news Image
2016.05.25
09:15
| A A A
Ərəb turistlərin Azərbaycana marağı artır
Elxan Vəliyev: “Bəzi tədbirlərin görülməsilə ərəb ölkələrindən gələn turistlərin sayının daha da çoxalmasına nail olmaq mümkün olacaq”

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayı 27 dəfə artıb. Təkcə aprel ayında BƏƏ-dən ölkəmizə səfər edənlərin sayı 2500-ü ötüb. Qeyd edək ki, ötən ilin noyabrından BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq edilir. Bu ilin fevralından Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilib.

Proses ondan xəbər verir ki, son zamanlar Azərbaycana turist qismində təşrif buyuranlar arasında ərəb ölkələrindən gələnlərin sayı artır. Turizm eksperti Elxan Vəliyevin fikrincə, infrastrukturun gücləndirilməsi istiqamətində bəzi tədbirlərin görülməsilə ərəb ölkələrindən gələn turistlərin sayının daha da çoxalmasına nail olmaq mümkün olacaq: "Təbii ki, hazırda Azərbaycana bütün istiqamətlərdən gələn turistlərin sayında artımlar müşahidə olunur. Bu proses də son keçirilən tədbirlərlə əlaqədardır. Bu artım özünü ərəb ölkələrindən gələn turistlərin sayında da göstərir.

Ölkəmizdə turizmin inkişafı istiqamətində dövlət tərəfindən yetərincə lazımı addımlar atılır. Amma burada turizm şirkətlərinin də üzərinə böyük məsuliyyət düşür. Göstərilən xidmətlərin yüksək səviyyədə təşkil edilməsi vacib məsələlərdəndir. Yaxşı olar ki, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin hər hansı bir koordinasiyaedici şöbələri yaradılsın və onlar da öz üzərlərində işləməklə turizm şirkətlərinə nəzarət edib, gələn turistlərin sayının daha da artırılmasına nail olsunlar. Eyni zamanda, bu istiqamətdə müəyyən maarifləndirmə işləri də həyata keçirilməlidir. Təəssüf ki, belə maarifləndirmə tədbirləri ölkəmizdə az keçirilir. Turizm infrastrukturunun yaradılması yolunda müəyyən boşluqlar var ki, düşünürəm onların aradan qaldırılması ərəb ölkələrindən gələn turistlərin sayının daha da artmasına təkan verə bilər. Bu baxımdan lazımdır ki, onlar üçün xüsusi şəraitlər yaradılsın.

Turistlərin artımına nail olmaq üçün göstərilən tədbirlərin özü də bir və ya iki dəfə üçün nəzərdə tutulmamalıdır. Proses planlı şəkildə və ölkələrə uyğun formada nəzərdə tutulmalıdır. Xaricdən gələn turistlərin sayının daha da artması üçün təbii ki, yerində viza rejiminin tətbiq olunması, yaxud da turistlərin sayının daha da artımına nail olmaq üçün müvafiq vaxtlar təyin olunmalıdır. Yəni gələn turistlərin viza rejimindən həmin mövsüm dövründə azad olunmaları mövzu ola bilər. Digər şəraitlər də yaradılmalıdır ki, ərəb ölkələrinin hər birindən ölkəmizə gələn turistlərin sayının daha da çoxalmasına nail olaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs