Əlaqə Arxiv
news Image
2016.06.08
07:00
| A A A
İqlim dəyişiklikləri Azərbaycana da təsir göstərir
Gülmalı Süleymanov: “Bütün modellər üzrə hesablamalar, gələcək proqnozlar onu göstərir ki, belə hadisələr daha tez-tez baş verəcək”

Ənvər Əliyev: "Bu il rütubət ötən ilin müvafiq dövrünə nisbətən artıqdır"


Məlumdur ki, ötən illərlə müqayisədə hazırda havalar daha çox yağmurlu keçir. Eyni zamanda rayonlara düşən dolu sayları da artıb. Mütəxəssislər bunun iqlim dəyişikliyinin elementləri olduğunu qeyd edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova "Mövqe"yə bildirdi ki, artıq bir neçə vaxtdır ölkə ərazisində yağıntılı hava müşahidə olunmaqdadır: "Yağıntılar ötən illə müqayisədə bölgələrdə bir qədər çox düşüb. Lakin bu il iqlim norması ilə müqayisədə əksər bölgələrdə yağıntının miqdarı bir qədər aşağı, Kiçik Qafqazda isə normadan bir qədər çoxdur. Yağıntılar da əsasən lokal xarakterli olub. Əvvəlki illə müqayisədə lokal xarakterli yağıtılar tez-tez müşahidə edilir. Bu da atmosferdə baş verən iqlim dəyişkənliyi ilə əlaqədardır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov bildirir ki, iqlim dəyişikliyinin elementləri özünü göstərməkdədir: "İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun 2014-cü il çap olunan hesabatda göstərilir ki, dünyanın bəzi yerlərində hidrometroloji hadisələrin həm intensivliyi, həm də amplitudası artacaq. Bütün modellər üzrə hesablamalar, gələcək proqnozlar onu göstərir ki, belə hadisələr daha tez-tez baş verəcək. Lakin lokal xarakterli olacaq.

Yağıntılar üzrə real tendensiya müşahidə edilmir. Amma ümumilikdə 30 illik rəqəmlərə görə, yağıntıların gələcəkdə azalması gözlənilir. Bir aylıq normanın bəzi ərazilərdə bir-iki gün içində düşməsi mümkündür. İqlim dəyişikənliyi özünü burada göstərir. İqlim dəyişikliyinin əsas səbəbi Yerdə qalan artıq enerjidir. Həmin enerji qeyri-bərabər paylanır. Bu da atmosfer proseslərinə təsir edir. Nəticədə bəzi ərazilərdə müəyyən hidrometroloji hadisələr baş verir. Hazırda bir aylıq norma bir gündə yağır".

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri,

dosent Ənvər Əliyev bildirir ki, bu il rütubət ötən ilin müvafiq dövrünə nisbətən artıqdır: "Müşahidələr göstərir ki, bu ilin mayında yağıntıların miqdarı çox olub. Azərbaycan ərazisində ən çox yağıntılar əsasən aprel-iyun aylarında olur. Hazırda Abşeronun özündə də rütubət artıb. Bunun da fəsadları daha çoxdur. Adətən may ayında düşən yağıntı ziyan verir. Çünki, qış üçün ehtiyatın görülməsi baxımından may ayı yağıntının həcmi az olsa, yaxşıdır".

Ənvər Əliyev burada iqlim dəyişikliyinin olduğunu düzgün hesab etmir: "İqlim dəyişikliyi 10, 100 illiklər ərzində olur. Bu ilin göstəriciləri çoxillik göstəricilərə uyğun gəlir, qismən fərqlənir. Bu da yəqin ki, növbəti illərdə düzələcək. Ola bilər, yay və payz quraqlıq keçsin. İlin sonun balans öz yerini tutmalıdır".

Sizin Reklam Yeriniz