Əlaqə Arxiv
news Image
2016.06.07
09:00
| A A A
Avtomobil ehtiyat hissələrinin satışında zəmanət fırıldağı
Vüqar Bayramov: “Satılan avtomobil ehtiyat hissələrinə zəmanətin verilməsinə ehtiyac var” Xəyal Məmmədxanlı: “Yalnız satış mərkəzlərindən alınan avtomobillərə və ehtiyat hissələrinə zəmanət verirlər”

Avtomobil ehtiyat hissələrinə zəmanət verilmədiyindən əksər sürücülər avtomobildəki problemi həll etmək üçün bir neçə dəfə pul xərcləməli olur. Ehtiyat hissələri satışı ilə məşğul olan mağazalardan isə bildirilir ki, çox nadir hallarda satılan mala zəmanət verilir. Ehtiyat hissələri müxtəlif firmalar tərəfindən istehsal edilir və qiymətləri fərqli olur.

Mağazalarda isə yalnız avtomobil istehsalçısının tövsiyə etdiyi firmaların məhsullarına şifahi zəmanət verilir ki, bu məshullar da çox az mağazada və baha qiymətə olur. Ustalar isə bildirirlər ki, yalnız onların dedikləri ehtiyat hissələrini alanlara zəmanət verilir. Digər hallarda isə məsuliyyət sürücünün üstündə qalır.

Ekspertlər isə bildirirlər ki, həm Mülki Məcəlləyə, həm də avtomobil nəqliyyatı haqqında qanuna əsasən, avtomobil ehtiyat hissələrinə zəmanəti mağazalar verməlidir, onu dəyişdirən ustalar isə gördüyü işə zəmanət verməlidir. Bu mövzuda yaranan mübahisələrin həll edilməsi üçün isə məhkəmələrə müraciət etmək olar.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, satılan avtomobil ehtiyat hissələrinə zəmanətin verilməsinə ehtiyac var: "Çünki, bəzi hallarda ehtiyat hissələri orijinal olmur. Hansısa ikinci ölkədə istehsal olunmuş ehtiyat hissələri olur ki, bu da qısa müddətdə sıradan çıxır. Nəticə etibarı ilə vətəndaş eyni ehtiyat hissəsini bir neçə dəfə almağa məcbur olur. Ümumiyyətlə, bu cür proseslərin tənizlənməsinə ehtiyac var. O zaman bütün avtomobil satış mağazaları, məntəqələri həmin qaydalara əməl edəcəklər. Azərbaycanda hələlik praktiki olaraq, avtomobil ehtiyat hissələrinin satışı və zəmanəti ilə bağlı konkret qaydalar yoxdur. Hazırda zəmanət şirkətlərin daxili qaydaları ilə tənzimlənir. Lakin ümumi qaydaların olmaması alıcıların etibarını itirir. Alıcı zəmanət olmadan məhsul almaq məcburiyyətində qalır. Bu da sonda alıcını əlavə xərc ödəməsinə səbəb olur. Xüsusi qaydalar müəyyənləşdirilməlidir. Buna da məcburi qaydada əməl edilməlidir. Nəticədə vətəndaşlar üçün əlavə xərcin qarşısı alınmış olacaq".

Vüqar Bayramovun sözlərinə görə, zəmanət verilməsi ehtiyat hissələrinin qiymətində müəyyən artım yarada bilər: "Lakin ciddi bahalaşmadan söhbət gedə bilməz. Nəzər alaq ki, zəmanətin verilməsi həm də biznes etikasıdır. Hətta qaydalar olmasa da, biznes etikasını qoruyan hər bir satış məntəqəsi satdığı məhsula ən azı bir il zəmanət verməlidir".

Sığorta məsələləri üzrə mütəxəssis Xəyal Məmmədxanlı bildirdi ki, avtomobil satışı zamanı müəyyən ehtiyat hissələrinə zəmanət verilir: "Sadəcə, şəxsin istifadə tərzindən asılı olmayaraq, tez sıradan çıxa biləcək ehtiyat hissələrinə zəmanət verilmir. İkinci əldən satış zamanı isə ümumiyyətlə, zəmanət yoxdur. Hansı ki, əvvəllər bunu həyata keçirirdilər. Məsələn, avtomobil əvvəlcədən yoxlanılırdı. Heç bir problemi yoxdursa, satan şəxs ona zəmanət verirdi. İndi isə o məsələlər də yığışdırılıb. Artıq yalnız satış mərkəzlərindən alınan avtomobillərə və ehtiyat hissələrinə zəmanət verirlər.

Bundan başqa insanlar avtomobil ehtiyat hissələrini adi mağazalardan da alırlar. Bu zaman alınan məhsullara zəmanət yoxdur. Lakin orijinal ehtiyat hissələri satan mağazaların hamısı 1 il müddətinə zəmanət verir. Amma köhnə ehtiyat hissələrinə zəmanət yoxdur".

Sizin Reklam Yeriniz