news Image
2016.06.08
14:26
| A A A
Baharın səksən anı

Deyirlər ki,ikini ikiyə vuranda cavabda dörd alınırsa,bu,riyaziyyatdır. İki dəfə iki beşə bərabər olarsa, bu, ədəbiyyatdır. Əgər həmin vurma əməlinin cavabı daha böyük rəqəmə bərabər olarsa, deməli, bu, həyatdır. Həyatın yaranışı,insanın varlığı,duyğuları,fikir və düşüncələri tarix boyu dərkedilməzdən dərkedilənə doğru müəyyən məsafə qət edib.Bu məsafəni uzaqgörənliklə anlamaq,başa düşmək üçünsə elm yaranıb və bu elmə fəlsəfə adını veriblər.Bu adın mənası ilə ilk tanışlığımı belə xatırlayıram.

1988-ci ilin sentyabr ayı idi.Azərbaycanın ilk və ən qədim ali məktəbinin --BDU-nun filologiya fakültəsinin II kursunda oxuyurdum. Üçüncü semestrdən bizə fəlsəfə fənni tədris olunacaqdı.Adı belə qorxu və təşviş yaradan bu elmin əsaslarının,mahiyyətnin dərki prossesi biz tələbələr üçün ağlasığmaz görünürdü.Biz dili və ədəbiyyatı sevirdik,tarixi xoşlayırdıq,pedaqogikanı öyrənməli idik,fəlsəfəni isə...Qəti şəkildə əmin idik.Bu semestr əlaçı ola bilməyəcəyik.Fəlsəfə və onu tədris edən filosof buna imkan verməyəcək...

Bir neçə gün keçmişdi. Düşüncələrimizdə yanılmış olduğumuzu etiraf edirdik.Fəlsəfə asan deyildi,ancaq filosof öz fənnini gözəl bilir və bu elmi xüsusi məharətlə- səlis nitq,gözəl pafoslu danışıq tərzi,elmi dəllillər,anlaşıqlı ifadələrlə izah edir,gözümüz önündə hikmət dənizinin sonsuzluğunu,ənginlik və əsrarəngizliyini alimlərin heç də hamısına xas olmayan bir tərzdə aydınlaşdırır,şərh edir,başa salırdı.

İlk cümlələr xüsusi əhəmiyyətə malik idi: "Fəlsəfə"sözü yunanca "filosofiya" sözündən olub,orta əsr şərq alimlərinin ərəb dilinə uyğun şəkildə tələffüzü nəticəsində yaranıb."Filo" sevmək,"sofiya" hikmət mənalarını ifadə edir,hikməti sevirəm mənasını verir.İlkin fəlsəfi görüşlər şərq dünyasına məxsus olduğu halda, sistemli bir elm kimi fəlsəfə ilk dəfə Yunanıstanda öyrənilmişdir.Bu sözü termin kimi ilk dəfə Pifaqor işlətmiş,özünü "filosof" adlandırmış, :"Mən öz yerimi bilirəm.Bilirəm ki,hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz.Mən ancaq hikməti sevə bilərəm",-- demişdir.Fəlsəfəni elm kimi ilk dəfə Platon fərqləndirmişdir.Və beləliklə,Fərman İsmayılovun mühazirələri biz tələbələrin dünya fəlsəfə elmi ilə ilk tanışlığına vəsilə oldu.

Bir neçə gün əvvəl çox hörmətli müəllimimlə- professor Fərman İsmayılovla görüşdüm.Fərman müəllim ilk dəfə 28 il əvvəl gördüyüm həmin insan idi.Şux qaməti,səliqəli qiyafəti ,nəcib gülüşü,məsum və qətiyyətli görkəmi,aristokrat rəftarı,fitri mədəniyyəti və çox yüksək nəzakəti ilə 80 yaşın müdrikliyini və həmişəcavan,sağlam ruhun vəhdətini özündə cəmləşdirən əsl müəllim,əsl ziyalı,əsl şəxsiyyət idi mənim müəllimim.Uzaq keçmişdən yaxın gələcəyə uzanan xatirələrin təsiri ilə bu gözəl insandan məsləhət almalı idim. Haqqında məruzə edəcəyimi dedim.Mən nə etməli olduğum artıq bilirdim.Amma Fərman müəllim R.Rzadan iki misra söylədi və hər şey mənə aydın oldu.Bu,Fərmanmüəllimsayağı xoş və mədəni xəbərdarlıq idi.Bədii və obrazlı təfəkkürümün ardına düşüb gedə bilməzdim,yalnız elmi və lakonik cümlələrlə,tərifdən uzaq,konkret və yığcam danışmalı,pərəstiş etdiyim müəllimim haqqında mübaliğələrdən qaçmalı idim.

