news Image
2016.06.01
15:58
| A A A
Erkən yaşda burun əməliyyatları təhlükəlidir-Baş otorinolarinqoloqdan xəbərdarlıq

Azərbaycanda edilən hər on plastik əməliyyatdan 7-8-i rinoplasitika-burun estetik əməliyyatlarıdır. Bunu Azərbaycanda estetik əməliyyatlarla məşğul olan cərrahlar da mətbuata açıqlamalarında təsdiqləyiblər. Burnuna əl gəzdirmək istəyənlərin sayı artdıqca, rinoplastikaya üz tutanların yaş senzində də cavanlaşma gözə çarpır. Bir neçə il bundan öncə burunun estetik əməliyyatı üçün müraciət edənlərin yaş həddi 24-28 arasında dəyişirdisə, indi rinoplastikaya üz tutanların arasında yetkinlik yaşına çatmayanlar da var. Rinoplastika zamanı ölüm hallarının baş verməsi də, burunun estetik əməliyyatlarına üz tutanların arasında yetkinlik yaşına yenicə çatanların olduğunu təsdiqləyir. Həkimlər isə yetkinlik yaşına çatmayanların rinoplastikaya müaricət etməsinin təhlükəli olduğunu, erkən yaşdan burunun estetik əməliyyatının ciddi fəsad vermə təhlükəsinin olduğunu söyləyirlər.  

Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu, professor Nazim Hüseynov da Movqe.az-a açıqlamasında erkən yaşda rinoplastikaya müraciət etməyin ciddi fəsad verəcəyini söyləyir. Həmsöhbətimiz deyir ki, 18 yaşdan əvvəl rinoplastik əməliyyat burunda tənəffüs pozğunluğu ilə nəticələnə bilər. N. Hüseynovun sözlərinə görə, burunun estetik əməliyyatı üçün 15-16 yaş çox tezdir: "Çünki, yeniyetməlik dövründə hələ digər orqanlarla yanaşı burunun da formalaşması tam başa çatmır. Bu proses 18-19 yaşda  yekunlaşır. Ona görə də, çox erkən dövrdən burunun rinoplastik əməliyyatı tənəffüsdə ciddi problemə səbəb ola bilər".

N. Hüseynov deyir ki, rinoplastikaya 20-22 yaşdan sonra müraciət etmək daha məqsədəuyğundur: "Düzdür, yeniyetməlik dövrü elədir ki, xüsusilə qızlar üzlərindəki kiçik qüsura görə də kompleksə düşürlər. Kənardan hansısa oğlan burununu məsxərəyə qoysa həmin qız imkan daxilində o qüsuru aradan qaldırmaq üçün rinoplastik cərraha üz tutacaq. Çünki, o yaşda qızlar özlərini güzgüdə bəyənmirlər. Bu keçici psixoloji amildir.  Amma bu o demək deyil ki, hər müraciət edən yeniyetmənin burnunu estetik əməliyyat etmək olar. Bu yolverilməzdir. Rinoplastik cərrahlar da bu zaman pasiyenti başa salmalıdırlar ki, bu yaş dövründə estetik əməliyyat onun nəfəs almasında gələcəkdə problem yarada  bilər. Çünki, burun tam olaraq formalaşmayıb".


Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev də, erkən yaşda estetik əməliyyatların uşaqların, yetkinlik yaşına çatmayanların səhhəti üçün ciddi təhdid olduğunu söyləyir: " 18 yaşa qədər insanın burnunda formalaşma davam edir. Böyüməkdə olan orqanlar üçün estetik əməliyyatın aparılması isə düzgün deyil. Bu mütləq gələcəkdə fəsad verir. Burun deformasiyaya uğrayır. Deformasiya baş verdikcə də, tənəffüsdə çətinliklərin yaranması, problemlərin meydana çıxması gözləniləndir. Rinoplastik cərrahlar mütləq əməliyyat zamanı yaşı nəzərə almalıdırlar".

 "İstanbul" estetik klinikasının plastik cərrahı Abduləli Əliyev də on illər Azərbaycanda rinoplastik əməliyyata – burun formasının korreksiyasına maraq digər plastik, estetik cərrahiyyələrə nisbətən kəskin artıdığını təsdiqləyir. Onun sözlərinə görə, erkən yaşda burunun estetik əməliyyatı yolverilməzdir: "Ola bilər ki, hansısa yeniyetmə burunun görkəmini dəyişmək fikrinə düşüb. Bəs rinoplastika ilə məşğul olan cərrahların insafına nə gəlib? Axı "mən burnumu əməliyyat etdirmək istəyirəm" deyən hər adamı, əgər bu 18 yaşa çatmayıbsa estetik əməliyyat eləmək olarçı? Mən inanmıram ki, Azərbaycanda belə insafsız rinoplastika ilə məşğul olan cərrahlar olsun. 18 yaşa qədər yalnız tibbi göstəriş olarsa, nəfəs almada ciddi problem yaranarsa, burun çəpəri əməliyyatı aparıla bilər".

A. Əliyevin sözlərinə görə, çox erkən yaşda rinoplastik əməliyyat keçirən burunda gələcəkdə hər hansı problemin yaranacağı qaçılmazdır: "Burun tam formalaşmadığından, getdikcə deformasiyaya uğraya bilər. Bu zaman nəfəsalmada çətinliklərin yaranması, müxtəlif tənəffüs problemlərinin ortaya çıxması gözləniləndir. Ona görə də, burun çərəpi əməliyyatlarının tibbi göstərişi xaric, erkən yaşda burunun estetik əməliyyat edilməsi düzgün deyil. Əgər 18 yaşa çatmamış rinoplastik əməliyyat edilirsə, mütləq gələcəkdə tənəffüsdə problemlər ortaya çıxacaq".




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs