Əlaqə Arxiv
news Image
2016.06.09
16:30
| A A A
ADNSU ŞHK komandası 1-ci oldu
Tələbələrimiz tamaşaçıya daha çox gülüş bəxş edib, daha çox alqış qazandılar

May ayının 30-da ADNSU-nun "AzNEFT" Şən və Hazırcavablar Komandası (ŞHK) Gənc Tamaşaçılar Teatrında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü və AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan Azərbaycan Regional ŞHK (KVN) Oyunlarının ¼ finalında uğurla çıxış edib. Oyunda müxtəlif ölkələri və universitetləri təmsil edən 12 komanda mübarizə aparıb.

ADNSU-nun komandası 13 nəfər heyətlə çıxış edib. Komandamızın hər bir zarafatı gülüş və alqışlarla qarşılanıb. ŞHK-nı "Parini İz Baku" və digər incəsənət nümayəndələrindən olan münsiflər - İlqar Nəbiyev, Yana Nikitina, İsa Məlikov, Azərbaycan KVN-nin regional liqasının rəhbəri Rəşad Əzizov, Yevgeniy Kunçis, Raqif Abbasov, Sərxan Həşimov qiymətləndiriblər. Münsiflərin qərarı və yekdil səsi ilə ADNSU "AzNEFT" ŞHK-i 1-ci yerə layiq görülüb. Komandamız kubok və sertifikatlarla təltif olunub.

"AzNEFT" komandası 2016-ci il yanvarın 1-dən İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) II kurs 606.4 qrup tələbəsi Nazim Musazadənin təşəbbüsü ilə formalaşıb. Komanda fevral ayından rektor, professor Mustafa Babanlının dəstəyi ilə artıq ADNSU-nun rəsmi ŞHK statusunda məşqlərə başlayıb. Qısa müddət ərzində komanda istənilən uğuru əldə edə bilib. "Şən və hazırcavab" tələbələrimiz öz ifalarında gəncləri şənləndirməklə yanaşı, düşündürə bilən mövzulara toxunublar və münsiflərin diqqətini çəkə biliblər.

Final oyununun payızda keçirilməsi nəzərdə tutulur. Yarışla bağlı "ADNSU Xəbərə" ətraflı məlumat verən Nazim hələ onları qarşıda iki görüş gözlədiyini və birinciliyi əldən verməmək üçün öz üzərlərində əzmlə çalışdıqlarını bildirib: "Rəqiblərimiz Rusiyadan, Gürcüstandan, eləcə də Azərbaycanın ali təhsil müəssisələrindən və ASAN xidmətdən olan təcrübəli komandalardır. Onlar güclü komanda olduqları üçün ¼ finalda tutduğumuz 1-ci yerlə kifayətlənib arxayınlaşmaq olmaz. Biz artıq yeni oyunlar üçün məşqlərə başlamışıq və növbəti qələbəmizə inanırıq. Fürsətdən istifadə edib, qəzetimiz vasitəsi ilə belə bir komandanın formalaşmasına görə bizə dəstək və dayaq olan hörmətli rektorumuza və onun müşaviri Rusif Hüseynova minnətdarlığımı bildirirəm. Komanda olaraq biz - kapitan Nazim Musazadə, Ravil Mənsimov, Əli Zeynallı, Yusif İfraimov, Zaur Şahverdiyev, Taleh Abbasov, Elşad Əzizov, Ənvər İsmayılov, Samir Məmmədzadə, Elnur Məmmədov, Gülsüm Xəlilova, Ofeliya Osmanova və Sonq Yu - bu işimizdə böyük əməkləri olan bədii rəhbər və ssenaristlər Böyükağa Əliyev və Rövşən Təhməzova təşəkkür edirik".

Sizin Reklam Yeriniz