Əlaqə Arxiv
news Image
2016.06.02
10:40
| A A A
Yağış və dolu meyvələrin qiymətini artıra bilər
Çingiz Fərəcov: “İndiki yağışın aqrar sahəyə xeyirdən çox ziyanı var”

Son günlərdə bölgələrdə yağan yağış və dolu aqrar sahəyə ciddi zərər vurub. Qarşıdakı günlərdə də Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 2-də Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Azərbaycanın rayonlarında - iyunun 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Mütəxəssislərin sözlərinə görə, indi yağan yağış, xüsusən də dolu aqrar sahəyə ciddi ziyan vura bilər. Hətta artıq dəydiyi deyilir. Bu səbəbdən də bəzi məhsullar üzrə qıtlığın və bahaçalığın olması gözlənilir.

Aqrar məsələlər üzrə mütəxəssis Çingiz Fərəcov bildirir ki, may ayının son və iyun ayının ilk ongünlüyündə düşən yağışın heç nəyə xeyri yoxdur: "Nəzərə alaq ki, xüsusi ilə respublikanın qərb bölgəsinə dolu da düşdü. Dolu həm taxıl sahəsini "yatızdırır", həm də meyvələrin hamısını yerə salır. Ona görə də indiki yağışın aqrar sahəyə xeyirdən çox ziyanı var. Cənub bölgəsində pomidor, xiyar əkilir. İndiki yağış isə həmin ərazilərdə fizaptora xəstəliyinin yayılmasına şərait yaradacaq. Xüsusi ilə Quba zonasında yağan dolu və yağış meyvələri yerə töküb.

Hazırda fermerlər də bundan narahatçılıqlarını ifadə edirlər. Ancaq indiki yağışın yonca sahələrinə faydası var. Yağış yoncanın inkişafı üçün yaxşı haldır. Hazırda üçüncü biçinə hazırlıq mərhələsidir. Bundan başqa soya, qarğıdalı kimi bitkilərə də yağışın xeyli köməyi olacaq. Bu gün respublikada kifayət qədər su var. Ona görə də yağışın digər sahələri xeyri yoxdur".

Mütəxəssis əlavə etdi ki, Sovet dövründə qara buludları top ilə vurub dağıdırdılar: "Ondan sonra dolu və yağış yağımırdı. İndi də gərək bu təcrübədən istifadə edilsin. Harada güclü yağış, dolu yağması gözlənilirsə, həmin buludlar vurulub dağıdılmalıdır. Bundan başqa mübarizə metodu yoxdur. Daşkəsən zonasında yaylaqlar var. Orada hələlik otlar inkişaf səviyyəsindədir. Yağıntının həmin sahələrə də xeyri olacaq. Yəni, indi yağan yağışın xeyri ancaq yay otlaqlarına, qarğıdalı, soya və yoncayadır. Dolunun isə ümumiyyətlə, aqrar sahəyə xeyri yoxdur. Dolu meyvələri vaxtsız yerə tökür, taxılı "yatızdırır", kombaynla normal biçilməsinin qarşısını alır".

Çingiz Fərəcov ötən il meyvənin az olduğunu qeyd etdi: "Ona görə də hazırda bazarda 2 manatdan ucuz meyvə yoxdur. Bu da aztəminatlı ailələr üçün arzuolumaz nəticələrə səbəb olub. Bu il də yağan dolu səbəbindən meyvəni vaxtından tez töküldüyü üçün meyvə qıtlığı ola bilər. Hansı ki, hazırda qıtlıq hiss edilir. Bu da qiymətlərin baha olmasını şərtləndirən amildir".

Sizin Reklam Yeriniz