Əlaqə Arxiv
news Image
2016.06.01
11:00
| A A A
"Azərsu” və KİVDF jurnalistləri mükafatlandırdı - FOTOLAR

Bu gün Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində  "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilir. 


Movqe.az-ın məlumatına görə, tədbirdə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, media rəhbərləri və jurnalistlər iştirak edir. Öncə jurnalistlər kompleksdə suyun emal prosesini canlı izləyiblər. Mətbuat nümayəndələrinə Ceyranbatan su anbarından götürülən suyun təmizlənmə prosesi barədə geniş məlumat verilib. Daha sonra tədbir öz işinə başlayıb.


Tədbir iştirakçılarını salamlayan  Açıq Səhmdar Cəmiyyətinin sədri Q. Hüseynov müsabiqənin keçirilməsi barədə məlumat verib. Bildirib ki, müsabiqənin  keçirilməsinin məqsədi Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidən qurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdan ibarətdir. Q. Hüseynov müsabiqəyə təqdim olunan yazılarda "Azərsu" ASC-nin gördüyü işlərin yazılarda öz əksini tapdığına görə jurnalistlərə təşəkkürünü bildirib: "Jurnalistlər müsabiqədə çox aktiv iştirak etdilər. Mən çox şad oldum ki, jurnalistlər bu kompleksi özləri gəlib gördülər və suyun emal prosesinin canlı şahidi oldular". 


Daha sonra çıxış edən KİVDF-nin direktoru V. Səfərli bu ilin aprelin 1-dən, etibarən elan olunan müsabiqənin mayın 20-də yekunlaşdığını söyləyib. Onun sözlərinə görə, müsabiqəyə 33 KİV-dən 51 yazı daxil olub. 40 jurnalist mükafatlandırılıb.


Vüqar Səfərli bildirib ki, yazılar 3 ekspert tərəfindən qiymətləndirilib. KİVDF-nin icraçı direktoru deyib ki, müsabiqənin keçirilməsinin məqsədi Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidən qurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdan ibarətdir. Çıxışı zamanı iradlarını da bildirən Vüqar Səfərli bəzi jurnalistlərin köçürmə prosesinə yol verdiyini, təhlil yazılarının çox az olduğunu vurğulayıb. Qeyd edib ki, yazılarda köçürmə prosesini bir kənara qoymaq lazımdır. Çıxışının sonunda "Azərsu" ASC-nin əhalinin içməli su ilə təminatında gördüyü işlərə toxunan Vüqar Səfərli bildirib ki, bu gün qeyd edilən istiqamətdə görülən işlərin məntiqi nəticəsidir ki, əhali təmzi su ilə təmin olunur: "Biz bunun əuani şahidi olduq". KİVDF-nin icraçı direktoru hər bir mediaqurumunun bundan sonra "Azərsu" ilə əlaqələri genişləndirəcəyini bildirib. Çıxışlardan sonra "Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. 

Müsabiqənin yekunlarına görə I yer üçün (1 nəfər) 1000, II yerlər üçün (2 nəfər) 800 manat, III yerlər üçün (3 nəfər) 600 manat mükafat nəzərdə tutulub. Birgə razılığa əsasən, həvəsləndirici mükafatların sayı 10-15ə qaldırılıb (200 manat). Bundan əlavə, müsabiqədə nisbətən qənaətbəxş nəticə göstərən daha 19 jurnalistə 100 manat pul mükafatı verilib. Ümumilikdə, müsahibəyə sənəd verən 51 jurnalistdən 40-ı mükafatlandırılıb.



Sizin Reklam Yeriniz