Əlaqə Arxiv
news Image
2016.05.26
12:00
| A A A
Orta məktəb şagirdlərinin summativ dərdi...
Əjdər Ağayev: "Şagirdin biliyini qiymətləndirmək, onun dərsi, keçirilmiş proqramı mənimsəyib-mənimsəmədiyini öyrənmək üçün iki həftədən bir imtahan keçirməyə ehtiyac yoxdur"

Orta məktəblərdə kurikulumun tətbiqindən sonra ibtidai siniflərdə belə, tez-tez kiçik summativ qiymətləndirmə (ksq), rübbün yekununda isə böyük summativ qiymətləndirmə (bsq)  aparılır. Valideynlərin əksəriyyəti aşağı siniflərdən şagirdlərin imtahan edilərək test formasında hazırlanan suallara cavab verməkdə çətinlik çəkməsindən, ksq və bsq-lərə salınan sualların qəlizliyindən şikayətlənirlər. Artıq tədris ilinin sonu yaxınlaşdığından, məktəblərdə şagirdlərin yekun qiymətləndirilməsi prosesinə hazırlıq başlayıb. Yekun qiymətləndirmədə şagirdlərin yüksək nəticə göstərməsi üçün siniflərdə tez-tez müxtəlif fənlərdən kqs-lər keçirilir. Sovet dövründə şagirdlərin biliyi ancaq buraxılış siniflərində imtahan edilirdisə, kurikulumun tətbiqindən sonra bütün ümumtəhsil müəssisələrində qiymətləndirmə təlimatları dəyişib. İndi orta məktəbin birinci sinfinə gedən şagird belə ilk rübbü oxuyub qurtarar-qurtarmaz ksq metodu ilə qiymətləndirilir. Ksq və bsq-lərə salınan suallar isə əsasən əlavə vəsaitlər əsasında hazırlanır.  Adının çəkilməsini istəməyən ibtidai sinif müəllimlərindən biri Movqe.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, ksq və bsq-lərə salınan suallar dərsliklərdən yox, liseylər üçün nəzərdə tutulmuş Aygün Məcidova və Əlican Namazovun müəllifi olduğu əlavə vəsaitlərdən salınır. Bu əlavə vəsaitlər isə ancaq özəl liseylərdə tədris olunur. Təhsil üzrə ekspert Əjdər Ağayev ümumiyyətlə, aşağı siniflərdə imtahan şəklində, testlər tərtib etməklə qiymətləndmənin aparılmasının düzgün olmadığını söyləyir. Onun sözlərinə görə, şagirdin birinci sinifdən biliyini test sualları tərtib etməklə qiymətləndirmək uşaqları əzbərçiliyə meyilləndirir: "Birinci sinifin ilk yarımilində uşaq hələ güclə oxumağı öyrənir. Hələ hərfləri tam öyrənməyən uşağı imtahan etmək, onun biliyini test sualları vasitəsilə qiymətləndirmək yanlışdır. Çünki, uşaq hələ təzə-təzə hərfləri tanıyır, rəqəmləri yazır, toplayıb çıxa bilir. Onun beynini test suallarına cavab axtarmaqla yükləyiriksə, şagirdin zehni də tez yorulacaq. Mənim fikrimcə, şagirdi ibtidai sinifdə imtahan etmək tamamilə yanlışlıqdır. Bu uşaqların əsəblərini korlamaq deməkdir. Üstəlik nəzərə alaq ki, ibtidai siniflərdə kqs və bsq-lərin tərtib olunmasında istifadə olunan vəsait tədris proqramına uyğun deyil, bu, çox ciddi səhvdir".

Ə. Ağayev deyir ki, bu stersli bir imtahan oyunudur: "Şagirdin biliyini qiymətləndirmək, onun dərsi, keçirilmiş proqramı mənimsəyib-mənimsəmədiyini öyrənmək üçün iki həftədən bir imtahan keçirməyə ehtiyac yoxdur. Sinifdə keçirilən mövzulara uyğun iki tapşırıq, iki məsələ həll etdirməklə də, şagirdlərin hansının mövzuları mənimsəyib-mənimsəmədiyini üzə çıxartmaq olar. Necə ki, sovet dövründə bu cür üsulla müəllimlər ibtidai sinifdə şagirdlərin bilik səviyyəsini müəyyənləşdirirdilər. Kağız-kuğuzla yoxlama aparmağa sərf edilən vaxta, şagirdə xeyli proqram mənimsətmək olar. Çox təəssüf ki, bu gün müəllimlərin vaxtı məktəbdə test çıxartdırmağa, test paylamağa, test yoxlamağa gedir. O vaxt bir yoxlama işi ilə sinifin bilik səviyyəsini müəyyənləşdirirdi müəllimlər. İndi isə uşaqları imtahan xofu ilə sıxmaqla test işləməyə məcbur edirlər".

Ə. Ağayev deyir ki, bu, kurikulumun tələbi olduğundan, müəllimlər də məktəbdaxili bu cür qiymətləndirmə aparmağa məcburdurlar: "Amma, bu, o demək deyil ki, müəllimlər həmin testləri tərtib edəndə ancaq əyani vəsaitdən istifadə etməlidirlər. Bu suallar dərsliklərdən istifadə edilməklə hazırlanmalıdır ki, şagird də cavab verə bilsin. Amma indi əksər hallarda ksq və bsq-lərə sualları əlavə vəsaitlərdən salırlar ki, bu da şagirdləri çətinə salır. Çünki, o vəsaitlər orta məktəblər üçün yox, liseylər üçün hazırlanıb. O vəsaitlərin də müəlliflərinin çoxu, liseylərdə dərs keçir".

