alınmaz qala"sı sayılan İzmirdə AKP-nin səslərini 36 faizə yüksəltdi, qazandığı bələdiyyə sayı 1-dən 6-ya çatdı. Yenidən İzmir Böyükşəhər Bələdiiyə sədri seçilən Əziz Kocaoğlunun qələbəsini isə faciə kimi yox, İzmirin növbəti uğurları üçün yeni addım kimi dəyərləndirdi, izmirlilərə isə ugurlar arzuladı. O da yadımdadır ki, bələdiyyəyə yenidən sədr olmuş Əziz Kocaoğluna təkcə keçən 10 ildə gördüyü


işlərinə görə yox, həm də Binəli Yıldırım kimi bir nəhənglə mübarizədən qalib çıxdığı üçün təbrik ünvanlamışdım.


Uzun müddətli nazir karyerası


Düzü, o vaxtdan sonra Türkiyənin günlərimizdəki tarixini izləmək mənim üçün həm də Binəli Yıldırımın həyat yolunu izləmək qədər maraqlı və doğma idi. Ərzincana yolum düşməsə də Trabzonda, Bayburtda, Samsunda olanda fikiridən keçən bir həqiqət də bu olub ki, burdan Binəli bəyin doğulduğu Refahiyə şəhərinə neçə kilometr məsafə qalıb. Düzdür, onda kifayət qədər sayılıb-seçilən bir nazirin vətəninə gedə bilməsəm də, indi baş nazir olmuş həmin şəxsin vətəni ilə tanışlıq bir jurnalist kimi məndə daha ciddi maraq döğurur.


Binəli Yıldırım Türkiyə tarixində nəqliyyat və rabitə naziri vəzifəsində ən uzun müddət-- 12 il çalışmış şəxs olduğundan qardaş Türkiyədə olanların onun adını tez-tez eştməsi heç kəsdə təəccüb yaratmır. Bu ad ilk dəfə Türkiyədə böyük yol qəzası kimi tarixə düşən "Pamukova faciəsi"ndən sonra gündəmə şimşək kimi gəldi. Onda da B.Yıldırım nazir idi-- 22 iyul 2004-cü ildə "Pamukova faciəsi" kimi tanınan qatar qəzası bütün Türkiyəni silkələdi. Ankara-- İstanbul arasında sürətləndirilmiş səfər keçirən və içərisində 291 nəfər sərnişinin olduğu qatar Sakarya şəhərinin Pamukova bölgəsində relsdən çıxaraq qəzaya uğradı və 41 sərnişin həyatını itirdi. Qəzanın səbəbi kimi maşinistin sürət həddini aşdığı bildirildi. Amma nazir B.Yıldırımın KİV- lərdə səbr və sübütlu dəlillərə əsaslanan müsahibələri reallıqları ortaya qoymaqla, onu istefa çağırışlarından da xilas etdi...


2014-cü ilin 30 mart bələdiyyə seçkilərindən sonra yenidən nazir postuna qayıtmasa da, iyun ayında baş nazir olan, iki ay sonra isə prezident seçilən Rəcəb Tayyib Ərdoğanın müşaviri təyinatını aldı. AKP-nin 2015-ci il noyabr zəfərindən sonra isə baş nazir Əhməd Davudoğlu təşkil etdiyi 64-cü hökumətdə nəqliyyat, dənizçilik və kommunikasiya naziri yenidən Binəli Yıldırım oldu. Onun nazir olduğu dövrdə 17 min 500 km yol təmir olundu, aktiv hava limanlarının sayı 26-dan 55-ə çatdı, dünyada cəmisi 5 faiz böyüyən hava sektorunun, Türkiyədə 15 faiz böyüdüyü həqiqətə çevrildi. Ümumilikdə, ölkədə 3668 layihə həyata keçirildi, davam edən layihələrin həcmi isə 168 milyard dollardır.


Türkiyənin çox nəhəng yol infrastruktur layihələrinə imza atan Binəli Yıldırımın fəaliyyəti o qədər geniş və əhatəlidir ki, bu haqda danışanda haradan başlamağın özü də bir çətinlik yaradır. Körfəz keçid Körpüsü kimi tanınan və Türkiyə prezidenti Ərdoğanın Osman Qazi Körpüsü adını verdiyi asma körpü ən son layihələrdəndir. Uzunluğu 2682 metr olan bu körpü dünyanın dördüncü ən uzun asma körpüsü olmaqla İstanbul –İzmir yolunu 6-- 7 saat əvəzinə, 3 saat yarıma qət etməyə imkan verəcəkdir. Ərdağanın dediyi kimi körpü 1 saata keçilən körfəzi 6 dəqiqədə kecməyə imkan verəcək.


