Əlaqə Arxiv
news Image
2016.06.08
09:00
| A A A
Saxta diplomlu həkimlər
Adil Qeybulla: “Saxta diplom bütün sahələrdə ciddi təhdid deməkdir” Nadir İsrafilov: “Ədalət namimə deyə bilərik ki, hazırda sözügedən problem qismən həllini tapıb”

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunda 2016-cı ilin ilk 4 ayında vətəndaşlardan daxil olan 129 şikayətə baxılıb. Nazirlikdən bildirilib ki, müraciətlərdən 32-si təkrar olub. Dörd ayda sektora 502 xidməti məktub daxil olub ki, onlar da 308-i araşdırılıb və cavablandırılıb. Yoxlama tədbirləri nəticəsində 11 saxta diplom aşkarlanıb, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, saxta diplom deyəndə xarici ali məktəblərdən verilmiş, lakin Azərbaycanda radifikasiya olunmamış diplomlar nəzərdə tutulur: "Əslində, onlar saxta deyil. Sadəcə, hüquqi qüvvəsi olmayan diplomlardır. Saxta diplom tam başqa anlayışdır. Yəni, şəxsin heç bir ali məktəbdə oxumadığını nəzərdə tutan "sənəd" nəzərdə tutulur. Ancaq istənilən halda Azərabycanda fəaliyyət göstərən mütəxəssislərin diplomları Azərbaycan qanunlarına uyğun olmalıdır.

İnsanlar xaricdə təhsil alsalar da, bəzən Azərbaycan həmin diplomları tanınmır. Aşkar olunmuş saxta dipomlar da Azərbaycanda qanuni qüvvəyə minməyən, Azərbaycan tərəfindən tanınmayan ali məktəblərin diplomlarına aiddir. Nə qədər ali təhsilli olsalar da, Azərbaycanda fəaliyyət göstərə bilməzlər. Amma əgər saxtakarlıqla bağlı fakt orata qoyulubsa, bunun digər detalları da açıqlanmalıdır".

Professor əlavə etdi ki, saxta diplom bütün sahələrdə ciddi təhdid deməkdir: "Buna yol verilməməlidir. Savadı olmayan şəxs məhz tibb sahəsində fəaliyyət göstərə bilməz. O zaman təhsil nəyə lazımdır ki? Bu cür adamların gələcəkdə strateji vəzifələrə təyin olunma şansı var. Bu da dövlətin təhlükəsizliyi üçün müəyyən təhdid yarada bilər".

Adil Qeybulla problemin həlli olaraq onu qeyd etdi ki, hansı diplomların Azərbaycanda tanındığını vətəndaşlar bilməlidirlər: "Bunun üçün də sadə mexanizm yaradılmalıdır. Çünki, xaricdə təhsil alan insanlar çoxdur. Sonradan diplomun təsdiqində xeyli çətinliklərlə üzləşirlər. Odur ki, əvvəlcədən bilinsə idi, daha yaxşı olardı".

Təhsil üzrə mütəxəssis Nadir İsrafilov bildirir ki, saxta diplom problemi həmişə olub: "Amma ədalət namimə deyə bilərik ki, hazırda sözügedən problem qismən həllini tapıb. Yəni, bu istiqamətdə müəyyən işlər aparılıb. Lakin vaxtı ilə saxta diplomla bağlı böyük statistikalar da açıqlanıb. Amma məsələ ondadır ki, saxtakarlığın meyarı açıqlanmayıb.

Bəzən xarici ali məktəbin diplomu tanınmır. Bu qəbildən diplomlar var ki, saxta hesab edilir. Saxta diplom odur ki, möhürü, imzası əsl deyil. Həmçinin ali məktəb oxumadan alınmış diplom da saxta hesab edilir. Saxta diplomlar eyni zamanda tələbə köçürülməsi ilə əlaqədardır. Fakültəyə birinci kursda 100 nəfər qəbul olursa, 4 ildən sonra 150 nəfər məzun çıxır. Xarici universitetlərdən köçürülmələrin nəticəsində belə hallar baş verir. Ancan artıq tələbələrin köçürülməsinin qarşı alınıb. Həmçinin saxta dipomaların olmasının əsas səbəblərindən biri də cəzasızlıqdır".

Sizin Reklam Yeriniz