Ekspert bu cür vəziyyətin şagirdlərlə yanaşı, valideynləri də çətinə saldığını deyir. Onun sözlərinə görə, valideynlər məcburiyyət qarşısında uşaqları müəllim yanına hazırlığa qoyur, hazırlıq müəllimləri isə valideynlərə bu əlavə vəsaitləri aldıraraq şagirdə işlədir. Ekspert deyir ki, summativ qiymətləndirmələrin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunduğundan, onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alındığından, valideynlər çalışır ki, uşaqları bu imtahanlardan yüksək nəticə ilə çıxsın ki, qiymətləri aşağı düşməsin: "Bu isə uşağın beyninin əlavə yüklənməsinə, yorulmasına gətirib çıxardır. Məktəbdə dərslikdəki proqramdan əlavə, şagird məcbur olur ki, evdə dincəlməmiş hazırlığa gedib yenidən əlavə vəsait işləsin. Bu uşaqda zehni yorğunluğa səbəb olur. Çünki, o əlavə vəsaitlərdəki materiallar nəinki şagirdin yaşı, qavrama qabiliyyəti, fiziki və zehni inkişafı nəzərə alınmadan hazırlanıb. Bu vəsaitləri məktəblərdə qiymətləndirmədə istifadə etməyin birmənalı olaraq qarşısı alınmalıdır. Çünki, o vəsaitlərdəki məsələ və misalların çoxu qəlizdir. Hətta deyərdim ki, yuxarı sinif dərsliklərini proqramına uyğun hazırlanıb. Odur ki, bu vəsaitlərdən məktəblərdə ksq və bsq-lərdə istifadə olunmasının qarşısı alınmalıdır".

Təhsil Nazirliyindən verilən məlumata görə isə, ümumtəhsil məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə təlimat var.  Bu təlimat Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsilin dövlət standartları və proqramları kurikulumları" və  09 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edir.  Burada göstərilib ki, məktəbdaxili qiymətləndirmə diaqnostik-ilkin səviyyənin qiymətləndirilməsi, formativ-fəaliyyətin qiymətləndirilməsi, summativ-kiçik, böyük və yekun qiymətləndirmələrdən ibarətdir. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlara nail olması üçün onun fəaliyyətini izləmək məqsədi ilə aparılır. Summativ qiymətləndirmə isə təlim prosesində müəyyən mərhələlərə tədris vahidinin, yarımilin sonunda yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək məqsədilə aparılır. Diaqnostik, formativ və summativ qiymətləndirmələr sistemli şəkildə yeni fənn kurikulumları tətbiq olunan siniflərdə həyata keçirilir. Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır. Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Yekun qiymətləndirmə təhsil səviyyələrinin sonunda buraxılış imtahanları şəklində aparılır. Summativ qiymətləndirmələrin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır. Kiçik summativ qiymətləndirmənin keçirilməsi üçün vaxt fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilərək qiymətləndirmə vasitələri hazırlanır. Böyük summativ qiymətləndirmə vasitələri isə Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarə edən orqanlar və ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. Kiçik summativ qiymətləndirmə bir dərs saatı və ya dərs saatının bir hissəsində aparıla bilər. Bu müddət fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir. Yarımillərin sonunda böyük summativ qiymətləndirmənin bir dərs saatı ərzində keçirilməsi illik planlaşdırmada nəzərdə tutulur. Kiçik və böyük summativ qiymətləndirmə vasitələri asan, orta, çətin olmaqla hazırlanır. Asan tapşırıqlar idrakın bilmə mərhələsinə aid olub şagirdin hər hansı bir məlumatı bilməsini və yadda saxlamasını ölçür. Orta səviyyəli tapşırıqlar idrakın anlama, tətbiq və təhlil mərhələsinə aid olub şagirdin səbəb-nəticə əlaqələrini anlamaq, tətbiq etmək, müqayisə etmək və fərqləndirmək kimi bacarıqlarını qiymətləndirir. Çətin səviyyəli tapşırıqlar idrakın sintez və dəyərləndirmə mərhələsinə aid olub şagirdin sintez etmək, qarşılaşdırmaq, dəyərləndirmək, qərar qəbul etmək bacarıqlarını ölçür. Böyük summativ qiymətləndirmə vasitələri fənnin məzmunundakı əsas zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət edir. Təhsil Nazirliyinin tövsiyələri və verdiyi nümunələr əsasında hər bir ümumi təhsil müəssisəsində qiymətləndirmə vasitələri bankı tərtib edilir. Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır. Şagirdin yarımillik qiyməti kiçik summativ-yarımillik ərzində keçirilən qiymətləndirmənin nəticələri 40%, böyük summativ-yarımillik sonunda keçirilən qiymətləndirmənin nəticələri 60 % hesab olunmaqla müəyyən düstur əsasında çıxarılır. Summativ qiymətləndirmə sinfin bütün şagirdləri üçün eyni vaxt ərzində eyni çətinlik dərəcəsinə malik olan qiymətləndirmə vasitələri ilə aparılır".


Sizin Reklam Yeriniz