Əlaqə Arxiv
news Image
2016.05.26
19:00
| A A A
Rusiyada Azərbaycan yazıçısının əsərinə qadağa qoyuldu

Yazıçı Varisin mayın 18-də Rusiyanın ən böyük ədəbi portalı olan "Proza.ru"da (gündəlik oxucu sayı - 1000000 nəfər) dərc edilən, bir azərbaycanlı şəhid anasının real yaşantılarını əks etdirən "Yaş əsgər çəkmələri" hekayəsi qısa müddət ərzində çox böyük oxucu auditoriyası, çoxsaylı resenziya və rəylər toplayaraq gündəmi tutmuşdu. Oxucular erməni işğalçılarının timsalında bütün insan qanı axıdan müharibə təşkilatçılarını lənətləməkdəydilər.


Milli.az bildirir ki, "Proza.ru" rəhbərliyi hekayəni saytdan çıxararaq yazıçıya bu barədə belə bir bildiriş göndəib:


"Sizə məlum edirik ki, "Yaş əsgər çəkmələri" əsəriniz "Proza.ru" serverində dərc edilmək qaydalarına zidd olduğuna, 3.2 maddənin tələblərini pozduğuna görə saytdan çıxarılmışdır. Bu maddəyə görə, Rusiya Federasiyası qanunvericiliyi ilə qadağan edilmiş məzmuna malik əsərlər dərcə buraxılmır".


Rusiya Yazıçılar Birliyinin üzvü olan, "Qu quşu rəqsi" hekayəsi RYB-nin 2015-ci ilin ən yaxşı nəsr nümunələrini özündə birləşdirən "Proza. 2015" almanaxına daxil edilən yazıçımız server rəhbərliyi ilə əlaqəyə girərək konkret cavab almağa çalışıb. Cavab bu cür olub: "Siz "İşğalçı erməni silahlı qüvvələri" söz birləşməsindən istifadə etməklə millətlərarası münaqişəni qızışdırmağı qadağan edən Rusiya qanunvericiliyini pozmusunuz. Bizim müəlliflər tək Rusiya ərazisində deyil, başqa ölkələrdə, o cümlədən də, Ermənistanda yaşadıqlarına görə, sizin nəzər-nöqtəniz başqalarının nəzər-nöqtələri ilə kardinal dərəcədə fərqlənə bilər.


Bundan başqa, sizin əsəriniz bütün dünyanı əhatə edən oxucu kontingentimiz arasında da fərqli və neqativ reaksiya yarada bilər".


Yazıçıya başqa mənbələrdən məlum olub ki, "Yaş əsgər çəkmələri"nin saytdan çıxarılması üçün onlarla erməni yazarı, eləcə də yüzlərlə erməni oxucu sayt rəhbərliyinə şikayət edib.


Xatırladaq ki, Azərbaycan yazıçısının Beynəlxalq Moskva Ədəbi Mükafatının finalçısı olması şərəfinə, olduqca nüfuzlu "Sovremenniki i klassiki" seriyasından nəşr edilən "Yanvarın 13 günü" kitabında da Qarabağ həqiqətlərinə toxunulur.


Dünyanın 23 ölkəsində satışa çıxarılan həmin kitab da ermənilərin kəskin etirazına səbəb olub. Amma onlar kitabın satışdan yığışdırılmasına nail ola bilmirlər. Əksinə kitabın satış faizi isə get-gedə yüksəlir.


Sizin Reklam Yeriniz