Əlaqə Arxiv
news Image
2016.06.06
14:31
| A A A
Oruc tutub xəstələnmək istəmirsinizsə... Həkimdən oruc tutanlara vacib məsləhət!
Emin Dadaşzadə: "Ramazan ayı bitəndən sonra belə insanlar mədə-bağırsaq xəstəliklərindən şikayətlə bizə müraciət edirlər"

Bu gün müqəddəs Ramazan ayının ilk niyyət axşamıdır. Azərbaycan da müsəlman ölkəsi olduğundan, ölkəmizdə bu müqəddəs ayın fəzilətindən bəhrələnmək istəyənlərin sayı günü-gündən artıq. Amma  heç də hamı bu müqəddəs ayda oruc tutmaq arzusunu reallaşdıra bilmir. Elə həkimlər də, Ramazan ayında bəzi xəstələrin oruc tutmasının düzgün olmadığını söyləyirlər. Tibb mütəxəssisləri hətta bu müqəddəs ayda oruc tutmaqla savab qazanarkən səhhətinə ciddi ziyan vurmaq ehtimalının da olduğunu söyləyirlər. Terapevt Emin Dadaşzadə Movqe.az-a açıqlamasında bildirib ki, dərman qəbul edən xəstələrə həmin müddətdə oruc tutmaq, oruca görə dərmanı yarımçıq saxlamaq məsləhət görülmür: "Ən çox verilən suallardan biri odur ki, dərman qəbul edən insan oruc tuta bilərmi? Öncə qeyd edim ki, dərman mütləq su ilə qəbul edilməlidir. Hətta dərman preparatı ürəyi qidalandırmasa belə su ilə atılırsa orucu pozur. Deməli dərman qəbul edən şəxs həmin müddətdə oruc tuta bilməz. Digər tərəfdən bizdən soruşurlar ki, həkim dərman qəbulunu oruc tutduğum üçün müvəqqəti saxlamaq olarmı? Qeyd edim ki, elə xəstələr var ki, onlara xəstəlikləri ilə əlaqədar beş-on gün müddətinə mütəmadi qəbul etmək üçün dərman preparatı təyin olunur. O xəstələr həmin dərmanı müalicə məqsədilə davamlı beş-on gün ərzində qəbul etmılidirlər. Oruc tutduğu üçün dərmanın qəbulunu ertələmək xəstənin müalicəni dayandırması anlamına gəlir. Elə xəstəliklər var ki, müalicə davamlı və təcili aparılmalıdır. Xəstə dərmanı qəbul etməyi yarımçıq saxlayırsa, deməli onun xəstəliyinin müalicəsi yarımçıq qalır. Bu isə xəstəliyin daha da şiddətlənməsinə gətirib çıxarda bilər".

E. Dadaşzadə inisulindən asılı olan şəkər xəstələrinin də oruc tutmasının düzgün olmadığını deyir. Həmsöhbətimiz bildirir ki, ürək, böyrək çatışmazlığı, şəkər xəstələrinə oruc tutmaq həkim tərəfindən tövsiyyə edilmir.

Amma E. Dadaşzadə sağlam insanların da, oruc tutmaqla səhhətinə zərər vurma ehtimalının olduğunu söyləyir: "Bəzən görürsən ki, oruc tutanlar ya səhər oruca duranda imsakda (sahur) bərk yeməklər yeməklə mədəyə ağırlıq salırlar. Bu zaman həzm prosesi ləng getdiyindən, mədədə gələcəkdə müxtəlif xəstəliklər meydana çıxır. Eləcə də, iftarı açanda birdən birə qızardılmış, çoxlu çeşiddə yeməkləri ardı-ardına qəbul edirlər. Bu da mədədə gələckdə müxtəlif xəstəliklərə səbəb olur. Ramazan ayı bitəndən sonra belə insanlar mədə-bağırsaq xəstəliklərindən şikayətlə bizə müraciət edirlər. Müayinə zamanı bəlli olur ki, onlarda qastrit, kolit, pankladit kimi xəstəliklər meydana çıxıb. Səbəb isə orucluqda birdən-birə qızardılmış, ağır yeməkləri həddindən artıq qəbul etməkdir. Ümumiyyətlə insan ac qaldıqda, 17 saatdan sonra birdən-birə sürətlə qida qəbul edirsə, bu zaman təyziqin enməsi ilə nəticələnən ürək bulanma qeydə alına , kolbas müşahidə oluna bilər. Bu ondan qaynaqlanır ki, sürətlə qida qəbulu qan dövranını sürətləndirir. Bu isə təyziqin birdən-birə enməsinə, ürək bulanmasına gətirib çıxardır.  Qeyd edim ki, səhər imsakda qızardılmış qida qəbul etmək düzgün deyil. Səhər-səhər bir qədər kalorili amma yüngül qidaların qəbulu zəruridir. Eyni zamanda bədəndə su kütləsininin itməməsi üçün ən azı səhər 1 litr su qəbul etmək, meyvə-tərəvəz yemək vacibdir. İftar isə mütləq su və yaxud xurma ilə açılmalıdır. Bunun ardınca mütləq bir qədər gözləyib sulu yemək yemək lazımdır. Çalışmaq lazımdır ki, qızardılmış yeməklər süfrədə az olsun. Kalorili, amma tez həzm olunan yeməklər yemək məsləhətdir".

Terapevt oruc tutan şəxsin iftarda yeməklər arasındakı vaxta da diqqət yetirməli olduğunu deyir: "Yeməyi ardı-ardına qəbul etmək gələcəkdə mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Ona görə də, çalışmaq lazımdır ki, yeməyin çeşidi elə də bol olmasın. Yeməklər arasında gəzinməklə yarım saat fasilə vacibdir. Eyni zamanda fasilə ilə maye, meyvə qəbul etmək lazımdır. Amma hərəkət etmək lazımdır ki, köp yaranmasın". 

E. Dadaşzadə hamilə və süd verən qadınlara oruc tutmağın ümumiyyətlə məsləhət görülmədiyini deyir. Onun sözlərinə görə, şəkər xəstələri də bu siyahıya aiddir. Həkim deyir ki, oruc tutmağın fəzilətindən onlara da pay düşməsini istəyən insanlar, mütləq sağlamlıqlarının da qeydinə qalmalıdırlar ki, Ramazandan sonra xəstəxanaya düşməsinlər. Amma ümumilikdə terapevt ildə bir dəfə ac qalmağın sağlam insanın orqanizminə müsbət təsir etdiyini, bu pəhrizin müsbət nəticə verdiyini söyləyir. Allah orucunuzu qəbul etsin!!!


Zülfiyyə QULUYEVA 


  

     


Sizin Reklam Yeriniz