Əlaqə Arxiv
news Image
2016.06.09
14:39
| A A A
Evakuatorların sürüdüyü avtomobillərlə bağlı-Şok iddia
Rauf Məmmədov: “Parklanma zamanı dayanmış vəziyyətdə olan avtomobilin dartılaraq evakuatora mindirilməsi zamanı avtomobilin əyləc sistemi sıradan çıxa, nasazlıqlar yarana bilər”

Azərbaycanda dayanma-durma qaydalarını pozduğu üçün evakuatorlar vasitəsilə cərimə meydançasına aparılan avtomobillərin "ABC" sistemi sıradan çıxaraq, əyləcində problemlər yaranır. Bu iddia ilə sürücülər Movqe.az saytına müraciət ediblər. Sürücü Fəxriyyə Kazımova bir müddət öncə, metronun Memar Əcəmi metrostansiyasının yaxınlığında dayanma qadağandır nişanı olmayan ərazidə, avtomobilini park etdiyini söyləyir. Onun sözlərinə görə, avtomobilin düzgün saxlanılmadığını əsas gətirərək ona məxsus avtomobil, Dövlət Yol Polisinin evakuatorları vasitəsi ilə cərimə meydança aparılıb. Sürücü bildirir ki, avtomobilini cərimə meydançasından çıxartdıqdan sonra əyləc sistemində problemlər yaranıb. Yaranmış problemlə bağlı avto təmir salonlarından birinə müraciət edən sürücüyə, təmir ustası bildirib ki, cərimə meydançasına aparılan avtomobillərin mütləq əksəriyyətinin ABC-də problem yaranır. Səbəb isə DYP-nin evakuatorlarının dayanmış vəziyyətdə olan avtomobilin tormozlanmış təkərlərini dartıb sürüməsi üzündən baş verir.  Sürücü bu faktı sığorta şirkətlərinin nümayəndələrinin də təsdiqlədiyini söyləyir. Onun sözlərinə görə, sığorta mütəxəssisləri DYP-nin evakuatorları vasitəsilə cərimə meydançasına aparılan avtomobillərin çoxunun əyləc sistemində problemlərin yarandığını söyləyiblər. Movqe.az sürücülərin bu müraciətini nəzərə alaraq, dayanma vəziyyətində olan avtomobilin tormozlanmış təkərlərinin dartılaraq evakuatora mindirilməsi zamanı, avtomobilin əyləc sisteminin, ABC-nin hansı zərər gördüyünü araşdırıb. Azərbaycan Texniki Universitenin (ATU) "Avtomobil nəqliyyatı vasitələri " kafedrasının müdiri Rauf Məmmədov sürücülərin bu iddiasının haqlı olduğunu bildirib. Kafedra müdiri qeyd edib ki, parklanma zamanı dayanmış vəziyyətdə olan avtomobilin dartılaraq evakuatora mindirilməsi zamanı avtomobilin əyləc sistemi sıradan çıxa, nasazlıqlar yarana bilər. R. Məmmədov deyir ki, çox zaman evakuator xidmətinin əməkdaşları avtomobili tormozlanmış təkərləri vasitəsilə dartırlar:" Öncə qeyd edim ki, avtomobil dayanma vəziyyətindədirsə, mütləq araba effekti ilə dartılmalıdır. Evakuator xidmətinin əməkdaşı öncə avtomobilin hansı təkərlərinin tormozlandığına diqqət yetirməlidir. Minik avtomobillərində əsasən arxa təkərlər tormozlanır. Əgər evakuator arxa təkərləri tormozlanmış avtomobili evakuatora qaldırarkən avtomobili arxa hissədən dartırsa, bu zaman mütləq əyləc sistemində nasazlıqlar yaranacaq. Evakuator xidmətinin əməkdaşı bilməlidir ki, avtomobil, təkərlər boş ox üzərində olan hissədən çəkilməlidir ki, təkərlər fırlansın. Amma çox təəssüf ki, hazırda avakuator xidmətində çalışan gənclərin çoxu naşıdır. Onların avtomobilin necə idarə olunmasından, parklanma zamanı avtomobilin hansı oxunun üzərindəki təkərlərin tormozlanmış vəziyyətdə olmasından xəbərləri yoxdur. Düşünmürlər ki, əgər avtomobilin tormozlanmış təkərləri yerə sürtülərək dartılırsa bu zaman əyləc sistemi zərər görür. Əslində avtomobilin hansı oxu üzərindəki təkərlərin tormozlandığını bilmək üçün xüsusi istedad, bilik tələb olunmur. Dartılarkən təkər yerə sürtülərək fırlanmırsa, deməli o təkərlər tormozlanıb. Həmin təkərləri yerə sürtərək, fırlanmadığı halda dartmaq yolverilməzdir. Bu zaman əlbəttə ki, avtomobilin əyləc sistemi sıradan çıxacaq".  

ATU-nun "Avtomobil nəqliyyatı vasitələri " kafedrasının müdiri Rauf Məmmədov deyir ki, avtomobilin ABC-ində yaranmış bu problem avtomobili hərəkətə gətirdikdən dərhal sonra hiss olunur: "Əgər avtomobil dartılaraq tormozlanmış təkərləri sürüməklə evakuatora mindirilibsə, əyləc sistemindəki nasazlıq avtomobili hərəkətə gətirdikdən az sonra hiss olunmalıdır. Belə halda sürücü dərhal təmir üçün avtomobil təmiri salonuna üz tutmalıdır. Əks halda ABC-də yaranmış problem qəzanın yaranmasına belə səbəb ola bilər".

Həmsöhbətimiz deyir ki, əgər sürücü avtomobilin əyləc sistemindəki problemin cərimə meydançasına avtomobil salındıqdan sonra yarandığını təsdiq edərsə bu zaman DYP-nin evakuator xidmətinin əməkdaşlarına qarşı ittiham irəli sürüb məhkəmə vasitəsilə dəymiş zərərin ödənilməsini tələb edə bilər: "Çox təəssüf ki, DYP-nin evakuator xidmətinin əməkdaşları dayanma-durma qaydalarını pozan avtomobilləri cərimə meydançasına apararkən ancaq avtomobil onlara hansı tərəfdən rahatdırsa o tərəfdən də dartırlar. Bu zaman hətta görsələr ki, tormozlanmış təkərlər fırlanmadan yerə sürtülür, buna bəzən əhəmiyyət vermirlər. Belə deyək ki, hardan imkan, şərait varsa, avtomobili o tərəfdən dartıb sürüyürlər. Bu da nəticədə avtomobillərin əyləc sistemini sıradan çıxardır. Bu səbəbdən də avtomobillərin ABC-ində proplemlər yaranır. Sürücü bu nasazlığa əhəmiyyət verməsə, problem bir az da böyüyərək, qəza anı qeydə alınır. Çünki, maneə zamanı avtomobilin ABC- 

 də yaranmış problem əyləc sisteminin vaxtında işə düşməsinə əngəl yaradır. Bu zaman sürücü idarə etdiyi avtomobili maenəyə çırparaq ikiqat zərərə düşür. Bəzən bu qəzalar insan tələfatı ilə də nəticələnə bilər. Ona görə də, DYP-nin əməkdaşları avtomobili evakuatora mindirərkən araba effektindən yararlanaraq tormozlanmayan təkərlərlə avtomobili dartmalıdır. Sürücülər isə bu cür nasazlığın yaranmasından sığortalanmadıqları üçün vaxtında avtomobil təmiri salonlarında avtomobilin əyləc sistemini müayinə etdirməlidirlər".

 ATA Sığorta Şirkətinin Hadisələr şöbəsinin avto təmir bölməsindən də bu cür halların qeydə alındığını təsdiqlədilər. Təmir bölməsindən bildirdilər ki, avtomobil neytral vəziyyətdə olmadıqda tormozlanmış təkərlərin sürtülərək dartılması avtomobilin ABC-ində problemlər yaradır: "Ona görə də, avtomobil evakuatora mindirilərkən, evakuator xidməti əməkdaşları maşının neytral vəziyyətdə olmadığını dərk edərək tormozlanmış təkərlər üstündə avtomobili dartmamalıdırlar. Bu zaman avtomobilin ABC-i sıradan çıxır".

Avtomobil təmiri ustasə Sərvər Cavadov da son vaxtlar çalışdığı avto təmir salonuna ABC-ində problem yaranmış avtomobillərin daha çox daxil olduğunu söyləyir. Həmsöhbətimiz bildirir ki, bu cür problem avtomobillər cərimə meydanından çıxarıldıqdan sonra özünü biruzə verir: "Sürücülər ABC-ində problem olan, əyləci yaxşı tutmayan avtomobilləri bizə təmir məqsədilə gətirdikdə deyirlər ki, cərmimə meydanından çıxartdıqdan sonra əyləc tutmur. Bəli, avtomobil neytral vəziyyətdə deyilsə, evakuator xidməti əməkdaşı tormozlanmış təkərlər üzərində avtomobili dartırsa, bu zaman avtomobilin ABC bloku tamamilə sıradan çıxır. Əyləcin tutmasını təmin edən sistem işləmir. Bu da qəzaya səbəb ola bilər. Əgər sürücü vaxtında problemi hiss edib təmir üçün bizə müraciət edirsə, biz problemi aradan qaldırırıq.Yox əgər sürücü əyləcin yaxşı tutmamasına məhəl qoymursa, qarşısına maneə çıxan zaman qəzanın baş verməsi qaçılmaz olur".

S. Cavadovun sözlərinə görə, bəzən avtomobillər evakuatora mindirilmək üçün tormozlanmış təkərləri fırlanmadan sürtülərək xeyli məsafə dartılır. Bu zaman da avtomobilin əyləc sistemi tamamıilə sıradan çıxır".

Bakı Şəhər Yol Polisi İdarəsindən isə bildirdilər ki, sürücü avtomobilinin cərimə meydançasına aparılarkən zədləndiyini, nasazlıq yarandığını iddia edirsə bu barədə cərimə meydançasının rəhbərliyinə məlumat verdikdən sonra ərazi üzrə yol polis idarəsinə şikayət edə bilər. Yalnız sürücünün şikayətindən sonra fakta dair araşdırma aparmaq mümkündür.



Sizin Reklam Yeriniz