Əlaqə Arxiv
news Image
2016.05.31
12:50
| A A A
“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Suraxanıda təntənəli qeyd edildi

"1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev parkında çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilmişdir.


Xüsusi tərtibatla bəzədilmiş parkda bayram əhval-ruhiyyəsi hökm sürürdü. Tədbirdə aztəminatlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olan uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar və məktəblilər iştirak edirdilər.


Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov musiqili fəvvarələr quraşdırılmış meydana bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları "1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə təbrik etdi və bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.


İlqar Abbasov xüsusi vurğuladı ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.


Sonra Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının, mədəniyyət evlərinin, 3 saylı musiqi məktəbinin kollektivləri, həmin mədəniyyət saraylarında və musiqi məktəbində, dərnəklərdə məşğul olan uşaqlar, məktəblilər fəvvarələrin ətrafında amfiteatrı olan meydanda konsert proqramı ilə çıxış etdilər.


Uşaqlar bayram münasibəti ilə təşkil olunmuş şən startlarda 6 idman növü üzrə mübarizə aparan komandaların yarışını izlədilər, Heydər Əliyev Mərkəzinin Rəsm studiyasında məşğul olan məktəblilərin asfalt üzərində təbaşirlə çəkdikləri rəsmlərə həvəslə baxdılar. Münsiflərin müəyyənləşdirdiyi qaliblər mükafatlandırıldılar.


Bayramı uşaqlar böyük sevinclə qeyd etdilər.

Sizin Reklam Yeriniz