Əziz filosof, poeziyanı,şeiriyyəti məndən az bilmirirsiniz.Yaxşını demək,yaxşılığı,xeyirxahlığı təbliğ etmək lazımdır.Məsələyə Füzuliyanə yanaşsaq, ifratdan və təfritdən qaçacağam.Əli Kərimin təbirincə,pisəyaxşı,yaxşıya pis də deməyəcəyəm.Yalnız öz gördüyümü,hiss etdiyi və şahidi olduğumu danışacağam.Elə ona görə də professor Fərman İsmayılovun elmi tərcümeyi-halı ilə oxucularımı tanış etmək istəyirəm:

Fərman İsmayılov 1936-cı ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Orta təhsilini Baş Göynük kəndindəki Gülarə Göylüqızı adına məktəbdə almışdır.1956-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olmuş, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə ikən nümunəvi davranışına və təhsildə qazandığı uğurlara görə həm Lenin,həm də Stalin təqaüdçüsü olmuşdur.Ali məktəbi bitirdikdən sonra Elmi Şuranın qərarı ilə "İngilis dilinin qrammatikası" kafedrasmda müəllim saxlanılmış, 1962-1966– ci illərdə həmin kafedrada müəllim, baş müəllim işləmişdir. 1965-ci ildə EA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına qəbul olunmuşdur.Təhsilini Tbilisi və Moskva şəhərlərində davam etdirmişdir. Gürcüstan Elmlər Akademiyası fəlsəfə insitutunun şöbə müdiri məşhur filosof A.F. Beqiaşvilinin rəhbərliyi altında müasir qərb fəlsəfəsi üzrə ixtisaslanmışdır.Moskvada təhsil alarkən filosof Narskinin tələbəsi olmuşdur.İsmayılov 1970-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasında müasir Qərb fəlsəfəsi üzrə "Fəlsəfə və ali dil " (Linqvistik analiz fəlsəfəsinin metodoloji prinsiplərinin tənqidi)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin dissertasiya Azərbaycanda XX əsr Qərb fəlsəfəsi tarixinə həsr edilmiş ilk elmi əsərdir. Fəlsəfənin müasir dünya elminə bəxş etdiyi yeniliklər ,mülahizələr gənc alimə bu tədqiqatı davamlı olaraq araşdırmaq üçün stimul verirdi.Digər tərəfdən ingilis və rus dillərini mükəmməl bilməsi dünya fəlsəfə elmini araşdırmaq,tədqiq və təhlil etmək üçün onun qarşısında yeni səhifələr açırdı.1972-ci ildə isə artıq "İdrak nəzəriyyəsi və linqvistik analiz" mövzusunda doktorluq dissertasiyası Tbilisi Dövlət Universitetinin Elmi Şurasında təsdiq edilmişdir.Ancaq müəllim hər gün yeni-yeni qənaətləri və düşüncələri ilə bu mövzunu daha mükəmməl,anlaşıqlı və elmi şəkildə yenidən işləyir,tədqiq edirdi.

1970-75 illərdə Fərman İsmayılov Axundov adına APDİ-nin partiya komitəsinə sədrlik etmiş,eyni zamanda fəlsəfə kafedrasının dosenti kimi fəaliyyət göstərmişdir.Fərman İsmayılov iki dəfə Nəsimi rayon sovetinin deputatı seçilmişdir.1974-1976-cı illərdə baş elmi işçi kimi Moskvaya ezam edilmişdir.

1977-ci ildən İsmayılov elmi və pedaqoji fəaliyyətini BDU-da davam etdirməyə başlamışdır.1977-1991-ci illərdə BDU-nun fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışmış,minllərlə tələbəyə fəlsəfə elminin əsaslarını öyrətmişdir.

1991-ci ildə BDU-nun Şəki filialına direktor təyin edilmişdir.Həyatının on ilini doğma şəhərinin elmi yüksəlişinə həsr etmiş, 90-cı illərin çox çətin tarixi şəraitində ,müstəqilliyini yenidən qazanan gənc respublikanın təşkil olunmasına öz gərgin əməyi ,çalışqanlığı ,məqsədyönlülüyü və vicdanı ilə xidmət etməyə səfərbər olmuş,əyalətdə ali məktəb filialının açılması və fəaliyyəti üçün əlindən gələn hər şeyi etmişdir.BDU-nun Şəki filialı yarandığı gündən F.İsmayılov onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olmuşdur.

1996-cı ilin iyununda Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki (D.004.06.01) İxtisaslaşdırılmış Elmi Şura Fərman İsmayılova dissertasiya müdafiə etmədən fəlsəfə elmləri doktoru alimlik dərəcəsi verilməsi haqqında yekdilliklə qərar qəbul etmişdir. Bu,Azərbaycan elmi tarixində baş verən ikinci böyük hadisə idi.Keçən əsrin 30-ci illərində yalnız filosof Heydər Hüseynova göstərilən bu etimad təxminən 60 il sonra filosof Fərman İsmayılova müyəssər olmuşdur. Bu qərar da Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir.

"İdrak nəzəriyyəsi və linqvistik analiz"adlı qiymətli kitab müdafiə şurasının qərarından sonra çapdan çıxmışdır. Bir faktı xüsusilə qeyd etmək istəyirəmki, Fərman İsmayılova doktorluq elmi dərəcəsi dissertasiyaya görə yox, həmin əsərlərin əsasında dayanan konsepsiyaya görə verilmişdir.

1997-ci ilin mayında BDU-nun böyük Elmi Şurasında, habelə filialın nəzdində fəaliyyət göstərən namizədlik müdafıəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın üzvü, fılialın Elmi Şurasının sədri olmuşdur. 1997-ci ildən BDU-nun professorudur.

Fərman İsmayılov Azərbaycanda Qərb fəlsəfəsi üzrə ilk mütəxəssis, müasir Qərb fəlsəfəsi üzrə ilk elmlər doktorudur.

Professor 1999-cu ildə İstanbul Universitetində üç aylıq yaradıcılıq məzuniyyətində olmuş,Mərmərə və Beykənd Universitetlərində mühazirələrlə çıxış etmiş,professor-müəllim və tələbə heyətinin rəğbət və hörmətini qazanmışdır.

2011-ci ildə dövrümüzün fəlsəfə tarixi elminin görkəmli tədqiqatçısı, bu elmin Azərbaycanda tədris və təbliğində əvəzsiz rolu olan fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılovun"Seçilmiş əsərlərinin VI cildliyi Bakıda "Oğuz eli" nəşriyyatında çapdan çıxmışdır. "Seçilmiş əsərləri " görkəmli alimin bu vaxta qədər yazdığı əsərlərin heç də hamısını əhatə etmir.

2012-ci ildə filosof humanitar elmlər üzrə "İlin alimi" elan olunmuşdur.

Professor 20-dən çox iri həcmli monoqrafiyanın,çoxlu sayda elmi məqalələrin müəllifidir. " Müasir pozitivizm","Antikommunizm və insan problem","Müasir burjua fəlsəfəsinin böhranı(Neopozitivizm və Ekzistensializm) , "Müasir qəsb fəlsəfəsi", "XX əsr fəlsəfəsinə dair oçerklər","Zigmund Freyd", "İnsan və dünya","İdrak nəzəriyyəsi və linqvistik analiz", "XX əsr qərb fəlsəfəsi tarixi (II cilddə) "Dilin metafizikası", "Klassik psixoanalizin əsasları","Rene Dekart", "İnsan "Məni"nin fenomenologiyası,"Müqəddəs od,yaxud fəlsəfənin fəlsəfəsi" əsərlərinin müəllifidir. "Həmin əsərlərin ana xəttini bütün dövrlərin fəlsəfəsi təfəkkürünün məhəkdaşı hesab olun metodologiya təşkil edir".Fəlsəfənin əsas suallarından biri kimi İnsan nə barədə düşünə bilər, nə barədə düşünə bilməz – nə mənada mənalı danışmaq olar, nəyin absurd olduğunu dərk etdikdən sonra susmaq lazımdır. Söhbət analitik fəlsəfədə təfəkkür və dilin məhsuldar fəaliyyətinin hüdudlarının müəyyən edilməsindən gedir".

Müəllif hər şeydən əvvəl Azərbaycan oxucusunu qərb fəlsəfəsinin asas cərayanları ilə tanış edir; burada neopozitivizm, ekzistensializm, neotomizm, linqvistik analiz kimi fəlsəfi təlimlərin tənqidi şərhi verilir. Bu əsərlərdə ağlasığanlıqvə ağlasığmazlıq, mənalılıq və mənasızlıq problemi əsas aparıcı mövqe tutur. Murun, Rasselin, Vittqeynşteynin, Raylın, Vizdomun, Haydeqqerin, Yaspersin, Sartrın, neotomistlərin baxışları ilə oxucuları tanış edir.Filosofun izahına görə əgər sağlam fikir fəlsəfəsinin banisi C.E.Mur üçün ağlasığanlıq və mənalılıq adi dilin, sağlam fikrin hüdudlarıdırsa, Rassel üçün bu ağlasığanlılığın və mənalılığın hüdudlarını riyaziyyat, riyazi paradıqma müəyyən edir. Analitik filosoflar elə həmin paradıqmaya apelyasiya vasitəsilə fəlsəfədə inqilab etmək, onu təbiət elmləri kimi məhsuldar etmək niyyətini güdürlər. Eyni məqsədə ilkin Vittqenşteyn can atırdı. Lakin onun üçün artıq riyaziyyat deyil, geometriya ağlasığanlığın və mənalılığın paradıqması kimi çıxış edir. Beləliklə, "ağlasığanmənalı nədir?" sualına neopozitivistlərin cavabı belədir: məzmunu hiss üzvlərilə yoxlanıla bilən mülahizə mənalı və ağlabatandır. Fərman İsmayılov neopozitivizmin bu üç böyük nümayədəsinin fikirlərini izah edərək həm də müasir Qərb fəlsəfəsinin genezisi məsələlərinə münasibətini "Frenses Bekon", "Rene Dekart" monoqrafiyalarında şərh edir. Deməli,müasir Qərb fəlsəfəsinin genezisinin əsasında da çox aydın olmasa da, ağlasığanlıq və mənalılıq problemi yatır. Bekon üçün bu paradıqmanı tacrübə, Dekart üçün – zəka təşkil edir.

Fərman İsmayılov Qərb fəlsəfəsinin D.Murdan B.Rasselə,C.Rayldan Vitqenşteynə,Dekatdan Bekona ,Yumdan Kreykehora, müasir Qərb fəlsəfi fikrinin fəlsəfədən ədəbiyyata,riyaziyyatdan incəsənətə,linqvistikadan təbiətşünaslığa qədər bütün sahələrini əhatə edən dərki mürəkkəb "izm"lərin—neopozitivizmi, nihilizmi,praqmatizmi , empriokritisizmi,personalizmi, eksistensializmi Azərbaycan ziyalısına,aliminə,tələbəsinə,vətəndaşına izah edir,təhlil edir,elmi araşdırmalar aparır.

Ismayılovun əsərləri ABŞ-da,İngiltərədə,İranda da nəşr edilmişdir.O,uzun illərdir İranda nəşr olunan "Fəlsəfə və Psixologiya" jurnalının redaksiya heyətinin üzvüdür.

Təhsil və elmi fəaliyyətindəki uğurlarına görə o,dəfələrlə Təhsil Nazirliyinin,BDU-nun "Fəxri Fərman"ları, "Ali məktəb əlaçısı"döş nişanı ilə təltif olunmuşdur. Fərman İsmayılov APDİA-da fəaliyyət göstərən doktorluq dissertasiyası üzrə Müdafiə Şurasının üzvüdür.

Ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasında onun əməyi böyükdür. AMEA-nın fəlsəfə tarixi şöbəsinin və eləcə də humanitar elmlər üzrə fəlsəfə kafedrasınınmagistr,aspirant,doktorant və dissertantlarına, o cümlədən xarici ölkə vətəndaşlarına elmi rəbərlik edir və etməkdədir.

Fərman müəllim yalnız görkəmli filosof,pofessor deyil,o həm də dilçi və linqvistdir, natiqdir.Qərb filosoflarının elmi tədqiqatlarını onların öz dillərində ingilis və rus dillərində orijinaldan oxuyaraq tədqiq edir.O, dilçi-filosof, ədabiyyatıçı-alim,müəllim-natiq,rəhbər və işçidir.Auditoriyada akademik natiqliyin bütün prinsiplərinə əməl edən bu insan,yüksək zəka sahibi, ustad-müəllim,pedaqoq-alimdir.Düzgün,dəqiq və gözəl nitqə malikdir,auditoriyanın səviyyəsini nəzərə almaq,nitqini bu ampluada qurmaq işində peşəkardır.Nitqin intonasiyası və ritmi, jest və mimikaların ölçülü şəkildə istifadəsi ,mövzunun mahiyyəti və mətləbin izahında təfərrüatdan,yersiz uzunçuluqdan istifadə onun nitqinə yaddır. Mükəmməlliyi ilə sadə, səmimiliyi ilə bənzərsizdir.İndiki yaşında belə ruhən çox-çox gəncdir.İstənilən məsələdə insana təmkin,anlayış və nəzakət göstərə bilir.Ömər Xəyyamdan Höteyə qədər Şərq-Qərb fəlsəfi poeziyasını mükəmməl bilir.Qərblə Şərqin arasında fəlsəfi körpü salaraq ordan qərbli qiyafəsində müdrik şərqlisayağı addımlayır.

Yoluuz açıq olsun,gözəl müəllim və əziz insan. Sizə sağlam ömür, yeni yaradıcılıq uğurları arzu edirik.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs