Əlaqə Arxiv
news Image
2016.06.02
23:30
| A A A
“Dolma festivalında 300-dən artıq dolma növü nümayiş olunacaq”

"İyul ayında keçiriləcək dolma festivalında 300-dən artıq dolma növü nümayiş olunacaq".Bunu Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanov bildirib.

O, qeyd edib ki, ötən il I Avropa Oyunları ərəfəsində açılışı olan "Xanədan" restoranında bir sıra qədim yeməklərin, o cümlədən, dolmanın müxtəlif növləri bişirilir. Bura soğan, limon, ispanaq dolmaları, dolmanın şabalıdlı, kişmişli və digər növləri daxildir.

"Formula-1" yarışları zamanı ölkəmizə gələn qonaqlara bu restoranda bişən tarixi yeməklərin təqdim olunacağını deyən T.Əmiraslanovun sözlərinə görə, bununla həm də onlara tariximiz verilir:

"Biz milli mətbəximizin tarixdən məlum olan qədim yeməklərini bişirərək qonaqlara tədim edirik. Restoranın qarşısına gəlir əldə etmək məqsədi qoyulmayıb. Şah İsmayıl Xətainin dövründən qalan dolma kababını, Şirvan şorbasını, daş qazanda ispanaq, əməköməçi dolmasını, gildə hazırlanan toyuq, dolma şorbasını misal göstərə bilərik. Hələlik ən qədim yeməyimiz 5000 il tarixi olan qovuddur. Bundan başqa, tarixi 1000 il olan samovar şorbaları var ki, paytaxta gələn qonaqlar bunların dadına baxa biləcəklər. Biz qonaqlarımıza təkcə yeməklər vermirik, həm də tarix veririk".

Gələn illərdə daha qədim xörəklərimizi işləyərək müasir dövrə uyğunlaşdıracaqlarını deyən T.Əmiraslanovun sözlərinə görə, ümumiyyətlə, qədim yeməkləri müasir dövrə uyğunlaşdırmaq çox çətin prosesdir, bunun üçün 3 aydan 3 ilə qədər vaxt tələb olunur.

Qeyd edək ki, "Xanədan" restoranında doqquz xanlığı təmsil edən hücrə yaradılıb və bu xanlıqların hər birinə məxsus xörəklər bişirilir. Bura gələn qonaqlara xanlıqlar, onların ailə üzvləri haqqında məlumat veriləcək, xanların və onların ailə üzvlərinin xüsusi geyim və libasları nümayiş olunacaq, vaxtilə onlar üçün bişirilən təamlar müştərilərə təklif ediləcək. Həmçinin restoranda xörəklərin hazırlanmasında vaxtilə şah Qacarın saray mətbəxində işlədilən "mirzeyi" ədviyyasından istifadə olunur. Bu itmiş resept AMKA tərəfindən bərpa edilib və patentləşdirilib.

Sizin Reklam Yeriniz