Tarixi İpək yolunun bərpası Azərbaycan, eləcə də Avropa və Asiya ölkələri üçün böyük önəm daşıyan layihədir. Böyük İpək yolunun davamı olan Bakı-- Tbilisi-- Qars dəmir yolu layihəsi də nəqliyyat naziri kimi Binəli Yıldırım xüsusi önəm verdiyi layihələr sırasında olub. Belə layihələr Azərbaycanı yenidən dünyanın tranzit, nəqliyyat və ticarət mərkəzlərindən birinə çevrilməsi yönündə atılan uğurlu addımlardandır. Amma vaxtı ilə Bakı-- Tbilisi-- Qars dəmiryolu layihəsi qonşu Rusiya və Qərb dövlətləri tərəfindən dəstəklənməyəndə, hətta ABŞ-ın rəsmi dairələrinin məsələyə biganə münasibətindən sonra Azərbaycan bu layihəni, demək olar ki, xilas etdi. Onda da Türkiyənin nəqliyyat naziri olan Binəli Yıldırım bunu xüsusi vurğulamışdı: "Əgər Azərbaycan Prezidenti İlham Əliyev qətiyyət göstərməsəydi, bu layihənin gerçəkləşməsi qeyri- mümkün olardı. Gürcüstan hissəsinin maliyyələşdirilməsinə dair Azərbaycanın qərarı bu layihənin həyata keçirilməsində ən vacib addım idi".


Onun zamanı gəldi...


Hakim partiyanın Mərkəzi İdarə Heyətinin toplantısında deputatlar və mərkəzi aparat işçiləri arasında keçirilən seçkilərdə böyük çoxluq sədr olaraq rabitə və nəqliyyat naziri Binəli Yıldırımı görürdü. Mayın 16-də AKP baş qərargahında keçirilən toplantıda 81 vilayətdən gəlmiş yerli təşkilat sədrləri, gənclər və qadınlar təşkilatları, eləcə də əyalət bələdiyyə sədrləri və vilayət partiya məclisi sədrlərinin qatıldığı toplantıda da iştirakçılar Binəli Yıldırımı partiya sədri və baş nazirliyə yeganə namizəd kimi təqdim etmişdi. Hətta kürsüdə Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Ömər Çəlikin Binəli Yıldırımın adını çəkməyi ilə salondakı alqışların gurultusu xeyli sürdü.


Yeri gəlmişkən, Binəli Yıldırım 2015-ci ilin payızında AKP qurultayı zamanı 1300 nəfərlik qurultay nümayəndəsindən 900-dən çoxunun dəstəyini alsa da, sonradan prezident Ərdoğanla Davudoğlu arasında anlaşma əldə olunması nəticəsində sədr ola bilmədi. 7-- 8 ay əvvəl baş nazir və partiya sədrliyinə bir addım məsafədən geri çəkilən və istefası gözlənildiyi halda AKP komandasına sadiq olan Binəli Yıldırımın zamanının gəldiyi təsdiqini tapdı. Nəhayət, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası bazar günü keçirilən qurultayında seçiləcək yeni sədrini təqdim etdi. Növbədənkənar qurultayda 65-ci hökuməti qurmağı Türkiyə Respublikasının yeni baş naziri Binəli Yıldırıma həvalə etdi.


Bu onun səsi idi, həmişəki kimi inamlı...


...22 may bazar günü seçkiləri sona yetəndən az sonra təbrik üçün Binəli bəyin telofonunu yığdım. Düzü telefona cavab verəcəyinə əminliyim olmasa belə, nömrəni yığdım.


Bu onun səsi idi, həmişəki kimi gürultulu, inamlı... Təbrik etdim, Bakıdan salamlarımı yetirməklə uğuruna çox sevindiyimi, Türkiyə--Azərbaycan əlaqələrinin inkişafına yeni töhfələr verəcəyini arzuladım. İzmirdə-- iki il əvvəlki görüşümüzü xatırladandan sonra intervü üçün ən yaxın vaxtlarda görüşməyimi istədim. Yeni baş nazir minnətdarlıq və təşəkkürlərindən sonra, mütləq görüşərik dedi...


Hər halda iki il əvvəl baş tutmayan görüşümdən sonra daha statuslu görüş üçün vaxt almağım məni sevindirdiyi qədər də təəcübləndirdi: qardaş Türkiyənin baş naziri bu qədər yaxın, bu qədər əlçatan imiş...

Sizin Reklam Yeriniz