news Image
2016.05.28
08:00
| A A A
Piyada üzünə həsrət keçidlər
İskəndər Quliyev: “Ölkəmizdə qeydə alınan yol-nəqliyyat hadisələrinin qeydə alınmasında piyadaların da rolu az deyil” Ərşad Hüseynov: “Bəzi piyadalar müəyyən sayda pilləkənləri qalxıb-enməyi özləri üçün artıq zaman itkisi sayılar”

Bakıda yol ötürücü, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin çox olmasına baxmayaraq, piyadaların əksəriyyəti bu keçidlərdən istifadə etmir. Sanki, keçidlər piyadalara həsrət qalıb. Onlar bu keçidlərdən istifadə etməyərək öz təhlükəsizliklərinin qeydinə qalmamaqla yanaşı sürücülərin də həyatlarını risk altına atmış olurlar. Elə məhz bu səbəbdən ölüm faktları da az deyil.

Qanunvericilikdə 20 manat cərimə nəzərdə tutulsa da, bəzən piyadalar bununla razılaşmırlar. Keçidlərin uyğun ərazidə yerləşmədiyini, zaman azlığını və s.-i bəhanə gətirərək özünün və kiminsə həyatını təhlükəyə altına qoyurlar. Problemdən çıxış yolu kimi isə təkliflər müxtəlifdir. Cərimənin artırılmasına da, maarifləndirici tədbirlərə də üstünlük verənlər var.

"Qanunsuz parklamalara qarşı mübarizə" ictimai hərəkatının rəhbəri İskəndər Quliyev bildirir ki, ölkəmizdə qeydə alınan yol-nəqliyyat hadisələrinin qeydə alınmasında piyadaların da rolu az deyil: "Əksər hallarda piyadalar özləri qəzaya şərait yaradır. Onların əksəriyyəti piyada keçidlərində istifadə etməkdə maraqlı deyil. Etiraf edək ki, son illər paytaxtımızda xeyli yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Köhnə keçidlər də təmir olunaraq əhalinin istifadəsinə verilib. Onların funksiyası yol hərəkətini tənzimləmək, piyadaların təhlükəsizliyini təmin etmək və tıxacların yaranmasının qarşısını almaqdır. Amma təəssüf ki, əhali keçidlərdən kütləvi şəkildə istifadə etmir. Bu zaman belə piyadalar özləri ilə yanaşı, sürücülərin də həyatını təhlükə altına atırlar.

Əksər hallarda piyadalar özləri qəzaya şərait yaradır. Bir sözlə, vətəndaşlar keçidlərdən istifadə etməkdən qaçır. Səbəblər isə müxtəlifdir – vaxt azlığı, keçidlərin eskaltorunun çox zaman işlək vəziyyətdə olmaması, bəzi keçidlərin dayanacaqlardan xeyli aralıda tikilməsi və s. Problemin qarşısını almaqdandan ötrü yol polisi əməkdaşları vaxtaşırı reydlər təşkil edirlər. Yaxınlıqda piyada keçidinin olmasına baxmayaraq, yolu qadağan olunmuş şəkildə keçən vətəndaşlar saxlanılaraq cərimə edilirlər. Amma mentalitetlə əlaqədar bu cür reydlər zamanı bəzi problemlər yaşanır. Belə ki, vətəndaşların üzərinə çox zaman şəxsiyyəti təsdiq edən sənədinin olmaması, cərimə edilənlər arasında qadınların, yaşlı insanların olması yol polisinə müəyyən çətinliklər yaradır. Amma sözügedən problem yalnız cərimə tətbiq etməklə aradan qaldırmaq mümkün deyil. Bundan ötrü insanların təfəkküründə dəyişiklik baş verməlidir. Onlar piyada keçidindən cərimədən yayınmaq üçün deyil, öz təhlükəsizliklərini təmin etməkdən ötrü istifadə etməli olduqlarını anlamalıdırlar. Bundan ötrü isə maarifləndirmə işləri aparılmalıdır. Belə maarifləndirmə işləri uşaq baxçalarından, məktəblərdən başlanılmalıdır. Kiçik yaşlarından dərk etməlidirlər ki, həyatlarını təhlükəyə altmamaq üçün onlar piyada keçidlərindən istifadə etməlidirlər. Bundan əlavə, sosial çarxlar çəkilib telekanallar vasitəsilə nümayiş oluna bilər. Bu, dünya təcrübəsində geniş yayılmış üsullardandır. Bu işdə kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, ictimai təşkilatlar da yol polisinə dəstək verməlidirlər. Bütün cəmiyyətin ortaq dərdi olan bu problemə qarşı mübarizəni də elə hamımız birgə aparmalıyıq".

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov hesab edir ki, piyada keçidlərinin quraşdırılmasında problem yoxdur: "Hətta şəhərin xeyli yerlərində Sovet dövründən qalan keçidlər var. Bundan başqa metrostansiyaların giriş-çıxışları həm də piyada keçidi üçün nəzərdə tutlub. Artıq yeniləri də tikilir. Bunların da hamsı standartlara cavab verir.

Sadəcə, insanların onlardan istifadə edib-etməməsi birbaşa olaraq təfəkkür məsələsidir. Bu, yol hərəkəti qaydalarına biganəlikdir. Təhlükəsizliklə bağlı təfəkkürün bəsit olmasıdır. Bəzi piyadalar müəyyən sayda pilləkənləri qalxıb-enməyi özləri üçün artıq zaman itkisi sayılar. Ancaq nəzərə alaq ki, bunun qarşılığında insan həyatı, eyni zamanda bu qayda pozuntusunun qarşılığında 20 manat cərimə var. Mənzərə odur ki, bunu düşünənlər azdır. Yəni, bütün bunlar birbaşa təfəkkür məsələsidir. Problemi başqa nədəsə axtarmaq düzgün olmazdı".

Hüquqşünasın fikrincə, piyada keçidlərindən istifadəni həyat tərzinə çevirmək lazımdır: "Birmənalı olaraq insanlar bilməlidirlər ki, yol hərəkəti qaydaları cərimələnmək üçün yaranmayıb. Qanunlar insanların təhlükəsiz yaşaması üçün yazılıb. Bunu həyat tərzinə çevirə bilsək, yaxşı olar. Eyni zamanda bu istiqamətdə maarifləndirmə işləri də aparılmalıdır. Ən əsası insanlar özləri bunda maraqlı olmalıdırar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs