Qəbul imtahanı qabağı və ya imtahan zamanı abituriyentlərin həyəcanlanması, stress keçirməsi hallarına daim rast gəlinir. Bu isə çox hallarda abituriyentin yüksək nəticə göstərməsinə mane olur. Bu səbəbdən də imtahana hazırlaşan şəxslər imtahanqabağı və ya imtahan günü həkim məsləhəti olmadan, kiminsə məsləhəti ilə və ya reklamda gördüyü sakitləşdirici dərman vasitələrindən istifadə etməyi qərara alırlar. Bunun isə nəticələri hər zaman müsbət olmur.
Movqe.az bildirir ki, report reklam olunan dərmanların qəbulu ilə bağlı araşdırma aparıb.
"Abituriyentlərin imtahana hazırlıq prosesində daha doğru yanaşma onlara psixoloji dəstəyin göstərilməsidir"
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov report-a bildirib ki, heç bir dərman insan düşüncəsinin dəyişməsinə kömək etmir: "Dərman müvəqqəti sakitləşdirə bilər, ancaq problemin və ya xəstəliyin arxasında duran səbəbi götürmür. Abituriyentlərin 90 faizində imtahanqabağı stress olur, bu, normal haldır. Təbii ki, bəzən bu, ciddi psixoloji problemlərə də səbəb ola bilər. Abituriyentlərin imtahana hazırlıq prosesində daha doğru yanaşma onlara psixoloji dəstəyin göstərilməsidir. Təbii ki, ailənin dəstəyi də əsasdır. Valideynlər də bu məqamlarda çox həssas, narahat olurlar və abituriyentə təzyiq edirlər. Çalışmaq lazımdır ki, ailədə gərginlik olmasın. Ailə mənəvi dayaq olmalı, uşaqda özünəinam hissini gücləndirməlidir. İmtahan verərkən nəticəni düşünmək, fikrin yayınması səhvlərə yol açır".
Psixoloq xatırladıb ki, dövlət abituriyentlərə 4 dəfə
özünü yoxlamaq imkanı yaradır: "Mayın 8-də dövlət tərəfindən təşkil
olunan son sınaq imtahanından sonra artıq abituriyentlər zəif
nöqtələrini müəyyənləşdirmiş olmalıdırlar. Abituriyentlər özləri
zəif yerlərinin tapıb, bərpa etməyə çalışmalıdırlar".
Onun sözlərinə görə, əgər narahatçılıq dərin olarsa, həkimə
müraciət etmək lazımdır: "Hazırda abituriyentlər təkrar
proqramlarını keçirlər. Günün əsas hissəsini repetitor yanında
keçirmək lazımdır, çünki evdə diqqət yayınır".
Abituriyentlərin intihara meyl göstərməsinin səbəblərini açıqlayan
mütəxəssis bildirib ki, bəzən qəbul imtahanlarına hazırlaşan
şagirdlərə qarşı evdə basqı və narahatlıq olur: "Bəzi
abituriyentlər var ki, uzun müddət hazırlığa gedir, amma
hazırlaşmayıb, müsbət nəticə göstərə bilmir. Bəzən isə abituriyent
repetitorun ödənişini evdən alsa da ödəmir və ya ümumiyyətlə,
ailəsini aldadır".
Elnur Rüstəmov qeyd edib ki, mart ayından sonra Psixologiya və
Konsultasiya Mərkəzinə müraciət edən abituriyentlərin sayında artım
qeyd olunub: "Abituriyentlər son vaxtlar psixoloqa daha çox
müraciət edirlər".
Psixoloq qeyd edib ki, reklamlarda dərmanlar qaydalara uyğun olaraq
təqdim edilməlidir: "Bilmirəm dərmanlar reklam olunarkən qaydalara
riayət olunur, ya yox? Hər halda sakitləşdirici dərman
vasitələrinin birbaşa tövsiyə edilməsi doğru deyil".
"İmtahanqabağı stressin qarşısını almaq mümkünsüzdür"
Azərbaycan Tibb Universtitetinin (ATU) Tədris-Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiriDilarə Xəlilova report-a bildirib ki, imtahanqabağı stressin qarşısını almaq mümkünsüzdür: "İnsan normalda həmin stressi yaşamalıdır. Sadəcə, uşaqlara imtahanqabağı yox, imtahandan əvvəl sedativ preparatlar təklif etmək olar. Həmin dərmanlar tormozlaşdırıcı təsirə malik olduğuna görə imtahan dövründə vermək olmur, imtahanın keyfiyyətinə təsir edə bilər. Ona görə də özü-özünü sakit etməli, öz bildiyinə əməl etməlidirlər".
Onun sözlərinə görə əgər uşaq ünsiyyətcil, özünə
qapanmayan biridirsə, həkimə inamı varsa, psixoterapevtə müraciət
etmək yaxşı təsir göstərir: "Bu, dərmansız müalicə metodikasıdır və
daha yaxşıdır".
Dərmanların reklam olunması hallarına münasibət bildirən həkim qeyd
edib ki, sedativ, sakitləşdirici dərmanların tərkibi müxtəlifdir:
"Düzdür, çoxu bitki mənşəlidir. Amma tərkibləri müxtəlif olduğundan
həkim uşağın narahatlıqlarını müəyyənləşdirib, ona dərman
yazmalıdır. Nə uşaq, nə də valideyn reklam vasitəsilə seçim edə
bilməz. Onlar şikayətlərini həkimə danışmalıdırlar, həkim onlara
dərman təyin etməlidir. Bizə elə müraciətlər də olur ki, efirdə
görəndən sonra dərmanı getdim aldım və mənfi təsir etdi. Mən həkim
kimi dərman reklamının tam əleyhinəyəm. Dərmanların reklamı qadağan
olunmalıdır. Reklamda qeyd olunur ki, bu preparat tam zərərsizdir,
heç bir əks təsiri yoxdur. Bu, mümkün deyil, hər bir preparatın əks
təsiri var. Bu səbəbdən də xəstəyə dərmanı ancaq həkim təyin
etməlidir. Həkimlərin hamısı bu cür reklamların tam
əleyhinədir".
"Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri metodları reklam oluna bilər"
Vəkil Cavad Cavadov bildirib ki, Azərbaycanda dərman vasitələrinin reklamı "Reklam haqqında" və "Dərman vasitələri haqqında" qanunlarla tənzimlənir: "Reklam haqqında" qanunun tələbinə görə, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri metodları reklam oluna bilər. Qanunvericilik həmçinin həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamında məhdudiyyətlər də müəyyən edib. Bu məhdudiyyətlərə yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək, reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək, reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək, sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq, həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq; reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək, reklam olunan dərman vasitəsini bioloji aktiv əlavə və qida əlavəsi qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək".
Vəkil qeyd edib ki, qanunvericiliyin tələbinə görə
həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamvericisi
reklam istehsalçısına və reklam yayıcısına, onların tələbi əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sertifikatın,
dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən
qeydiyyat vəsiqəsinin, dərman vasitəsindən istifadəyə dair
təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası
göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə
sertifikatının, reklamda istinad olunduqda, tədqiqatların
nəticələrini təsdiq edən sənədin surətlərini təqdim edir:
"Sakitləşdirici dərman vasitələrinin reklamı üçün əsas şərt həmin
dərman vasitəsinin həkim resepti olmadan buraxılan dərmanlar
kateqoriyasına aid olmasıdır və bu hal həmin dərmanın dövlət
qeydiyyatına alınmasına dair qeydiyyat vəsiqəsində və digər
sənədlərdə öz əksini tapır. 2015-ci il mayın 15-də yeni "Reklam
haqqında" qanun qəbul olunub, həmin vaxtadək qüvvədə olan eyniadlı
qanunun 17-ci maddəsində həkim resepti olmadan buraxılan dərman
vasitələrinin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının
rəyi əsasında mümkün idi. Yeni qanunda belə bir tələb mövcud
deyil".
C.Cavadovun sözlərinə görə, reklam olunan dərman vasitələrindən
istifadə edən şəxslər diqqətli olmalı, dərman vasitələrinin
istifadə etməmiş onun təlimatları ilə yaxından tanış olmalıdırlar:
"Yadda saxlamaq lazımdır ki, "Dərman vasitələri haqqında" qanunun
11-ci maddəsi Azərbaycanda istehsal olunan və ya ölkəyə idxal
edilən dərman vasitələrinin istifadəsi təlimatlarında olan
məlumatların məhz Azərbaycan dilində əks etdirilməsini tələb edir
və eyni qanunun 15-ci maddəsi hər bir şəxsə dərman vasitəsinin
səmərəliliyi, onun əlavə təsirləri, müxtəlif dərman vasitələrinin
birgə istifadəsi zamanı qarşılıqlı əlaqəsi, habelə təyin edilmiş
dərman vasitəsindən istifadə olunması qaydası barədə ətraflı
məlumat almaq hüququ verir".