Əlaqə Arxiv
news Image
2016.06.09
20:00
| A A A
Tiflisdə Enerji Təhlükəsizliyi Forumu keçirilib

Tiflisdə "Enerji təhlükəsizliyi: "Köhnə və yeni geosiyasi paradiqma" mövzusunda Beynəlxalq Enerji Forumu keçirilib.

 

Movqe.az-ın məlumatına görə, Azərbaycan nümayəndələrinin də iştirak etdiyi forumda Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ölkənin enerji təhlükəsizliyi, enerji sahəsində həyata keçirilən və planlaşdırılmış layihələr barədə, Gürcüstanın tranzit ölkə kimi strateji coğrafi mövqeyindən və ölkəyə yatırılan investisiyalardan ətraflı söhbət açıb.

 

Baş nazir sualları cavablandırarkən İpək Yolunun vacibliyindən və əhəmiyyətindən danışıb: "Bu yaxınlarda biz ölkədən keçən ilk tranzit layihənin 20-ci ildönümünü qeyd etdik. Bakı-Supsa qaz kəməri ilk layihə kimi Gürcüstan xəritəsində qeyd edildi. Bundan sonra Azərbaycanın, Gürcüstanın və Türkiyənin iştirakı ilə bir neçə mühüm layihələr həyata keçirilib. O cümlədən, "Bakı-Tiflis-Ceyhan boru kəməri", "Cənubi Qafqaz qaz kəməri", "Şahdəniz" layihəsi həyata keçirilib və bu layihə ilə Gürcüstana əlavə olaraq təbii qaz daxil olur. Bu enerji layihələrinə ümumilikdə 45 milyard dollar məbləğində investisiya yatırılıb. Gürcüstana birbaşa 2 milyard dollar məbləğində investisiya yatırılıb", - deyə baş nazir qeyd edib.

 

Gürcüstanın baş naziri Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan enerji təchizatı baxımından bir nömrəli strateji tərəfdaşdır.

 

Baş nazir Gürcüstanın müstəqilliyini bərpa etdikdən sonra Amerikanın regionda ən mühüm oyunçu olduğunu bildirib. G.Kvirikaşvili ABŞ-ın "Bakı-Supsa", "Bakı-Tiflis-Ceyhan" neft kəməri, "Bakı-Tiflis-Ərzrum" qaz kəməri kimi strateji layihələrə böyük töhfələr verdiyini qeyd edib. O, ABŞ-ın 25 ildir ki, Gürcüstanın strateji tərəfdaşı olduğunu bildirib. G. Kvirikaşvili ölkədən keçən enerji layihələrinin təhlükəsizliyində Amerikanın rolunu yüksək qiymətləndirib: "Regionda terrorizm təhlükəsi var. ABŞ-ın dəstəyi olmadan təhdidlərlə mübarizə mümkün deyil. Amerika Qərb ilə Şərq arasında stabil tərəfdaşdır".

 

Forumda Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze də çıxış edib.

 

Tədbir İqtisadi Siyasət Araşdırma Mərkəzi (EPRC),  Konrad Adenauer Fondu (KAS) və ABŞ-ın Gürcüstandakı səfirliyinin yardımı ilə baş tutub./apa/

Sizin Reklam Yeriniz