news Image
2016.06.08
08:00
| A A A
Qızıl bazarında zərgər maxinasiyası
Eyyub Hüseynov: “Təşkilatımız bu məsələni dəfələrlə qaldırsa da, irəliləyiş yoxdur”

Qızıl-zinət əşyaları alanlar arasında iddialar səslənir ki, bəzən İtaliya, Rusiya Türkiyə məhsulları adı altında yerli zərgərlik sexlərində məhsullar hazırlanır. Bu, o deməkdir ki, müəyyən hallarda müştərilərə Türkiyə, İtaliya malı adı altında əslində, saxta mallar satılır. Belədirsə, onda bu istehlakçıların hüquqlarının pozulması anlamına gəlmirmi? Belə pozuculuq hallarına qarşı hansı addımlar atılmalıdır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə, yerli sexlərdə xarici istehsal adı altında saxta qızıl məhsullarının hazırlanması halları mümkündür: "Türkiyə və İtaliyadan qızılların gətirilməsi və ya burada həmin ölkələrin məhsulları adı altında zərgərlik sexlərində saxta məhsulların hazırlanması halları istisna deyil. Həqiqətən də qızıl məhsullarının satışı məsələsində istehlakçıların hüquqları geniş şəkildə pozulur. Keçən ilin sonlarında iki satış məntəqəsində monitorinq apardıq. Məlum oldu ki, satışda olan qızılların 95 faizinə ümumiyyətlə, nəzarət edilmir. Mövcud qanunvericiliyə görə, müvafiq qurum bütün qızıl məmulatlarını özünün xüsusi damğası ilə damğalamalı, prosesi nəzarətə almalıdır. Amma apardığımız monitorinq göstərdi ki, qurumun damğası qızılların üzərində yoxdur. Qızıla nəzarətin zəif olduğu bir şəraitdə üstəlik satılan qızıl məhsulları geri qaytarılmayan mallar siyahısına düşüb. Bununla da istehlakçıların tam olaraq aldadılması üçün şərait yaradılıb. Bu, anormal haldır, Azad İstehlakçılar Birliyi bununla qətiyyən razı deyil.

Təşkilatımız bu məsələni dəfələrlə qaldırsa da, irəliləyiş yoxdur. Bu da onu göstərir ki, istehlakçı hüquqlarının qorunmasına o qədər də əhəmiyyət verilmir. Zərgərlər az miqdarda insan qrupudur. Dəfələrlə onları toplamışam ki, burada İtaliya, Türkiyə malı adı altında saxta qızılların hazırlanması məsələsinə bir aydınlıq gətirilsin. Lakin nə qədər çalışsam da, zərgərlər təəssüf ki, bazardakı anormallığa işıq salmaqdan qaçıblar. Onlar sanki üç müşketyor qanunu ilə işləyirlər. Birimiz hamımız, hamımız birimiz üçün prinsipilə işləməklə əhalini aldatmaqla məşğuldurlar.

Vətəndaş zinət əşyası alanda onun müraciəti əsasında təşkilatımızın nümayəndəsi gedərək təmənnasız olaraq həmin alış-verişi rəsmiləşdirir. Problem çıxanda da təmənnasız olaraq onların hüquqlarını məhkəmədə qorumağa hazır olduğumuzu dəfələrlə bildirmişik. Tək-tük hallarda bununla bağlı bizə zənglər olub və nümayəndələrimiz razılığını verib, amma sonradan nədənsə şikayət olmayıb. Rəsmi səviyyədə belə halların qarşısını almaq üçün istehlakçı hüquqlarını qorumağa cavabdeh dövlət orqanı olan İqtisadiyyat Nazirliyi yanındakı Antiinhisar Siyasəti Dövlət Xidməti müraciət edən əhalini ancaq məhkəməyə ünvanlamaqla məşğul olmamalıdır. Onlar praktik olaraq vətəndaşların hüquqlarını qorumaqla məşğul olmalıdırlar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs